azia.az
azia.az

Təhsil sisteminin SƏRTifikasiya ÜZÜ... - NƏ BAŞ VERİR?

1-06-2022, 10:14

Təhsil sisteminin SƏRTifikasiya ÜZÜ... - NƏ BAŞ VERİR?
Azərbaycan təhsilini öldürüb sonra da vayına oturanlar millətin gələcəyi hesab olunan bu strateji sahəni təcrübə laboratoriyasına çeviriblər. Heç bir uğura imza atılmasa da, hər gün yeni bir təlim strategiyası, layihə gətirilir, xarici ölkələrin ənənələri yerli şərait nəzərə alınmadan tətbiq olunur. Nəticə isə odur ki, Azərbaycan təhsili bəzəkli məktəb divarları içərisində repititorların qolları arasında can verir, məhv edilir.
Təhsillə yaxından-uzaqdan bağlılığı olan hər kəs bilir ki, bu gün müəllimlər dəftərxana məmuru kimi o qədər yersiz sənədlər yazmaq məcburiyyətindədir ki, ən azından dərs keçməyə vaxtları və həvəsləri qalmır. Məktəblər gərəksiz sənədlər arxivinə çevrilib, qalaq-qalaq kağızlar “göz oxşayır”. Dərd orasındadır ki, guya dünyanın müasir təhsil sisteminə inteqrasiya edən Azərbaycan təhsili köhnə sovet stereotiplərindən qurtula bilmir.
Ən dəhşətli tendesiyalardan biri isə müəllim nüfuzunun kəskin zədələnməsidir. Sirr deyil ki, bu gün müəllimlər cəmiyyətin qapazaltı zümrəsinə çevrilib, bütün bəlaların səbəkarı-bir növ günah keçisi funksiyasını daşıyır. Az qala evində ailə problemlərinin də günahını məktəbdə, müəllimdə axataranların sayı durmadan artır. Vəziyyətin bu həddə gəlib çatmasında Təhsil nazirliyinin də “əməyi” az deyil. Tez-tez müəllimlərin cəzalandırılması, hətta işdən çıxarılması barəsində xəbərlərə rast gəlinir. Elə vəziyyət yaranıb ki, müəllim az qala şagirdin yanından “Bismillah”la keçmək məcburiyyətindədir.
İndi də binəva müəllimlər yeni bir “bəla”yla üz-üzə qalıblar. Müəllimlərin sertifikasiya olunması xəbərləri cəmiyyətdə və sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb. Xüsusilə test imtahanlarından sonra sertifikasiyanın ikinci turu olan müsahibə mərhələsi müəllimlərin bir xeyli narahatlıq və narazılığına səbəb olub. Müzakirələrdə daha çox bu mərhələnin qeyri-şəffaf keçiriləcəyi, müəllimləri incitmək üçün bir tələ olduğu vurğulanır.
Bir çox təhsil ekspertləri isə ümumiyyətlə sertifikasiyanın kökündən yanlış olduğu qənaətindədir. Professor Həbib Zərbəliyev bildirir ki, bütövlükdə müəllimlərin sertifikasiyaya cəlb edilməsi vaxt itkisindən başqa bir şey deyil: “Mən sertifikasiya problemlərindən bir neçə ildir uzaqlaşmışam. Amma bu prosesin özü müəllimlərin vaxtını itirməsindən başqa bir şey deyil. Yaxşı müəllim həmişə yaxşı müəllimdir, öz üzərində çalışır. Sertifikasiyada min cür hoqqalar çıxarılır. Hamısını eşidirik. Azərbaycan kiçik bir ölkədir, ona görə də hər şey hamıya məlum olur. Bunlar vaxt aparmaqdan başqa bir şey deyil. Bu nə ibtidai, nə də yuxarı sinif müəllimlərinə lazım deyil. Mənim fikrim birmənalı olaraq belədir. Əlbəttə, bu ziyanlı bir haldır. Müəllimə diplom veriblər. Müəllimin sertifikasiyaya cəlb olunması o deməkdir ki, o sertifikasiyadan keçə bilməsə ona diploma verən universiteti bağlamaq lazımdır. Müəllim ali məktəbi bitirib gəlib, orta məktəbdə nə qədər təcrübə əldə edib. Necə ola bilər ki, təcrübəli bir müəllim sertifikasiyadan keçə bilməsin? Serifikasiya keçirib müəllimləri yoxlayanların özlərini yoxlamaq lazımdır ki, görək bunu keçirməyə layiqdirlər ya yox? Adam Oksfordu bitirib gəlib və Təhsil Nazirliyində dünənki uşaq onu sorğu-suala çəkir ki, yox, hələ sən hazır deyilsən. Belə şey olar? Kiminsə adamını gətirib oturdublar orada sənin taleyini o həll edir”- deyə H.Zərbəliyev vurğulayıb.
Sertifikasiyadan sonra bir xeyli müəllimin də işdən atılacağı barədə narahatlıqlar hökm sürür. Bu barədə artıq indidən müəllimlər arasında ciddi narazılıq formalaşıb. Göründüyü kimi təhsil sistemini təcrübə laborotoriyasına çevirənlər ağına-bozuna baxmadan öz maraqları naminə cəmiyyətdə narazılıq formalaşdırmaqdan belə çəkinmirlər. Rahat kabinetlərdə oturub gündə bir eksperiment aparanlar bəlkə öz gözlərindəki tirə də baxsınlar. Yoxsa sertifikasiyanı sərtifikasiyaya çevirməklə bu qədər narazılıq formalaşdırmağa nə hacət vat ?


Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi