İmtahan bitdi, rüşvət başladı?
Rayon və kəndlərə müəllimlərdən işə düzəlmələri üçün pul tələb edilir?
Bir müddət əvvəl müəllimlərin işə qəbulu üçün Təhsil Nazirliyi tərəfindən imtahan keçirildi. İmtahanda keçid balı rayonlar üçün 36, Bakı üçünsə 48 bal müəyyən edildi. Ancaq müvafiq balı yığan müəllimlər yaşadıqları rayon və kəndlərdə işlə təmin edilmirlər.
Redaksiyamıza daxil olan şikayətlərə görə, məktəb direktorları vakant yerləri müəllimlərə 3-5 min manat arasında “satır”. Bərdə rayonunda müəllimlərin imtahanda yüksək bal yığmalarına baxmayaraq, rayonda və kəndlərdə məktəbdə işə təyin edilmirlər. Vakant yer olduğu halda bir sıra məktəblər onlara müraciət edən müəllimlərə “yox” cavabı verir və ya işə qəbul üçün pul verməsini istəyirlər. Gədəbəy rayonu Qızıltorpaq kənd sakini Leyla Abdullayeva da 45 bal yığıb. Ancaq ona da kənd məktəbində vakant yerin olmadığı deyilib. Ancaq L. Abdullayeva həmin kənd məktəbində vakant yerin olduğunu iddia edir.
Maraqlıdır, rayon təhsil şöbəsinin və ya məktəb direktorunun bu cür öz başınalıqlarından Təhsil Nazirliyi xəbərdardırmı? Ümumiyyətlə, məktəb direktorunun vakant yeri satmaq haqqı varmı?
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu iddiaların gerçək olmadığını dedi: “Müəllimlərin təyin olunması üçün Təhsil Nazirliyi müvafiq olaraq imtahan aparır. Bu mərhələdə onlar test imtahanından keçir və müvafiq nəticələr toplayır. Rayonlarda keçid balı 36, paytaxtda isə 48 göstərilib. 36-dan yüksək bal toplayan müəllimlər müxtəlif regionlar üzrə 4 vakansiyanı seçə bilərlər. Bu il yenilik tətbiq olundu ki, hər bir namizəd hansı yerə düşməsini seçə bilər. Bunun da təhsil şöbələri tərəfindən gizlədilməsi, yaxud da çıxardılan vakansiyalarla bağlı onlar tərəfindən müəllimlərin təyin olunması mümkün deyil. Çünki bütün vakansiyalar Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müvafiq veb səhifəsindədir. Biz bütün ölkə üzrə ümumtəhsil məktəblərində olan vakansiyaları görürük. O vakansiyalara rayon təhsil şöbələri və ya məktəb direktorları özbaşına təyinat həyata keçirə bilməz.
Onlar ancaq bizim veb resurslarında yerləşdirilib və onu həm iddiaçılar, namizədlər görür, həm də digər şəxslər görə bilərlər. İnanmıram ki, 50 bal toplayan həmin şəxsin dediyi kimi, onun yerinə ondan daha az bal toplayan şəxs təyin olunsun. Əgər o yoxlasa görər ki, həmin yerə təyin edilən ondan daha yüksək 52-60 bal arası toylayandır. Bal limiti 60-a qədərdir. İmtahan verən hər bir şəxs öz ballarını avtomatik olaraq vakansiya yerlərinə yerləşdirir, vakansiya yerlərində də həmin ballar üzrə yer təyin edilir. Məsələn, əgər Şəkinin Kiş kəndində ədəbiyyat müəllimi üçün vakansiya yer varsa, imtahan vermiş şəxsin balı ora uyğun gəlirsə, ora keçid edə bilir. Burada insan əli ilə, yaxud da ki, subyektiv tərəflərlə nəsə etmək mümkün deyil. Çünki vakansiyalar başdan bəlli olur və iddiaçı müəllimlər də həmin vakansiyalara uyğun olaraq öz namizədliklərini verə bilirlər. Əgər bununla bağlı yenə də kiminsə şikayəti varsa, bizə müraciət edə bilər”.(musavat.com)