Azərbaycan-Ermənistan sülh danışıqlarında tərəflər sazişin böyük bir hissəsini razılaşdırdıqlarını, eyni zamanda hələ də razılaşdırılmamış maddələrin olduğunu bildirirlər. Tərəflər arasında mütəmadi olaraq sülh sazişi ilə bağlı təkliflər paketini mübadiləsi aparılır. Ermənistan rəsmiləri bildirir ki, sazişin 16 maddəsindən 13-ü üzrə razılıq əldə olunub. Azərbaycan rəsmiləri də sazişin 80 faizinin razılaşdırıldığını bildirir. Ancaq tərəflərin verdikləri açılamlarda mövqe fərqləri aydın şəkildə ortaya çıxır. Bu, həm kommunikasiyalara nəzarətlə bağlı yanaşmalarla, həm də qanunvericilik aktlarında təsbit olunmuş məsələlərlə bağlıdır.
Bəs mövcud vəziyyət sülh prosesini təxirə sala bilərmi?
Mövzu ilə bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov və millət vəkili Arzu Nağıyev Sputnik Azərbaycan-a danışıblar.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, görünən odur ki, indiki mərhələdə Ermənistan razılaşdırılmamış bəndlərin sazişdən çıxarılmasını istəyir. Diplomat bildirir ki, belə olduğu təqdirdə yekun sülh sazişi ola bilməz:
"Gələcək sülh prosesi üçün mövcud mübahisəli məqamlar mütləq həllini tapmalıdır. İndi hamı başa düşür ki, Ermənistan konstitusiyanı dəyişmək istəmir, bunun üçün də müxtəlif səbəblər gətirir. Ancaq çərçivə sülh sənədində öhdəliklər götürülməlidir. Ermənistan öhdəlik götürməlidir ki, gələcək sülh prosesinə mane olan hüquqi aktları aradan qaldıracaq. Bu da çərçivə sülh sənədində təsbit olunmalıdır. Ermənistan isə nə öhdəlik götürmək istəyir, nə də Konstitusiya aktını dəyişmək istəyir".
Tofiq Zülfüqarov qeyd edib ki, digər bir vacib mövzu sərhədlərlə bağlıdır:
"Sərhədlərin müəyyən edilməsi delimitasiya və demarksiya prosesi başa çatdıqdan sonra gələcəkdə baş tutacaq prosesdir. Tərəflər öhdəlik götürməlidir ki, gələcəkdə müəyyən ediləcək sərhədlərə hörmətlə yanaşacaqlar. Ermənistan elə fikirləşirdi ki, Alma-Ata bəyannaməsi guya Azərbaycan-Ermənistan sərhədlərini ifadə edir. Onlar sonradan bunu başa düşdükləri üçün 1975-ci il xəritələrinə müraciət etməli oldular".
Onun sözlərinə görə, çərçivə sülh sənədində siyasi məsuliyyət məsələsi də təsbit olunmalıdır:
"Uzun illər ərzində iki ölkəyə və onların xalqına vurulan ziyanın məsuliyyətini kimin daşıması da müəyyənləşməlidir. Hər bir sazişin təməlində beynəlxalq qanunvericilik dayanır. Hansısa saziş tərəflərin ona riayət etmək istədiyi müddətdə qüvvədə olacaq. İstənilən zaman tərəflər sazişdən, sənəddən imtina edə bilər. Azərbaycan güclü olacaqsa, Ermənistanın istənilən ərazi iddiası məhvə məhkumdur. Bu, Azərbaycanın yeganə təminatıdır".
Millət vəkili Arzu Nağıyev hesab edir ki, sülh üçün ən vacib məsələ Ermənistan konstitusiyasına dəyişlikliyin edilməsidir:
"Bu, Azərbaycanın Ermənistan qarşısındakı əsas tələblərindən biridir. Hazırkı şəraitdə Ermənistan üçün sülhün bərqərar olması arzuolunmazdır. Onlar status-kvonu saxlamaq istəyirlər, çünki müstəqil siyasət yürütmürlər. Bu gün sülh sazişi ilə bağlı Ermənistan rəsmiləri tərəfindən verilən ikibaşlı açıqlamalar əslində mövcud reallıqlardan diqqəti yayındırmaq cəhdidir. Faktiki olaraq Azərbaycana qarşı ərazi iddiaları var. Bu iddialar bizimlə sülh danışıqları aparan ölkənin müstəqillik bəyannaməsində təsbit olunub. Sabah Paşinyan hakimiyyətinin yerinə gələcək istənilən revanşist qüvvə əsas qanunvericilik aktına istinad edib yenidən ərazi iddiası ilə çıxış edə bilər. Bu halda sülh sazişi də qüvvədən düşmüş olacaq. Bizim istəyimiz odur ki, imzalanacaq sülh sazişi qalıcı olsun, regiona gerçək sülhü gətirsin".
Millət vəkili qeyd edir ki, separatçı qüvvələrin Ermənistanda nümayəndəliyi olduğu müddətdə, sülh sazişinin imzalanması ilə bağlı proseslər revanşistlər və keçmiş Qarabağ klanı tərəfindən idarə olunacaq:
"Separatçılar İrəvanda oturublar, gündə bir bəyanatla çıxış edirlər. Rəsmi İrəvan separatçıların ipini yığmalı onları sərsəm bəyanatlar verməkdən çəkindirməlidir".
Arzu Nağıyev hesab edir ki, sərhəd bölgəsində atəşkəsin pozulması da Ermənistan tərəfindən planlanmış şəkildə həyata keçirilir:
"Onlar bununla göstərmək istəyir ki, sülhün imzalanması üçün zəmin yaranmayıb. Sülh sazişi ilə bağlı bəndlərin razılaşdırılmamasını gündəmə gətirirlər. Paşinyan Azərbaycanın Ermənistan ərazi iddiasının olması ilə bağlı son bəyanatı da absud məsələdir. Azərbaycan beynəlxalq hüquq çərçivəsində digər addımlar da ata bilər. Qərb də bu prosesin uzanmasında maraqlıdır. Paşinyan hakimiyyəti də daxili və xarici auditoriya üçün bu cür açıqlamalar verir.".
Arzu Nağıyev vurğulayıb ki, regionda sabitliyin və rifahın mövcud olması, onun iqtisadi potensialının tam şəkildə istifadəsi üçün problemli məqamlar tezliklə həllini tapmalıdır.