Abituriyentlər 55 manat xərcləməlidir - Qiymət niyə bahadır? - VİDEO
3-cü ixtisas qrupu üzrə keçirilən sınaq imtahanlarında iştirak üçün bəzi abituriyentlər əlavə ödəniş etməlidirlər. Çünki, coğrafiya fənnindən əlavə imtahana görə də ayrıca ödəniş tələb olunur. İmtahanlarda iştirak üçün tələb olunan ödənişlərin yüksək olması abituriyentlərin haqlı narazılığna səbəb olub. Ekspertlər deyirlər ki, sınaq imtahanlarının əlçatan olmaması abituriyentləri çətin duruma salır.
BAKU.WS xəbər verir ki, 3-cu ixtisas qrupuna hazırlaşan abituriyentlər sınaq imtahanlarında coğrafiya fənnindən əlavə imtahan üçün daha 15 manat ödəməlidirlər. Sınaq imtahanlarında iştirakın 40 manata başa gəldiyini nəzərə alsaq ümumilikdə ödənilən məbləğ 55 manata çatacaq.
Dövlət imtahan mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə "Xəzər Xəbər"ə deyib ki, imtahanda iştirak etmək üçün tələb olunan ödənişin məbləği mərkəz tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlar, onların təşkili, keçirilməsi, görülən digər hazırlıq işləri, təqdim olunan xidmətlər ətraflı şəkildə araşdırıldıqdan sonra müəyyən edilir. Mətbuat katibi qeyd etdi ki, Dövlət İmtahan Mərkəzi Nizamnaməyə uyğun olaraq əsasən imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsait hesabına fəaliyyət göstərir.
Təhsil eksperti Kamran Əsədov deyir ki, qəbul imtahanlarından fərqli olaraq sınaq imtahanları az xərc tələb edir. Onun sözlərinə görə sınaq imtahanları üçün tələb edilən məbləğ çoxdur. Təhsil eksperti bildirir ki, sınaq imtahanlarının bəzi abituriyentlər üçün əlçatan olmaması qəbul imtahanlarındaki nəticələrə də təsir edir.
Abituriyentlər də sınaq imtahanları üçün tələb olunan qiymətlərdən narazıdılar.
Qəbul imtahanlarına gəldikdə isə dövlət imtahan mərkəzindən bildirildi ki, burada qiymətlər tarif şurası tərəfindən müəyyənləşir. Hazırda bununla bağlı dəyişiklik yoxdur. Qeyd edək ki, III ixtisas qrupunda DT və ya TC altqrupu üzrə sınaq imtahanında iştirak etmək istəyənlər dekabrın 19-da Azərbaycan dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra dekabrın 26-da əlavə olaraq coğrafiya fənnindən imtahan verəcəklər.