Nazir milyonçu məktəb direktorunun öhdəsindən gələ biləcəkmi
Koronavirus pandemiyası ilə bağlı ölkədə orta təhsil məktəblərində dərslərin dayandırılması bəzi rayon təhsil şöbələrinin rəhbərləri üçün fürsət yaradıb. Aktualxeber.az-a daxil olan məlumata görə, Gəncə Şəhər Təhsil İdarəsi orta məktəblərdə pul yığma kampaniyasına start verib. Bildirilir ki, pandemiya tətili səbəbindən işə gəlmədikləri üçün müəllimlərdən pul vermələri tələb edilir. Səbəb kimi də, onlardan online dərsləri lazımınca keçməmələri, dərslərə qoşulmamaları əsas gətirilir. Bununla da hər bir müəllimdən 30-40 və ya 50 manat “haqq” ödəmələri tələb edilir. Görünür ki, sabiq təhsil şöbəsinin müdiri Zakir Hüseynov istefa versə də onun xələfi “ənənələri” yetərincə yaşadır.
Pandemiya dövründə bəzi məktəb direktorlarının əlləri xüsusilə açılıb. Mir Cəlal Paşayev adına 39 saylı məktəb direktoru Nizami Rzayev xüsusilə fərqlənib. İlk əvvəl ibtidai siniflərə qəbul xeyli qazanc gətirib. Nizami Rzayevin əlaltısı, pulyığanı Rəna adlı bir müəllimə ibtidai sinif şagirdlərinin valideynlərilə şəxsən özü təklikdə qəbul edərək və görüşərək 50 manat pul yığıb və yığılan vəsait direktora çatdırılıb.
Yuxarıda qeyd etdiyimiz kimi onlayn dərslərə qoşulmayan müəllimlərdən də haqq istənilib.
Üstəlik bu günlərdə isə redaksiyamıza əlavə məlumatlar daxil olub ki, Gəncə şəhərindəki Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbində 180 nəfərlik müəlliminin və təqribən 100-dən çox texniki işçisinin arasında isə xeyli sayda “ölü canlı”nın olduğu ortaya çıxıb. Faktiki olaraq, belə bir böyük məktəbdə 10-12 texniki işçi var. Belə çıxır ki, digərlərinin adları var, özləri isə yoxdur. Hətta belə bir iddia da var ki, N.Rzayev hər ay onların maaşını alaraq cibinə qoyur. Gəncə şəhərində fəaliyyət göstərən Mir Calal Paşayev adına 39 saylı orta məktəbin bir qrup müəllimi və valideynləri sözügedən təhsil müəssisəsinin direktoru Nizami Rzayevin qanunsuz əməlləri ilə bağlı təhsil naziri Emin Əmrullayevə müraciət ediblər.
Bununla yanaşı, valideynlər qeyd ediblər ki, rüşvətsiz və korrupsiyasız idarəçilikdən dəm vuran Mir Calal Paşayev adına 39 saylı orta məktəbin direktoru elə də kasıb deyilmiş. Sual oluna bilər ki, bu məktəb direktorunun aylıq əmək haqqı nə qədərdir ki, o, bu qədər var-dövləti əldə etməyə nail olub? Nəzərə alsaq ki, Nizami Rzayev rəhbərlik etdiyi 39 saylı məktəbin ibtidai sinif şagirdlərinin hər birindən 100 manat, bundan əlavə məktəbdə süpürgə, pərdə və s. adlar adı altında “haqq-hesab” yığdırır, o halda onun bahalı villaya, bahalı avtomobillərə sahib olmasına təbii baxmaq lazım gələcək. Bax budur, Azərbaycanın təhsil sistemində baş alıb gedən korrupsiya və rüşvətxorluq hallarının varlığı! Görəsən Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayevin, Gəncə şəhərindəki Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbin direktoru Nizami Rzayevin bu cür əməllərindən xəbəri varmı? Axı, cənab Nazir olduqca gənc və enerjilidir. Yəni, o, bu cür çirkin addımların qarşısını almağa, lazım gəldikdə “cızından çıxan” hər kəsə, o cümlədən direktor Nizami Rzayevə də “dur” demək səlahiyyəti olan vəzifə sahibidir.
Bu yöndə araşdırmamızı davam etdirməyə çalışacağıq.