azia.az
azia.az

Uşaq bağçaları ilə bağlı qeyri-müəyyənlik: nazirliyin planı varmış... - NƏ BAŞ VERİR?

4-04-2022, 16:59

Uşaq bağçaları ilə bağlı qeyri-müəyyənlik: nazirliyin planı varmış... - NƏ BAŞ VERİR?
Bir neçə məktəbəqədər təhsil müəssisəsinin işçilərindən redaksiyamıza daxil olmuş məlumatlara görə, hazırda bağçalarda məzuniyyət günlərinin müəyyənləşdirilməsi ilə bağlı qeyri-müəyyənlik hökm sürür. Belə ki, əvvəlki illərdə əməkdaşların məzuniyyət günləri ilin əvəlindən müəyyən edilsə də, bu il indiyədək bu barədə dəqiq məlumat əldə edə bilmirlər. Şikayətçilərin sözlərinə görə, bununla bağlı bağça rəhbərliklərinə müraciət etdiklərində cavab alırlar ki, onlarda hələ bu bu barədə məlumat yoxdur.

Bu istiqamətdə yayılmış bəzi məlumatlara görə isə, məzuniyyətlə bağlı dəyişiklik nəzərdə tutulur. Belə ki, məktəbəqədər təhsil müəssisələrində də məzuniyyətin məktəblərdəki kimi olacağı deyilir. Teref.az-ın məlumatına görə, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məsələ ilə əlaqədar AYNA-ya deyib ki, sözügedən şikayətlərdə yanlışlıqlar var: “Bu barədə heç bir qeyri-müəyyənlik yoxdur. Məzuniyyət vaxtı mövcud əmək qanunvericiliyi ilə nizamlanır. İşçi onun üçün ayrılmış müddətdə məznuniyyətə çıxa bilər. Ümumiyyətlə, məzuniyyətlə bağlı qaydaları müəssisə özü müəyyən edir”.

Nazirlik sözçüsü bildirib ki, hazırda işəgötürmə ilə bağlı fasilə yaranıb və bu da yaxın bir-iki ay ərzində qaydalar hazırlandıqdan sonra nizamlanacaq.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri, hüquqşünas Sahib Məmmədov AYNA-ya şərhində uşaq bağçalarında çalışanların məzuniyyət günləri barədə qeyri-müəyyənliyin idarəetmənin birdən-birə dəyişməsi ilə bağlı olduğunu söyləyib: “Ola bilsin ki, bu problem də idarəetmədəki ümumi çətinliklərin tərkib hissəsi kimi yaşanır. Bu cür problemin yaşanması əvvəlki idarəetmənin qüsurlarının indi də davam etdiyinə dair ehtimallar yaradır. Əks halda niyə hər bir müəssisə özü məzuniyyət gününü müəyyən etməsin?! Uşaq bağçalarında fəailiyyət ilboyu davam edir, amma orta ümumtəhsil müəssisələrində müəllimlər ümumi təyin olunmuş vaxtda məzuniyyətə gedir və məzuniyyətdən qayıdırlar. Ancaq inzibati heyət üçün məktəbin rəhbərliyi qrafik müəyyən edir”.

“Hazırda bilmirik ki, problem tam olaraq nədədir. Qeyd etdiyim kimi, ola bilsin, əvvəllər yuxarı qurumlarla razılaşdırıldıqdan sonra müəyyən olunurmuş, indi isə belə bir komanda verən yoxdur və bağçalar da özbaşına qərar qəbul etmir. Hər bir halda belə bir problem varsa, Təhsil Nazirliyindən təlimat verilməldir ki, qrafiki müəyyənləşdirsinlər. Nazirlik əvvəlki praktikanı öyrənməli və ona uyğun göstəriş verməlidir”, - deyə VƏHML sədri vurğulayıb.

Məmmədovun sözlərinə görə, əmək qanunvericiliyi ilə işləyən müəssisələrdə işəgötürən və həmkarlar ittifaqı komitəsi varsa, onunla razılaşmaqla məzuniyyət qrafiki müəyyən olunmalıdır: “Həmin qrafikə əsasən də işçilər məzuniyyətə çıxa bilərlər. Görünür, məktəbəqədər müəssisələr yerli icra hakimiyyətlərinin müvafiq şöbələri ilə razılaşdırma aparırmış. İndi isə Təhsil Nazirliyi bağçaları qəbul edir, amma idarə edə bilmir. Hələlik müşahidələrə görə, çox uğursuz idarəçilik var. Bütün hallarda Təhsil Nazirliyinin məzuniyyətlə bağlı mövqeyi qanunauyğundur. Uşaq bağçası hüquqi şəxsdirsə, işəgötürəni varsa, özü məzuniyyət qrafikini müəyyən etməlidir”.

Təhsil eksperti Kamran Əsədov isə AYNA-ya açıqlamasında deyib ki, məzuniyyət günlərinin müəyyən edilməsindəki gecikmə əmək müqaviləsinin müddəti uzadılmış bir çox çalışanın müqaviləsinə xitam veriləcəyi ilə bağlıdır: “Prezidentin 2021-ci il dekabr sərəncamına görə, uşaq bağçaları və körpələr evləri Təhsil Nazirliyinə verildi. Bağlanmış əmək müqavilələri iyul ayına qədər uzadılıb. Amma bu, o demək deyil ki, həmin müqavilələr müddətsizdir. Yaxın günlərdə işəqəbul prosesi, eyni zamanda attestasiya keçiriləcək və müəyyən bir qisim işdən uzaqlaşdırılacaq”.

“Qanunvericiliyin tələbinə görə, yalnız bu sahə üzrə ali və orta ixtisas təhsilli şəxslər saxlanılacaq. Məzuniyyəti ona görə indidən müəyyənləşdirmirlər ki, böyük əksəriyyətlə bağlanmış müqaviləyə xitam veriləcək və Əmək Məcəlləsinin 105-ci maddəsinə, eyni zamanda digər bəndinə görə də, məzuniyyətdə olan işçini işdən çıxarda bilməzsən. Buna görə də aprel ayının sonu, ən geci may ayında kimlərlə müqavilələrin davam edib-etməməsi, eyni zamanda da onların məzuniyyəti təsdiq olunacaq”, - deyə həmsöhbətimiz diqqətə çatdırıb.

“Sadəcə növbəlilik prinsipi var. Onlar tədris prosesi ilə deyil, təlim və tərbiyə ilə məşğuldurlar deyə məzuniyyətləri 30 gündür. Əgər onlar arasında pedaqoji fəaliyyətlə məşğul olanları varsa, onlar 56 gün məzuniyyətə çıxacaqlar. Digərləri isə dediyim kimi 30 gün və əlavə stajlarına görə məzuniyyətlərə buraxılacaqlar. Çünki təhsil müəssisələrindən fərqli olaraq uşaq bağçaları ilboyu fəaliyyət göstərir”, - deyə Əsədov fikini yekunlaşdırıb.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi