İmtahan qalmaqalı: İki məmurun savaşı, yoxsa? - NƏ BAŞ VERİR?
Dövlət İmtahan Mərkəzi (DİM) 5-6 mart tarixli buraxılış imtahanlarının nəticələrini açıqladıqdan sonra məlum olub ki, xeyli abituriyent aldığı qiymətlərdən narazıdır.
Narazılıqlar əsasən yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesindəndir. Bir çox şagirdlər açıq sualların cavablarına verilən qiymətlərin obyektiv olmadığını, aşağı bal yazıldığını iddia ediblər.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10, riyaziyyat fənnindən 7, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq tipli sual təqdim olunub.
Nəticələrdən narazı olan şagirdlər 4-6 aprel tarixlərində apellyasiya şikayəti veriblər. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 11 aprel tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 5-6 mart tarixlərində keçirlmiş buraxılış imtahanılarının nəticələrindən narazı qalan 5905 şagird qeydiyyatdan keçib.
Təhsil ekspertləri bunu rekord göstərici hesab edirlər. Bildirilir ki, son illər imtahların nəticələrindən hələ bu qədər narazılıq qeydə alınmamışdı. Təhsil eksperti Kamran Əsədov şikayətlərin gözlənilən olduğunu bildirib:
“5-6 mart tarixlərində keçirilmiş imtahanlardan sonra qeyri-qanuni olsa belə imtahan suallarını əldə etdik. Bununla bağlı Təhsil Xidmətləri Araşdırma Mərkəzi olaraq sualları təhlil etdik. Aydın oldu ki, test tapşırıqlarına müxtəlif cavabların verilməsi mümkündür. Bilirdik ki, cavabların verilməsi ilə bağlı müxtəlif problemlər olacaq. Dövlət İmtahan Mərkəzi tale yüklü ciddi imtahanların keçirilməsini həyata keçirsə də, imtahanların yoxlanılmasını o qədər də təcrübəsi olmayan markerlərə, üçüncü, dördüncü kurs tələbələrinə həvalə edir”.
Qeyd edək ki, DİM bununla bağlı açıqlamasında bildirib ki, imtahanların yoxlanılmasını bakalavrlar, deyil, magistrlar həyata keçirib.
Buraxılış imtahanlarında rekord sayda şikayətin qeydə alınması ilə bağlı gələcəkdə nəticələr ləğv edilə bilərmi? Dia.az-ın məlumatına görə, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirdi ki, ümumilikdə şikayətlərin çox olmasını normal qəbul edirəm:
“Ona görə ki, cəmiyyət olaraq inkişaf edirik və cəmiyyətin bütün təbəqələrində ölkənin təhsil siyasətində pozucu fəaliyyət göstərən DİM-ə etirazlar artıb. DİM ölkədə təhsil siyasətini pozan bir orqana çevrilib.
Təəssüflər olsun ki, DİM publik hüquqi şəxs olaraq dövlət büdcəsindən, eyni zamanda dövlətin ona yaratdığı şəraitdən böyük vəsait qazanan bir mərkəzdir. Məsələn, 5-6 manata başa gələn bir imtahanı 40-50 manata keçirən bir orqan, ölkənin təhsil siyasətimi həyat keçirən Təhsil Nazirliyinin proqram və dərsliklərinə özəl olaraq alternativ dərslik, proqram yaradan bir təşkilat ölkədə təhsil siyasətini pozur.
İldən-ilə etirazların artması onu göstərir ki, cəmiyyət artıq DİM-in fəaliyyətinə etibar eləmir. Hansısa sualda səhv, çətin olması, yoxlama prosesinin düzgün olub-olmaması başqa bir amildir. Cəmiyyət olaraq DİM-in bu pozucu fəaliyyətinin qarşısını almağın yeganə yolu, bu qurumdan test hazırlamaq səlahiyyəti alınmalıdır.
DİM, imtahanı keçirən texniki qurum olmalıdır. Ölkədə Testologiya İnstitutu yaradılmalıdır. Bu institut ya Prezident, ya da Nazirlər Kabineti yanında fəaliyyət göstərməlidir. Ona müəyyən səlahiyyətlər verilməlidir, Təhsil Nazirliyi ilə birgə vaxtaşırı monitorinqlər keçirsin. İstər buraxılış, istərsə də digər imtahanların sualları orada hazırlanmalıdır. Vaxtaşırı apardıqları monitorinqlərə görə səviyyəyə uyğun suallar hazırlanmalıdır”.
Ekspertin fikrincə, açıq tipli suallarda insan faktoru var və burada səhv ola bilər:
“Reallıq odur ki, DİM qiymətləndirməni həyata keçirən orqan yox, imtahanı verilmiş konkret testlər əsasında həyata keçirən qurum olmalıdır. Biz DİM-ə həddindən artıq səlahiyyət vermişik, TN-ə meydan oxuyur və nəticə etirabilə hansı təhsil naziri DİM-in iradəsi əleyhinə bir az tərpənən kimi sualları çətinləşdirir. Cəmiyyət müzakirə edir ki, ölkədə təhsil “öldü”. Reallıq odur ki, bu problemlər olacaq, ancaq şikayətlərin çox olması onu göstərir ki, DİM-in pozucu fəaliyyətinə artıq etirazlar bildirilir.
DİM bilir ki, məsələn, imtahanların cavablarını 3 müəllim bir-birindən xəbəri olmadan yoxlayırlar. Mən arzulayardım ki, nəticəni yox, fəsadlara yol açan səbəbləri axtaraq. Səbəb də DİM-dir ki, test hazırlamaq, vəsait buraxmaq, sınaq imtahanlarının testlərini hazırlamaq səlahiyyəti onlardan alınmalıdır.
Mən tərəfdarıyam ki, məktəb müəllimlərinin, direktorların işə qəbulu, ölkədə olan bütün imtahanlar DİM tərəfindən həyata keçirilsin. İmtahanları keçirən texniki qurum olsun. İkincisi, test hazırlamaq, vəsait buraxmaq səlahiyyətləri alınsın, xüsusi mərkəzə verilsin. Bu zaman sualların yoxlanması ilə bağlı DİM-in elə bir çətinliyi qalmayacaq, sadəcə texniki bir qurum olacaq. Cəmiyyət də belə problemlərlə üzləşməyəcək.
Qrup imtahanları ləğv edilməlidir, ixtisaslar üzrə imtahanlar keçirilməlidir, test hazırlamaq DİM-dən alınmalıdır. Bunu reallaşdırmaq qısa bir zamanda mümkündür və bu reallaşarsa, hazırkı problemlərin heç biri olmayacaq”.
Mənbə:My Webpage