azia.az
azia.az

Mərkəzi Elmi Kitabxananın yeni layihəsi: “Qarabağ Azərbaycandır!”

30-10-2020, 14:51

Mərkəzi Elmi Kitabxananın yeni layihəsi: “Qarabağ Azərbaycandır!”

Mərkəzi Elmi Kitabxananın yeni layihəsi: “Qarabağ Azərbaycandır!”

Azia.Az xəbər verir ki, İnnovasiya bu gün təkcə iqtisadiyyat, sənaye, idarəetmə, mühəndislik və texnologiyanın yeni formalarında deyil, həm də ictimai həyatın bütün sahələrində təcəssüm olunur. İnnovativ, yenilikçi fəaliyyətin reallaşdırılması hazırda siyasət, elm, təhsil, mədəniyyət sahələrində geniş müşahidə edilir. Bütün elmi-texniki, ictimai-siyasi, ədəbi-mədəni informasiya axınının qovuşduğu kitabxana-informasiya fəaliyyətində innovasiya əvvəllər analoqu olmayan yeni metodlara, məzmun və mahiyyətə, fərqli yanaşmalara, dəyişikliklərə köklənmiş mədəniyyət hadisəsi kimi başa düşülməlidir. Sosial şərtlərə üstünlük verməklə səmərəli, məqsədyönlü kitabxana-biblioqrafiya xidmətləri isə həqiqi innovativ keyfiyyətlərin göstəricisi olmalıdır.

Bu gün Azərbaycanın böyük elm ocağı AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) öz tarixinin yeni bir dövrünə qədəm qoymaqdadır. Yeni ixtisaslaşdırılmış “açıq rəf üsulu” və məlumat-biblioqrafiya servisi ilə xidmət edən Akademiklər fondu, AMEA-nın regional bölmələri üçün yaradılmış fondlar və məlumat bazaları, “Şərqşünaslıq”, “Qərbşünaslıq”, “Azərbaycanşünaslıq” bölmə və fondları, yeni fərqli dizaynda oxu zalları istifadəçilərin ixtiyarındadır. “Azərbaycan elmi və alimləri” elektron məlumat bazaları, Azərbaycanın elm və mədəniyyət xadimləri seriyasından biblioqrafik nəşrlər, AMEA nəşrlərinin biblioqrafik salnamələri və s. tərtibi proseslərinə start verilib. Müəllif hüquqları gözlənilməklə elmi nəşrlərin virtual kitabxanasının yaradılması haqqında müqavilə tətbiq edilib. Bütün bunlar MEK-ə yenilik gətirib, istifadəçilərə isə yaradıcılıq axtarışları üçün rahatlıq, operativ və dəqiq elmi informasiya bazaları, interaktiv biblioqrafik məlumatlandırma, sorğuların onlayn ödənilməsi və s. kimi xidmətlər təqdim edib.

Yeni tipli kitabxana-informasiya institutunun yaranması ilə müşayiət olunan bu proseslərin arxasında yeni formalaşdırılmış və ziyalılarımıza xidmətə hesablanmış işçi qrupunun elmi-informativ dünyagörüşü, yüksək səviyyəli peşəkarlıq və strateji uzaqgörənliklə mükəmməl idarəetmə bacarığı dayanır. Müasir dövrün kitabxanaçıları ilk növbədə sistemli elmi analiz, ekspert funksiyalarını yerinə yetirmək bacarığına, cəlbedici və səmərəli informativ ideya məntiqinə sahib olmalıdır. Hazırda islahatların davam etdiyi MEK- də Azərbaycan elminə, ziyalılarına xidmətə interaktiv və ünsiyyətli, təşəbbüskar, peşəkar kadr potensialı cəlb edilir.

Yaşadığımız bu sevincli və kədərli, qələbə intizarlı günlərdə Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrmiz Ermənistanın hərbi təcavüzünün qarşısını almaqda, Qarabağımızı azad etməkdədir. Bu bir Vətən müharibəsidir və qələbə Qarabağ torpağının əsl sahiblərinindir. Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” qətiyyəti bu gün bütün qlobal informasiya kanallarından dünyaya səslənir. Bu adi bir nida cümləsi deyil, vətənpərvərlik, vətəndaşlıq, Vətən sevgisi, təcavüzə qarşı barışmazlıq, qəhrəmanlıq, şücaət çağırışıdır. Bu çağırışa Məkrkəzi Elmi Kitabaxana da öz fəaliyyəti və yaratdığı informativ resurslarla, “Qarabağ Azərbaycandır!” adlı yeni layihəsi ilə qoşulur.

