"Sertfikasiyadan keçməyən müəllim işdən azad olunmayacaq" - Nadir İsrafilov
“Müəllimlər sertifikasiyadan ilk mərhələdə keçə bilmirsə, kurslara göndəriləcək. Sertfikasiyadan keçməyən müəllim işdən azad olunmayacaq”.
Bu sözləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirdi.
Onun sözlərinə görə, son olaraq 1994-cü ildə keçirilən attestasiya son dövrdə sertifikasiya ilə əvəzlənib:
“Ötən illərdə də müəllimlərin təkmilləşməsi baş verirdi. Ona görə də sertifikasiya imtahanı keçirilməlidir. Müəllimlər öz üzərində işləməlidir... Attestasiyada müəllimlər ali, orta və yaxşı kateqoriyalara ayrılıb ki, bu da əmək haqqına təsir edib. İndi sertifikasiyada da qiymətləndirmə olmalıdır“.
Nadir İsrafilov bildirdi ki, 20-30 il məktəbdə saxta diplomla işləyən müəllim əvvəllər təkmilləşmə imtahanına buraxılmırdı:
“İndi isə bu qadağalar yoxdur. Ölkədə 22 min saxta diplomlu müəllim var ki, bunlara xaricdə təhsil alıb diplomu ölkəmizdə tanınmayan müəllimlər də daxildir”.
Növbəti sertifikasiya imtahanlarından keçə bilməyən müəllimlərin gələcək taleyinə gəlincə, ekspert bildirdi ki, istənilən qaydada müəllim sertifikasiyadan keçmirsə, onun işdən azad olunması kimi məsələlər yoxdur:
“Narahatlıq keçirməyə ehtiyac yoxdur. Sertifikasiyadan 2-ci dəfə keçə bilməyən müəllimin dərslərinə məhdudiyyət qoyula bilər. Müəllim birdən birə işdən çıxarılmır. Məsələn, Əmək Məcəlləsini pozursa və ya dəfələrlə töhmət alırsa, bu halda işdən azad oluna bilər”.
Ekspertin fikrincə, yeni yaranmış 12 regional təhsil idarələri özləri sertifikatlaşmanı keçirib nazirliyə təqdim etsə, nazirliyin işi də yüngülləşər.
“Yeni yaranmış regionlar təhsil idarələri mərhələ üzrə sertifikasiyanı keçirib Təhsi Nazirliyinə təqdim edə bilərlər - onlar öz müəllimlərini yaxşı tanıyırlar - nazirlik də baxıb təsdiq edər”.
Nadir İsrafilov əlavə etdi ki, gələcəkdə direktorlar və digər rəhbər işçilər sertifikasiyadan keçirilə bilər.