azia.az
azia.az

Hüquq müdafiəçiləri Novella Cəfəroğlunun müdafiəsinə qalxdılar

6-09-2022, 16:49

Hüquq müdafiəçiləri Novella Cəfəroğlunun müdafiəsinə qalxdılar
Müsavat Partiyasının bəzi üzvləri hüquq müdafiəçisi Novella Cəfəroğlunu və Müsavat Partiyasının başqan müavini, tanınmış vəkil Osman Kazımovu Laçının işğaldan azad olunması ilə bağlı Cənab Prezidentə təşəkkür ediblər.

Bu təbriklərinə görə onların partiyalardan çıxarılması tələbi qoyulub.

Məsələ ilə bağlı Demokrat.az-a Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə müsahibə verib:

- Çingiz bəy, son günlər hüquq müdafiəçisi Novella Cəfəroğluna, eyni zamanda Müsavat partiyasının başqan müavini, tanınmış vəkil Osman Kazımova qarşı hücumlar var. Onların Müsavat partiyasından çıxarılması məsələsi gündəmə gəlib. Bununla bağlı Novella xanım da son iki gündə çox kəskin müsahibələr verib. Ümumiyyətlə, nə baş verir?

Haqlısınız, bu günlərdə sosial şəbəkələrdə Müsavat partiyasının ayrı-ayrı üzvləri tərəfindən Müsavat Partiyasının başqan müavini, tanınmış vəkillərdən biri olan Osman Kazımovun və Müsavat partiyasının üzvü, həyatının 30 ilindən çoxunu hüquq müdafiəçiliyinə həsr etmiş Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvü Novella xanım Cəfəroğlunun Müsavat partiyasından çıxarılması ilə bağlı çağırışlar yer almışdır. Təbii ki, biz partiyaların daxili işlərinə qarışmırıq. Amma, harada və hansı təşkilatlarda olmasından asılı olmayaraq insanların hüquq və azadlıqlarının pozulmasına biz biganə qala bilmərik. Burada Osman müəllimin və Novella xanımın söz və fikir azadlığına qarşı bolşevikcəsinə bir hücum görünür. Qeyd edim ki, Osman müəllim özü Qarabağlıdır və onun hissləri ona qarşı çıxanlardan fərqlidir. Qeyd edim ki, Osman müəlllim həyatının böyük hissəsini müsavatçıların və digər müxalifətçilərin məhkəmələrdə müdafiəsinə keçmişdir. Əgər onların hər zaman müdafiə isə ilə məşğul olan bu şəxslərə qarşı bu cür aqressivlik göstərilirsə, onda görün partiyanın digər sıravi üzvlərinə münasibət bu partiyalarda hansı formadadır?! Dünən bizim Novella xanımla da görüşümüz oldu. O qeyd etdi ki, Müsavat partiyasının rəhbərliyindən heç kim ona qarşı olan bu çağırışlara qarşı çıxmamış, heç kim ona zəng etməmiş və onunla bağlı öz mövqeyini bildirməmişdir. Bilirsiniz, Novella xanım bütün həyatını hüquq müdafiə işinə ayırıb. Novella xanımla bərabar Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunda Səidə Qocamanlı , Səadət Bənayarlı, Arzu Abdullayeva kimi tanınmış hüquq müdafiəçiləri də var. Mən də monitorinq qrupunun üzvü olaraq qeyd edim ki, biz ölkədə ictimai-siyasi proseslər dövründə həmişə haqqı, hüququ pozulanların yanında olmuşuq. İndi gəlin baxaq, bu tanınmış iki simanın suçu nədir? Osman Kazımov sosial şəbəkə vasitəsilə Laçın şəhərinin, eləcə də Zabux və Sus kəndlərinin işğaldan azad edilməsi və Azərbaycan Ordusunun nəzarəti altına keçməsi ilə əlaqədar olaraq paylaşım edib. Azərbaycan Ordusuna, onun Ali Baş Komandanı İlham Əliyevə təşəkkür edib. Novella xanım isə bundan əvvəlki müsahibələrində ümumiyyətlə, Qarabağın işğaldan azad olunması münasibətilə prezientə, ordumuza təşəkkürlərini bildirmişdir. İndi ittihamlardan biri də odur ki, Novella xanımın ölkədəki ictimai-siyasi fəaliyyətinə Cənab Prezident yüksək dəyər verərək, onu Şöhrət Ordeni ilə mükafatlandırlb. Yeri gəlmişkən qeyd edirəm ki, monitorinq qrupunun üzvləri Səadət xanım Bənayarlı, Səidə xanım Qocamanlı da iki il bundan öncə Şöhrət Ordeni ilə mükafatlandırılmış və təltif edilmişdir. Mən də 2017-ci ildə Cənab Prezident tərəfindən Şöhrət Ordeni ilə təltif edilmişəm. Bizim mövqeyimiz həmişə dialoq və masa arxasında əyləşmək, məsələləri sülh yolu ilə həll etmək olub. Problemləri xaricə çıxartmaq, xaricdən bəyanatlar əldə edib ölkəyə təzyiq etmək biz hüquq müdafiə təşkilatlarının iş metodu olmayıb. Bizim əldə etdiyimiz nəticələr də saysız-hesabsızdır, uğurlarımız da saysız-hesabsızdır. Ona görə də, hesab edirəm ki, ictimai rəydə Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupuna olan münasibət olduqca yüksəkdir. Qeyd edim ki, biz Osman Kazımovun və Novella Cəfəroğlunun müdafiəsi ilə bu gün Hüquq müdafiə Təşkilatlarının Monitorinq adından bəyanatla çıxış etmişik.