Bildiyimiz kimi, Azərbaycan kitabxana-informasiya mühitində Qarabağla bağlı informasiya resurslarının müxtəlif aspektdə biblioqrafik siyahılar, xronikal salnamələr, göstəricilər və s. ənənəvi və elektron formatda istifadəçilərə təqdim edilib. Lakin Qarabağı elmi biliklər sisteminin bütün parametrlərində əhatə edən və ciddi elmi nəşrləri, materialları, rəsmi sənədləri, bəyənnamələri, foto və video resursları və s. əhatə edən, başqa sözlə desək Qarabağla bağlı hər suallara, sorğuya dəqiq və ciddi elmi material təqdim edə biləcək bir mərkəzə ehtiyac var idi. Bu məqsədlə, nəinki Azərbaycan, eləcə də dünyanın bir çox alimlərinin müxtəlif dillərdə Qarabağ haqqında erməni saxtakarlığını təkzib edən elmi əsərlərinin tammətnli elektron məlumat bazası və onun əsasında informasiyanın təbliği və mübadiləsi sistemini təqdim edən mərkəz yaradılıb. MEK-in təqdim etdiyi “Qarabağ Azərbaycandır!” – tammətnli elektron məlumat bazası kitabxananın malik olduğu və əldə etdiyi informasiya resursları əsasında tərtib edilib. Hazırda AMEA-nın elmi-tədqiqat instirutlarına müraciət edilib, alimlərimizin elmi tədqiqatları, yaradıcılıq məhsulları toplanaraq müvafiq şöbələrdə işlənir və bazaya əlavə olunur.

Onu da qeyd edək ki, kitabxanamız burada tətbiq edilən İRBİS-64 AKİİS məlumat bazası üzrə biblioqrafik təsvir və mətn sənədləri arasında əlaqəni tənzimləmək iqtidarındadır. Bu o deməkdir ki, e-kataloqda biblioqrfaik təsvirdən bir başa məlumat bazasının tam mətninə keçid alınacaq. İRBİS-64 məlumat bazası mexanizmlərinin istifadəsini indeksləşdirmə imkanı ilə birləşdirməyə imkan verir. Elmlərin təsnifatı sisteminə görə tərtib edilən bazanın Qarabağın tarixi, əhalisi, coğrafiyası, arxeologiyası, etnoqrafiyası, ekologiyası, yeraltı və yerüstü sərvətləri, fauna və florası, geologiyası bölmələri var. Milli informasiya ehtiyatının qorunması, inkişafı və səmərəli istifadəsi ümummilli olduğu qədər də ümumbəşəri əhəmiyyətli bir vəzifədir. “Qarabağ Azərbaycandır!” – tammətnli elektron məlumat bazasının bu mənada Azərbaycanın Qarabağ yaddaşı olacağına çalışacağıq. Qarabağlı alimlər, sənət adamlarından, ədəbi şəxsiyyətlərdən tutmuş bu gün Qarabağ uğrunda gedən döyüşlərdə vuruşan, şəhid olan hərbçilərimizə qədər çalışırıq ki, heç nə yaddan çıxmasın, heç nə unudulmasın. Çünki Qarabağ uğrunda döyüşlər hərb tariximizə də yeni bir səhifə açdı. Dünya siyasətində Azərbaycanın mövqeyi Ali Baş Komandan İlham Əliyevin simasında qətiyyətlə bildirildi, başda Türkiyə olmaqla Azərbaycanın səsinə səs verən ölkələrin, xarici diplomatların, elm və sənət adamlarının mövqeyini ortaya qoyan informasiya resursları da diqqət mərkəzimizdədir. Pandemiya dövrünün məhdudiyyətlərinə baxmayaraq baza üzərində çalışan biblioqraflarımız çoxşaxəli rejmdə işə davam etməkdədirlər. “Qarabağ Azərbaycandır!” – bu qələbəyə köklənmiş Vətənin səsidir. Biz kitabxanaçıların vətəndaşlıq borcu bu səsə, bu haraya informativ xidmətimizdir.

Qeyd edək ki, MEK-in layihəsi çərçivəsində Qarabağ münaqişəsi mövzusunda yazılarla aşağıdakı linklərdən tanış olmaq olar.

http://mek.az/article.aspx?id=6333 http://mek.az/article.aspx?id=6334


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi