Təhsil Nazirliyinə şikayət edən müəllimə hədələndi
Növranə Paşayeva: “Facebook” səhifəmi şikayət edib bağlatdılar, qabağımı kəsdilər”Təhsil Nazirliyi: “Həmin vətəndaşın şikayəti araşdırılıb”
“Bizim Yol”-a müraciət edən Samux rayonu, Poylu kənd orta məktəbinin müəllimi Növranə Paşayeva iddia edir ki, Samux rayon Təhsil Şöbəsi tərəfindən rayonun mərkəzində yerləşən məktəblərin vakansiya yerləri satılır. Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimə bildirir ki, onların evlərinə yaxın məktəbdə iki vakant yer var: “Anamın səhhətində ciddi problem var. Mən bunu rəsmi sənədlərə əsasən deyirəm. O ikinci qrup əlildir. Anamın qayğıya və diqqətə ehtiyacı olduğu üçün daha yaxın məktəbdə çalışmaq istəyirəm. Söhbət Samux rayonu inistitut qəsəbə tam orta məktəbindən gedir. Mən bu məktəbi fərqlənmə ilə bitirmişəm və burada işləmək mənim arzumdur”.
Növranə Paşayeva deyir ki, iki il öncəyə qədər cəbhə bölgəsində, Gədəbəydə müəllimə olaraq işləyib: “Keçən il evimizə ən yaxın vakansiya yeri Samux rayonu, Poylu kənd orta məktəbi idi və mən bu məktəbi seçdim.
Yəni yerdəyişmə nəticəsində hazırda mən bu məktəbdə çalışıram. Bu il isə öyrəndim ki, özümün təhsil aldığım məktəbdə iki müəllim pensiya yaşına çatdığı üçün fəaliyyətini davam etdirmirlər. Yəni həmin yerlər vakantdır. Vakant yerlərdən birinə qəbul olmaq üçün Təhsil Nazirliyinə müraciət etdim. Bu ilin mayın 2-də məni nazirliyin İnsan Resursları Şöbəsinin əməkdaşı qəbul etdi. Müraciətimi araşdıracağını bildirdi. 15 gün sonra mənə nazirlikdən məktub gəldi ki, rayon təhsil şöbəsinə müraciət edin. Şöbə müdiri mənə vəd verdi ki, narahat olma, sadəcə lazımı sənədləri şöbəyə təqdim etmək lazımdır. Mən də sənədləri təqdim etdim. Yenidən müraciət edəndə Samux rayon Təhsil Şöbəsi vakant yerlərin olmadığını iddi etd. Samux rayonu inistitut qəsəbə tam orta məktəbindən Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən həmin iki müəllimin pensiya yaşına çatdığı üçün işdən uzaqlaşdığı hamıya məlumdur. Onların ümumilikdə 46 saat dərs vaxtı olub”.
Şikayətçi deyir ki, vakant yerinin gizlədilməsi ilə bağlı Təhsil Nazirliyinə müraciət edib: “Mənə qəbul şöbəsindən dedilər ki, bu işlər nazirliyin səlahiyyətində deyil. Dəfələrlə nazirliyin daxili nömrəsinə zəng etmişəm, cavab verən olmayıb. Bu günlərdə öyrəndim ki, təhsil naziri Mikayıl Cabbarov Naftalanda vətəndaşları qəbul edəcək. Avqustun 29 qəbul günüdür və mən də qəbula yazıldım. Sonra, sosial şəbəkədə problemi ictimailəşdirdim.
Bundan sonra naməlum şəxslər mənim “Facebook” səhifəmdən şikayət edib bağlatdırdılar. Bir neçə gün öncə isə minik avtomobili ilə qarşımı kəsdilər və şikayətçi olmamağı tələb etdilər”.
Vətəndaşın şikayəti əsasında Təhsil Nazirliyinə göndərdiyimiz sorğuya Samux rayon Təhsil Şöbəsi cavab verib. Cavabda bildirilib ki, vətəndaşın müraciətinə baxılıb: “Qeyd olunan məktəbdə iki müəllim yaş həddi ilə bağlı əmək müqaviləsinə xitam verilib, təqüadə çıxıblar. Həmin müəllimlərin dərs saatları digər müəllimlər arasında bölüşdürülüb. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları”na əsasən tələblər gözlənilib və dərs bölgüsü aparılıb. Yəni vakant yer yoxdur. Növranə Paşayevanın ona təziq edilməsi iddiası ilə bağlı onu bildiririk ki, əgər ona təziqlər olubsa, aidiyyatı üzrə müvafiq qurumlara müraciət etsin. Vakant yerlərin satılması iddiası ilə əlaqədar isə qeyd edirik ki, sözügedən orta məktəbdə vakant yer yoxdur”.
Ramid İBRAHİMOV