azia.az
azia.az

"Poz-qazan“ lotereyalarında uduş yoxdur - TOTAL NARAZILIQ

2-04-2022, 09:13


Azərbaycanda son zamanlar “poz-qazan” lotereyaları böyük populyarlıq qazanıb. Alıcıları əsasən kasıb təbəqədən olan bu lotereya biletləri paytaxtın az qala hər bir küçəsində satılır.
"Poz-qazan“ lotereyalarında uduş yoxdur - TOTAL NARAZILIQ
Azia.az qlobal.az-a istinadən xəbər verir ki, əhali arasında daha çox məşhur olan lotereyalar “Qızıl 4”, “Şans ulduzu” və “Brilliant” lotereyalarıdır. Bu lotereyaların qiymətləri ardıcıl olaraq 1, 2 və 5 manat təşkil edir.

Artıq bir neçə gündür ki, qiyməti 10 manat olan daha bir “40 000 000 Pul Yağışı” adlı lotereya da satışa çıxarılıb. Bu biletdə maksimal uduş 200.000 manat təşkil edir.

Bəs, görəsən 90-cı illərin əvvələrində çörək növbəsinə dayanan insanlar kimi indi də lotereya almaq növbəsinə dayanan insanlar doğrudanmı bu lotereyalarda nə isə uda bilirlər?

Maraqlıdır ki, Azerlotereya rəsmi səhifəsində udulan böyük məbləğlər barədə məlumatlar versə də, çox vaxt qalib olan şəxslərin adlarını açıqlamır. Qurumun bu addımı isə əksər insanlarda şübhələr yaradır.

Azerlotereyanın feysbuk səhifəsində isə komment yazan insanların böyük əksəriyyəti lotereyada uduşların çox xırda rəqəmlərdən və az olmasından şikayətçidir.

Məsələn, Mübariz İbrahimov adlı şəxs “Azerlotereya”nın feysbuk səhifəsində 180 manatlıq lotereya aldığını və bir manat da olsun udmadığını yazır.

Zaur Asadullayev adlı feysbuk istifadəçisi isə “Azərlotereya”nın rəsmi səhifəsində satışa yeni çıxarılan “40 000 000 Pul Yağışı” lotereyalarında uduş olmadığını yazır: “Əziz xanımlar çaşıb bu lotoreyalardan almayın, yoxsa nəinki bayram hər gününüz qara gələcək, uduş zad yoxdur boş söhbətdir”.

Bədəl İsrafilov adlı feysbuk istifadəçi yazır: “Yazıq kasıb təbəqə, səhərdən-axşama kimi işləyir, axşam da evə gedəndə ilişib qalır “pozan”da, cibində də 15-20 manat pul olur, sabahısı günü yenə alır ki, bir şey çıxar, vəssalam, sonra da qalır pulsuz.”

“Azərlotereya”nın feysbuk səhifəsində “Bütün ölkədə «Pul yağışı» başladı” başlığı ilə paylaşımına yazılan şərhlərdə də xeyli insanın narazı olduğu, lotereyada aldadıqları görünür. Niyaməddin Kərimov adlı feysbuk istifadəçisi “Zəhərə qalsın 40 milyon, dünənki 100 manatım getdi, onu icad edən topal olsun, heç olmasa uduş qoyun” yazır. Tərlan Əliyev adlı şəxs isə havayı pendirin tələdə olduğunu yazır.

Ramiz İbragimov adlı istifadəçi də 5 ədəd 10 manatlıq lotereya aldığını və heç nə udmadığını yazır.

Mübariz Əsədov adlı feysbuk istifadəçisi isə qumarı ancaq oynadanın qazandığını bildirir.
"Poz-qazan“ lotereyalarında uduş yoxdur - TOTAL NARAZILIQ
Vətəndaşların lotereya biletlərində uduşların olmaması barədə iddialarına mövqe öyrənmək üçün “Azerlotereya”-dan münasibət öyrənə bilmədik.

İnsanların lotereya biletlərindəki uduşlara şübhələrin olmasına baxmayaraq, “Azerlotereya” feysbuk səhifəsində mart ayının 10-da Quba şəhər sakininin “BRİLLİANT 2” ani lotereya biletinde 10.000 manat qazandığı barədə xəbər yayıb.

Qeyd edək ki, “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu, maliyyə üzrə baş rəhbəri isə Osman Karakuşdur.

Mənbə qlobal.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi