Xaricdə təhsil alanların DİQQƏTİNƏ! Bu diplomlar TANINMADI
Avqust ayı üzrə xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı 200 müraciətçinin 178-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 22 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bu barədə Sfera.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən xəbər verilib.
Bildirilib ki, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 7, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 6, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 4, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 81, Rusiya Federasiyasından 63, Ukraynadan 22, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 9, Gürcüstandan 6, digər ölkələrdən isə 19 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 27, hüquqşünaslıq üzrə 16, iqtisadiyyat üzrə 11, biznesin idarə edilməsi 10, stomatologiya üzrə 10 nəfər müraciətçi qeydə alınıb.