azia.az
azia.az

Sabiq deputat Emin Əmrullayevə səsləndi: “Niyə uşaqları mənəvi şikəst edirsiniz?”

8-05-2022, 07:56

Sabiq deputat Emin Əmrullayevə səsləndi: “Niyə uşaqları mənəvi şikəst edirsiniz?”
“Hamının olmasa da, çoxlarının yadına gələr; əvvəllər ibtidai sinif müəllimləri yay aylarında qapı-qapı düşüb sinif üçün şagird toplayardı. Valideynlərə özlərini, məktəblərini tərifləyib az qala yalvararaq razı salmağa çalışırdılar. Valideynlər də çox vaxt “fors” edərdi: “yox, biz filan məktəbi, müəlliməni istəyirik” deyərək. İndi bu "islahat" adıyla ortaya atılmış "onlayn-monlayn" məsələsi çıxanda Təhsil Nazirliyindəki tanıdığım yoldaşlara zəng vurub “məsləhətləşdim”. Dedilər ki, bəs hər şey su kimi şəffaf, nə bilim, demokratik şəkildə olacaq; gedin deyilən vaxtda portaldan qeydiyyatdan keçin. Dedim ki, “a kişilər, biz 5 saniyədə 500 ev satılan məmləkətdə yaşayırıq, etməyin-eləməyin”. Məni əmin etdilər ki, bəs “bu xına, o xınadan deyil”, narahat olmayın. Əslində baş verən gerçəklikləri bilirdim. Amma söyləyə bilmirdim. Çünki deyəndə tumanlarını başlarına keçirib deyəcəkdilər ki, “bəs yalan deyirsən, özü də gözünün içinə qədər - sübut elə”. Sübut eləmək isə kiminsə səsini (videosunu) gizlincə yazıb, el dilində desək “işverənlik” etmək anlamına gəlir. Ki, onu da mən heç cavanlıqda etməmişəm, o da qala bu qoca vaxtında ola. Nə isə, vaxt-vədə yetişdi. Öz internetimə arxayın olmayıb, hərəsinə 25 manat verib 2 proqramçı da tutdum. Sonunda məlum oldu ki, 2 dəqiqəyə bütün yerlər “dolubmuş”. Və biz, o cümlədən də yüzlərlə (minlərlə) adam da qalmışıq “ofsayt”da”.



Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Etibar Hüseynov bildirib.



E.Hüseynov təhsil naziri Emin Əmrullayevə səslənib: “Azərbaycan Respublikası Təhsil nazirliyi, yoldaş gənc nazirimiz Emin Əmrullayev! Nəvəm 1 ildir ki, “Hədəf” kurslarında hazırlıq keçib, üstəgəl rəqs və rəssamlıq kurslarına da gedib. Sonunda Allahın Xırdalan məktəbinə belə qəbul olunmadı; sizin “islahatlarınız” sayəsində. İndi mən neçə vaxtdan bəri məktəbə getmək arzusuyla yaşayan, buna görə həsrətlə günləri sayan bu 6 yaşlı uşağa nə deyim? Niyə bu uşağın psixikasını elə əvvəlcədən zədələyib, ona sarsıntı yaşadırsınız? Niyə uşaqları mənəvi şikəst edirsiniz? Niyə də, niyə?”



Nadir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi