azia.az
azia.az

Ukrayna Rusiyadan dini-mənəvi bağlarını da qoparır - Moskva təlaşda!

15-10-2018, 12:59

Ukrayna Rusiya ilə mənəvi-dini bağlarını qoparmaq istəyir, bu səbəbdən İstanbul Fənər patriarxından Ukrayna kilsəsinə avtokefaliya, yəni müstəqillik verilməsini tələb edir
Hazırda Ukrayna kilsəsi Moskva patriarxlığına tabedir və ruslar bundan öz siyasi məqsədləri üçün istifadə edirlər. İstanbul patriarxı I Varfolemey Ukrayanın istəyini müsbət cavablandırıb. Yaxın vaxtlarda bununla bağlı qəti qərarın veriləcəyi gözlənilir. Buna görə Ukrayna kilsəsini Moskvaya bağlayan 1686-cı ildəki sənəd ləğv oluna bilər.

Musavat.com xəbər verir ki, Ukraynanın bu addımı Rusiyada ciddi təhdid kimi qəbul olunub. Məsələ o həddə gəlib çatıb ki, prezident Vladimir Putin Novo-Oqaryovodakı rezidensiyasında Təhükəsizlik şurasının xüsusi iclasını keçirməli olub. Toplantıda baş nazir Dmitri Medvedev, daxili işlər naziri Vladimir Kolokolstev, xarici işlər naziri Segey Lavrov, müdafiə naziri Sergey Şoyqu, FTX direktoru Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iştirak ediblər.

Bundan daha öncə isə Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna pravoslav kilsəsinə avtokefaliya məsələsini artıq bitmiş hesab etdiklərini deyib. Rusiya pravoslav kilsəsinin patriarxı Kirillin mətbuat katibi Aleksandr Volkov İstanbul Fənər patriarxlığının qərarını qanunsuz hesab etdiklərini bildirib və bunu Ukraynadakı rus kilsəsini ziyarət edənlərə qarşı qəsd adlandırıb. Öz növbəsində Poroşenko vətəndaşların hansı kilsəni tərcih etmələrində sərbəst olduğunu vurğulayıb və istənilən hüquqa hörmətlə yanaşacaqlarını deyib.

“Bu, Ukraynanın tanrısevər xalqının Moskva şeytanları üzərində böyük qələbəsi, xeyrin şər, işığın qaranlıq üzərində zəfəridir”, Poroşenko təntənə ilə bəyan edib.

Rusiya isə məsələyə sakitliklə reaksiya verməyəcəyini indidən hiss etdirib və hətta üstüörtülü şəkildə hər cür müdaxiləyə hazır olduğunu çatdırıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ukraynanın rusdilli pravoslavların hüquqlarını hər zaman müdafiə edəcəklərini sölyəyib. Bununla Peskov Ukrayna radikallarının guya rus kilsələrinə hücum edəcəyi barədə xəbərlərə dövlət səviyyəsində reaksiya vermiş olub. Ukraynada isə Peskovun bəyanatına Moskvanın Ukraynaya hərbi müdaxilə həyata keçirmək bəhanəsi kimi baxılır.

Hazırda Ukraynada 3 pravoslav kilsəsi fəaliyyət göstərir. Bunlardan ən böyüyü Moskvaya tabe olan Ukrayna pravoslav kilsəsidir. Digər ikisi, Kiyev patriarxlığı və Ukrayna avtokefal pravoslav kilsəsi isə Moskva tərəfindən qəbul olunmur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi