“Heç kim arxayın olmasın…” – Ekspert distant təhsil qərarının anonsunu verdi
“Ənənəvi təhsilə start verilməsi bunun heç də bütün il boyu davam edəcəyi anlamına gəlmir. Kimsə arxayın olmasın”.
Bunu təhsil eksperti Nadir İsrafilov deyib.
Müsahibimiz bildirib ki, hər şey vaksinasiyadan, təhsil müəssisələrində sanitar-gigiyenik qaydalara və digər təhlükəsizlik normalarına necə riayət olunmasından asılı olacaq:
“Yoluxmanın səviyyəsinə müvafiq olaraq lokal yanaşma tətbiq oluna bilər. Ayrı-ayrı siniflərin distant təhsilə cəlb olunması, ayrı-ayrı məktəblərin müvəqqəti qapanması da istisna olunmur. Bu kimi halların qarşısının alınması üçün, orta ümumtəhsil məktəblərində müəyyən məhdudiyyətlər, ali məktəblərdə müəyyən limit tətbiq edilməsi nəzərdə tutulur. Yəqin ki, yaxın vaxtlarda ictimailəşəcək “qaydalar”da bütün bu məqamlar öz əksini tapacaq”.
Ekspertin fikrincə, əyani təhsilə keçsək belə, distant təhsilə diqqəti azaltmamalıyıq:
“Teledərslərin bundan sonra da davam etdiriləcəyi birmənalıdır. Hansısa fövqaladə zərurət yaranarsa, “Virtual məktəb” platformasının imkanlarına da istinad edilə bilər. Göründüyü kimi, hər şey yoluxmanın növbəti eniş və yüksəliş tendensiyasından asılı olacaq. Bunun üçün hər hansı bir proqramın qəbul edilməsinə və ya müvafiq islahatın həyata keçirilməsinə ehtiyac görmürəm. Sadəcə olaraq, proseslərin gedişatını nəzarətdə saxlamaq, yeni çağırışlara hazır olmalıyıq”.