Sınaq imtahanlarının qiyməti bahadır? RƏSMİ AÇIQLAMA
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN Radio"nun "QəbuldASAN" verilişində sınaq imtahanlarının qiymətinin baha olması ilə bağlı iddialara münasibət bildirib.
Azia.az xəbər verir ki, o, bu fikirlərlə razı olmadığını deyib.
"İnsanlar hesab edirlər ki, bu qiymətlər yalnız imtahanda təqdim olunan kitabçanın kağızının qiymətidir. Amma elə deyil. İmtahan çox mürəkkəb elmi-metodiki prosesdir. İmtahan məzmununun hazırlanması, keçirilməsi, loqistik, təhlükəsizlik və s. məsələlərin hamısı vəsait tələb edir. Təəssüf ki, müəyyən insanlar bu prosesə çox sadə baxırlar", - M.Abbaszadə vurğulayıb.
O əlavə edib ki, bəzi hazırlıq kursları DİM-in təşkil etdiyi sınaq imtahanlarına öz müəllimlərini, dinləyicilərini göndərirlər: "Onlar da imtahandan kitabçanı götürürlər və sonra həmin material əsasında intellektual məhsulumuzu istifadə edirlər. Nəticədə bəzi kurslar elmi işə heç bir vəsait sərf etmirlər".
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul üzrə sınaq imtahanının qiyməti 20 manatdır.