azia.az
azia.az

Bakıda ictimai nəqliyyat vasitələri üçün xüsusi zolaqlar çəkilir

15-03-2017, 15:28

Bakıda ictimai nəqliyyat vasitələri üçün xüsusi zolaqlar çəkilir


Bakıda ictimai nəqliyyatdan istifadənin asanlaşdırılması və stimullaşdırılması üçün müəyyən küçə və prospektlərdə xüsusi hərəkət zolaqlarının çəkilməsinə başlanılıb. "Report" xəbər verir ki, ilk belə hərəkət zolağı Nəsimi rayonunun Füzuli küçəsində çəkilib.

Bu işləri həyata keçirən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bu zolaqlar ancaq sərnişin avtobusları üçün nəzərdə tutulub: "Bu zolaqlar olan küçələrdən keçən marşrut xətlərinə xidmət edən avtobuslar bu hərəkət zolağına daxil ola bilərlər. Digər nəqliyyat vasitələrinin həmin hərəkət zolağından istifadəsi qadağandır".

M.Ağayev əlavə edib ki, həmi hərəkət zolağı boyunca yerləşən məhəllələrin sakinlərinin və iş obyektlərinin sahiblərinin nəqliyyat vasitələri üçün xüsusi hərəkət nişanları quraşdırılacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə qeyd edib ki, ictimai nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı xüsusi hərəkət zolağının çəkilməsi, əlbəttə, təhlükəsizliyin təmin edilməsi ilə bağlı ən vacib şərtlərdən biridir.

"Bu gün Bakının istənilən inzibati ərasizində küçə və prospektlərdə ictimai nəqliyyat vasitələrinin hərəkətində yaranan problem istər-istəməz digər avtomobil sürücülərinin də hərəkətinə maneə yaradır. Bu cür zolaqlar həm hərəkətin təhlükəsizliyinin təmin olunması, həm də ictimai nəqliyyatdan istifadə edənlərin ləngimələrinin qarşısını almağa imkan yaradacaq. Çox güman ki, müəyyən edilmiş bu hərəkət zolaqlarına digər nəqliyyat vasitələri daxil olduqda müəyyən edilmiş inzibati tənbeh tədbirləri nəzərdə tutulur və bunu həmin sürücülər nəzərə almalıdırlar", - deyə V.Əsədov qeyd edib.

Onun sözlərinə görə, ictimai nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı tələblər öz həllini tapdıqdan sonra bu zolaqlar üzrə kənar nəqliyyat vasitələrinin cərimələnin məbləği məlum olacaq.
Qeyd edək ki, ümumilikdə Bakıda 9 küçədə bu xətlərin çəkilməsi nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi