Reket jurnalistikasının “sirrləri”
Azərbaycanda reket jurnalistlərinin sayı ifrat dərəcədə çoxdur?
Son günlər gündəmi məşğul edən mövzulardan biri də reket jurnalistlər mövzusudur. Hətta iki sayt rəhbəri reketçiliklə məşğul olduqlarına görə həbsə atıldı. Maraqlıdır, Azərbaycanda reket jurnalistikası necə yarandı və nədən Azərbaycanda reket jurnalistlərinin sayı ifrat dərəcədə çoxdur?
Birinci dalğanın başlanması
Azərbaycanda reket jurnalistikanın əsası Mətbuat və İnformasiya Nazirliyinin ləğvindən sonra başladı. Nazirlik mövcud olan zaman qəzet təsis etmək kifayət qədər ağır məsələ idi və buna görə ölkədə məhdud sayda qəzet çıxırdı. Amma nazirliyin ləğvindən sonra qəzetlərin sayı durmadan artmağa başladı. Məhz təsadüfi və məqsədli şəxslərin mətbuata axını bu zaman baş verdi. Apardığımız araşdırmalar sübut edir ki, nazirliyin ləğv olunduğu il Azərbaycanda üç ay ərzində 120 qəzet təsis edilib. Amma Azərbaycandakı peşəkar jurnalistlərin sayı məhdud idi və demək olar ki, 10 redaksiya kollektivini çətinliklə təmin edə bilərdi.
İkinci dalğanın hərəkətə gəlməsi
Reket jurnalistikası Azərbaycanda 1998-ci ildən etibarən daha ciddi şəkil almağa başladı və ilk dəfə reket jurnalistikası həm də siyasiləşdi. Çünki bu reketlərin arxasında artıq siyasi dairələr, hansısa iddiaları olan siyasi simalar dayanırdı. Xatırlayırsınızsa, məhz 1998-ci ildən etibarən, ölkədə məmurların bir-biriylə kompromat savaşına da start verildi. Artıq elə nazirlər ortaya çıxmışdı ki, hərəsinin himayəsində 4-5 qəzet var idi. Məmurlar bu qəzetlər vasitəsiylə rəqiblərini şantaja məruz qoyur və siyasi dayaqlarını gücləndirməyə çalışırdılar. Məlum qəzetlər prosesin gedişində hansısa çətinliklərlə üzləşəndə isə, sözsüz ki, himayədarlarının imkanlarından yararlanırdılar. Beləcə, jurnalistika sferasında məsuliyyət yükünü itirmə və tam xaos yaranmağa başladı. Qanuni məsuliyyətdən kənarda qalan bu sürü artıq kifayət qədər şişmiş və bəzi hallarda himayədarlarının özlərini də şantaj etməyə başlamışdılar.
Reket jurnalistikasının “sirrləri”
İnternetin gətirdiyi sonuncu dalğa
Nəhayət, Azərbaycanda reket jurnalistikanın tam kök salma və peşəkar jurnalistikanı faktiki sıradan çıxartma anı 2000-ci illərdən start götürdü. Bunun isə aşağıdakı səbəbləri varıydı:
1. İnternet resurslarından kütləvi istifadəyə start verilmiş və artıq saytlar oxucu kütləsi toplaya bilmişdi;
2. Ölkəyə gələn neft pulları və oliqarx-məmurların pul və mövqe uğrunda açıq savaşa başlamaları;
Xatırlayırsınızsa, durum o qədər ağır idi ki, yenicə prezident seçilmiş İlham Əliyev nazirlərə müraciət edərək, “Kim siyasətlə məşğul olmaq istəyirsə, istefa verib kənara çəkilsin” demişdi. Çünki artıq mətbuatda oliqarx-məmurların açıq savaşı başlamışdı və onlar reket jurnalistikanın imkanlarından sonsuza qədər istifadə edirdilər. Başqa həssas bir məqam da var idi və bu bir sıra məmurların rüşvət, korrupsiya içində boğulmaları idi. Belə şəxslər isə reket jurnalistləri üçün hazır yem idi. Məhz bu məmurlar çirkab içində olduqları üçün reket jurnalistlərin şantajı qarşısında aciz qalırdılar və ilk dəfə “aylıq” anlayışı da onda yarandı. “Aylıq” o deməkdir ki, bir çox məmurlar qorxularından hər ay hansısa reket jurnalistə konkret məbləğ verirdilər. Yeri gəlmişkən indinin özündə də bu sistem mövcuddur və əsasən, rayon icra hakimiyyəti başçıları “zərərçəkmiş” qismində çıxış edirlər.
Mətbuat Şurasının yaranması
Azərbaycanda reket jurnalistikasının artıq bütün sərhədləri aşması və nəzarətdən çıxması hakim dairələri narahat etməyə başlamışdı. Məhz buna görə qərara alındı ki, ölkədə Mətbuat Şurası yaradılsın. Şura yarandığı ilk aylarda kifayət qədər səmərəli oldu. Bir çox reket nəşrlər daha ehtiyatlı hərəkət etməyə çalışırdılar. Mətbuat Şurası isə güc nümayiş etdirmək üçün ilk vaxtlarında bir neçə mətbu orqanı qara siyahıya daxil etdi. Elə bu məqamda Mətbuat Şurasına olan inam azaldı. Çünki qara siyahıya salınan qəzetlər yenə də fəaliyyət göstərir və Mətbuat Şurası onların fəaliyyətyinə heç bir şəkildə müdaxilə edə bilmirdi. Bununla, reket jurnalistləri yenidən köhnə qaydada fəaliyyətlərini davam etdirməyə başladılar. Hətta bəzi hallarda Mətbuat Şurasının özünü belə şantaj etməyə cəhd edirdilər. Mətbuat Şurası isə daha kəskin addımların atılmasını istəyir və bunu nəşriyyatların vasitəsiylə etməyə cəhd etdi. Yəni, hansı qəzet qara siyahıya salınıbsa, nəşriyyatlar onların çapından imtina etsinlər. Amma çox maraqlıdır ki, bu günün özündə də Azərbaycan nəşriyyatı reket jurnalistlərin mərkəzinə çevrilib. Belə ki, nəşriyyatda ofis kirayələyən qəzetlərin 80 faizdən çoxu reketçiliklə məşğuldurlar.
Reket jurnalistikasının “sirrləri”
Yenə var olan reketçilik
Beləcə, Azərbaycanda reket jurnalistikası öz qara tarixini yazmağa nail oldu. Bu günün özündə də reket jurnalistikası mövcuddur və bu gün də onların arxasında oliqarx-məmurlar dayanır. Elə son həbs olunan iki baş redaktorun MTN-in keçmiş şefi Eldar Mahmudova bağlı olmaları hamıya məlumdur. /istipress.com/