Pedoqoji kollektivimə inanıram
Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi Kəlbəcər rayon 23 saylı tam orta məktəbdə də son zəng tədbiri iştirakçıların yaddaşından uzun illər silinməyəcək...
On birinciləri məktəbin direktoru Həqiqət xanım Şükürova, məktəbin müəllimləri, valideynlər, ictimaiyyətin nümayəndələri təbrik etdilər, həyatın enişli-yoxuşlu yollarında heç vaxt büdrəməməyi, qətiyyətli, dözümlü, vətənə layiq övlad olmalarını arzuladılar, dəyərli tövsiyələrini verdilər. Birincilər on birinciləri şeirlə, mahnılarla təbrik etdilər. Onların maraqlı çıxışları rəğbətlə qarşılandı, hazırladıqları proqram iştirakçılara duyğulu anlar yaşatdı.
Məktəbin direktoru Həqiqət Şükürova ilə tədbirdən sonra görüşüb söhbət etdik. O da on birincilər, onların valideynləri kimi çox həyəcanlı idi. On bir il əziyyətlərini çəkdikləri doğma şagirdlərindən ayrılmaq ona da ağır gəlirdi. -“Bu gün on birincilərin, onların valideynlərinin bayramıdır. Çox gözəl gündür. Biz şagirdlərimizə inanırıq. Əminik ki, onlar məktəbimizə başucalığı gətirəcəklər. Onlar bu günü çoxdan gözləyirdilər” deyə Həqiqət xanım söhbətə başladı. Natiq sonra qeyd etdi: “Pedaqoji kollektivimiz ölkəmiz üçün layiqli vətəndaşlar yetişdirmək üçün var qüvvəsi ilə çalışır.
Azərbaycanın bütün sahələrində olduğu kimi, təhsil sektorunda da inkişaf müşahidə olunur. Bu inkişafın əsasında isə heç şübhəsiz, Ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçən siyasi kurs dayanır. Bu gün məhz Ulu öndərin ənənələri Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Pedaqoji kolektivimiz təhsilin müasir tələblərə uyğun olan, cəmiyyətimizin indiki tələbatlarına cavab verən spesifik cəhətlərinə üstünlük verir. Qeyd edim ki, müasir dərs müəllimdən yaradıcılıq axtarışları tələb edir. Çünki məhz yaradıcı axtarışlar nəticəsində müəllim hər bir dərsini maraqlı və səmərəli qura bilər. Məktəbimizdə təcrübəli müəllimlər çoxdur.
Onların iş təcrübəsi dərindən öyrənilir və ümumiləşdirilərək başqa müəllimlər arasında yayılır. Qarşılıqlı dərs dinləməri aparılır. Onların nəticələri müzakirə olunur. Məktəbyönlü iş aparırıq, valideynlərlə tez-tez görüşlər keçiririk. Bu da heç şübhəsiz ki, öz bəhrəsini verir. Müəllimlərimiz şagirdlərin təfəkkürünü inkişaf etdirməklə yanaşı, onların söz ehtiyatlarının artırılmasını da diqqət mərkəzində saxlayır, şagirdlərə qəzet və jurnallardan istifadə etmək, nağıl və hekayələrə münasibət bildirmək bacarığı formalaşdırmağa çalışırlar. Bu məqsədlə açıq suallardan daha çox istifadə olunur. Burada məqsəd şagirdlərə müstəqil fikir yürütmək, nəticə çıxarmaq bacarıqları aşılamaqdır.
Müəllimlərimiz hər mövzunu keçərkən onun təlimi ilə yanaşı, tərbiyəvi əhəmiyyətini də diqqət mərkəzində saxlayırlar. Çalışırlar ki, keçirilən hər bir mövzu şagirdləri milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etsin. Məktəbimizdə şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirmək üçün bir çox düşündürücü çalışmaların icrasına geniş yer verilir. Bütün bunlarla yanaşı müəllimlərimiz bir çox testlər, krossvordlar, məntiqi çalışmalar hazırlayaraq dərsin müxtəlif mərhələlərində tətbiq edirlər. Bu gün inteqrasiyaya fəndaxili və fənlərarası əlaqə, müəyyən fənlərə ayrı-ayrı elm sahələrinin birləşdirilməsi kimi yanaşılır. İnteqrasiya, ümumiyyətlə, bu günki təhsilin nəbzidir. Məhz buna görə də məktəbimizdə dərs prosesində fənlərarası əlaqələrə üstünlük verilir, inteqrasiya prosesinin tətbiqi öz bəhrəsini verir”
Qeyd edək ki, Azərbaycan Təhsil sistemində ilk dəfə məhz Kəlbəcər rayon 23 saylı tam orta məktəbdə, Həqiqət xanım Şükürovanin yaratdığı və tətbiq etdiyi “Direktora məktub” adlı layihəsi həyata keçirilmişdir. Şagirdlərə məktəbdə rast gəldikləri neqativ hallar, onları düşündürən, narahat edən məsələlər barəsində məktub vasitəsilə məktəb rəhbərliyinə bildirmək imkanı verilmişdir. Şagirdlərin qaldırdıqları problemlərə çox həssaslıqla yanaşılır , xoşagəlməz hallar dərhal aradan qaldırılır. Düşünürük ki, bu layihə məktəbdə nizam-intizamın möhkəmləndirilməsində, təhsilin keyfiyyətinin yüksəldilməsində, müəllim-şagird, müəllim-valideyn, direktor-şagird-valideyn münasibətlərinin qurulmasında əhəmiyyətli rol oynayır.
Bu layihənin gələcəkdə Azərbaycanın bütün təhsil ocaqlarında həyata keçirilməsi məqsədyönlü hesab olunur və inanırıq ki, bu layihə təhsilimizin inkişafında mühüm rol oynayacaq.
Biz də öz növbəmizdə Kəlbəcər rayon 23 saylı tam orta məktəbin direktoru Həqiqət xanım başda olmaqla bütün müəllim və şagird kollektivinə daha böyük uğurlar arzu edirik. İnanıriq ki, Kəlbəcər rayon 23 saylı tam orta məktəbin kollektivi i öz üzərində daim, yorulmadan çalışacaq, tədrisdə böyük uğurlara imza atacaq.
Aydın Adıgözəlli,
“Aydın Fikir“ qəzetinin
baş redaktoru