Milyonlarla vəsait xərclədikdən sonra kurikulumdan imtina edə bilmərik – MÜSAHİBƏ
Təhsil bir millətin gələcəyidir. Təhsilin təməli isə orta məktəblərdə qoyulur. Təəssüf ki, son dövrlərdə orta məktəblərdə yaşanan müxtəlif problemlərin şahidi oluruq. Bəzi hallarda həmin problemlər sosial şəbəkələrdə ictimailəşərək gündəmə gəlir. Problemlərin bir qismi öz həllini tapsa da, qarşıda görüləsi işlər hələ çoxdur.
Təhsil sahəsində mövcud olan problemlərlə bağlı KONKRET.az-a Azərbaycanın Təhsil Psixoloqları İctimai Birliyinin sədri Famil Səfərov müsahibə verib.
Famil Səfərov, pedaqoq
Müsahibəni təqdim edirik:
– Famil müəllim, necə düşünürsünüz, bu gün Azərbaycanın təhsil sahəsində əsas problemlər nələrdir və həmin problemlər nədən qaynaqlanır?
– 21-ci əsr əsr öz gəlişi ilə dünyaya yeni düzən gətirib. Texnoloji inkişafdakı sıçrayış insanların yaşam tərzini, məişətini və dünyagörüşünü dəyişib. Yeni doğulan insanlar fərqli psixikada və düşüncədə, fərqli enerji və dinamikadadır. Yeni nəslə əvvəlki ənənəvi təhsil sistemi ilə bilik və bacarıqlar mənimsətmək tamamilə mümkünsüz olardı. Odur ki, əksər ölkələrdə olduğu kimi, bizim ölkənin təhsil sistemində də dərin böhran yaşandı. Qərbdən yeni təhsil proqramı gətirib, hazırlıqsız, təcili şəkildə onu tətbiq etməyə çalışdıq. Lakin təəssüf ki, buna bizim nə təhsil infrastrukturumuz, nə kadrlarımız, nə də yeni şagird nəsli hazır idi.
Əlbəttə, ən böyük səhv isə bütün baş verənləri görməzdən gələrək, yanlış təhsil strategiyası seçib, təhsilin idarəedilməsini naşı, qeyri-peşəkarlara vermək oldu. Üstəlik, milyonları əhatə edən təhsil sahəsində illərlə oturuşmuş ətalətli bürokratik idarəetmə sistemini dəyişmədən islahatlar aparmaq məncə, mümkünsüz bir işdir.
Təhsilverənlərin əvvəlcədən yeni təhsil proqramına hazırlanmaması əsas problemlərdən biridir. Həmçinin, məktəb yaşının 7 yaşdan 6 yaşa endirilməsi, inklüziv və fərdi təhsilə yönəldilməli uşaqların ümumi siniflərə buraxılması, siniflərdə şagird sayının normadan xeyli artıq olması ciddi narahatlıq yaradır. Bununla yanaşı tədris prosesində pedoqoji-psixoloji problemlər var. Uşaqlara qarşı yanlış münasibət, fənlər arasında əlaqənin olmaması bütün təhsilin ən dərin problemlərindən biridir. Təhsil mövcud həyat reallığından və kontekstindən ayrılaraq qoparılıb, dərslərdə yaradıcılıq minimuma enib.
– Sizcə, kurikulum sistemi Azərbaycanda özünü doğrulda bildimi?
– Kurikulum özünü doğrultmadı. Lakin milyonlarla vəsait xərclədikdən sonra ondan imtina edib yenidən sovet təhsilinə qayıtmaq bizi bir neçə onilliklər geriyə atar. Ona görə də nə etməliyiksə, hazırkı standartlar, qaydalar üzərində etməliyik. Bunun üçün birinci növbədə cəmiyyətə və təhsil işçilərinə kurikulumun mahiyyəti aydınlaşdırılmalı, mənimsədilməlidir.
Çox təəssüf ki, kurikulumun ölkəmizdə tətbiqinə elə ilk illərdən formal yanaşıldı və ardıcıl buraxılan səhvlər nəticə etibarı ilə bugünkü uğursuzluqlara gətirib çıxardı. Buna görə də dünyanın inkişaf etmiş ölkələrində uğurla tətbiq edilən kurikulumların ölkəmizdə tətbiqinin gerçəkləşməsi bu qədər çətinliklərlə üzləşdi.
– Bu gün valideynlər və müəllimlər dərsliklərdən xeyli şikayətlənir. Dərsliklərimiz günün tələbinə cavab veririmi?
– Dərsliklər və proqramlar orta intellekt səviyyəli uşaqlar üçün tərtib olunmalıdır. Mövcud dərsliklər hədsiz gərəksiz informasiyalarla yüklənib. Saysız-hesabsız mövzular və məhfumlar var ki, onlar şagirdlərin yaş xüsusiyyətlərinə uyğun seçilməyib, yaxud sadə, anlaşıqlı formada təqdim olunmayıb. Ən başlıcası isə demək olar ki, bütün fənlər üzrə davamlılıq və varislik prinsipləri pozulub.
Madam ki, biz 12 illik təhsilə keçirik, o zaman biz mütləq və təcili olaraq yeni sadə, anlaşıqlı və müasir proqram və dərsliklər hazırlamalıyıq. Uşaqları psixoloji olaraq ümumi dünyəvi biliklərə yiyələnməyə kökləməli və şagirdlərin bu yaş mərhələsinə uyğun düzgün psixo-fizioloji və şəxsiyyət yönümlü inkişafı üçün müvafiq tədris materialları hazırlamalıyıq.
Hazırda məktəblərdə şagirdlər seçdiyi ixtisas fənlərindən başqa digər dərslərdə iştirak etmir. Onlar hazırlıq adı ilə günlərlə dərslərdən yayınır və seçmədiyi fənlərə lazımsız deyərək, onu tədris edən müəllimləri aşağılayırlar. Bu addımlar belə halların da qarşısını alar. Fikrimcə, belə yanaşmalar lazımınca dəyərləndirilsə, təhsilə olan laqeyd münasibət də dəyişər və illərdir davam edən tənəzzülün qarşısı alınar.
– Təhsil işçisi kimi məktəb psixoloqlarının fəaliyyətini necə qiymətləndirirsiniz?
– Məktəb psixoloqlarının problemləri illərdir ölkənin bütün informasiya vasitələrində dönə-dönə səsləndirilib və yəqin ki, onlar haqqında sıravi vətəndaşdan tutmuş təhsil nazirinədək hər kəs yetərincə məlumatlıdır. Hər halda, təhsildə psixoloji xidmət sahəsinin inkişafı indi zamanın tələbidir. İndiyədək bu sahəni baxımsız bir duruma salmış məsul şəxslər anlamalıdır ki, nə müasir təhsil, nə də onun başlıca subyektləri olan təhsilverənlər və təhsilalanlar psixoloji xidmətin dəstəyi olmadan keçinə bilməyəcəklər.
Ümid edirəm ki, yeni yaradılmış Regional Təhsil İdarələrində nəhayət, məktəb psixoloqlarına metodiki dəstək üçün müvafiq sektorlar yaradılacaq və onların peşə bacarıqlarının artırılması üçün vaxtaşırı təlimlər təşkil ediləcək, problemlərinin operativ həll edilməsi üçün isə lazımı işlər görüləcək.