- Əslində “demokratiya uğrunda mübarizə aparırıq” deyən siyasi partiyaların tərkibində daxilində bu cür yanaşmalara nə ad vermək olar? Axı, demokratiyadan danışan bir qurumun vətəndaşa verilmiş hüquqlarının pozulmasına yönələn bu cür çağırışları necə başa düşək?

Bilirsiniz, siyasi müxaliflik olmalıdır. Ölkədə müxalif partiyaların olması vacibdir və bu, təbii ki, hakimiyyətdə olanlarla müxalifətdə olanlar arasında müəyyən məsələlərin qabardılması, hakimiyyətdə olan müəyyən boşluqların idarəçilikdə və digər sahələrdə rüşvət, korrupsiya və s. ilə bağlı məsələlərin müxalifət tərəfindən qaldırılması doğrudur və bu, təbii ki, cəmiyyətin saflaşmasına xidmət edir. Amma, müxalifətdə olub iqtidarın uğurlarını həzm etməmək, ağa qara demək, qaraya ağ demək və ən vacibi, ən təsirli bir məsələ olan milli məsələdə, dövlət məsələsində, milli maraqlar məsələsində iqtidarın uğurlarını görməmək, sevinməmək, mən elə hesab edirəm ki, bunun heç bir normal adı yoxdur. Bu normal başa düşülən deyil və tənqidə layiqdir. Baxın, 30 il torpaqlarımız işğal altında qaldı. Bu torpaqların işağldan azad olunması missiyası bugünkü Azərbaycan ordusuna və Ali Baş Komandana müyəssər oldu. Onlar torpaqları işğaldan azad etdilər. İstər müxalifət ol, istər heç bir siyasi partiyanın üzvü olmadan belə bu uğurlara görə necə Azərbaycan Ordusuna, Ali Baş Komandanına təşəkkür etməmək olar?! Bu, müxalifətçilik deyil, düşmənçilikdir. Adam gərək düşmənçiliyi də kişi kimi etsin! Bizim 44 günlük müharibədən sonra nə baş verdi? Nə Müsavat Partiyasının rəhbərliyi səviyyəsində, nə Xalq Cəbhəsinin rəhbərliyi səviyyəsində, nə Vətəndaş və İnkişaf Partiyasının rəhbərliyi səviyyəsində, nə Milli Şura adlandırılan qurum səviyyəsində ölkəmizin bu uğurlarına sevinc hissini kifayət qədər görə bilmədik. Ən azı onların bu sevincinin paylaşmaqlarının şahidi olmadıq. Ordumuza, Ali Baş Komandamınıza bununla bağlı heç bir təbrik və təşəkkürün şahidi ola bilmədik. Bu, necə ola bilər? Buna sevinməməmiyin adı nədir? Hesab edirəm ki, oxucularımız özləri bunun adını tapacaqlar. Amma bu cür partiyalarda belə yanaşma və bu cür bolşevikcəsinə yanaşma, insanların fikir və söz azadlığına hörmət edilməməsi təbii ki, bu partiyada artıq mənəm mənəmliyə və diktaturaya gətirib çıxardan bir haldır. Ona görə də, Vətəndaş və İnkişaf Partiyasında son vaxtlar xeyli sayda istefalar var, ayrılmalar var. Oradan ayrılan insanlar tərəfindən yeni qurumların yaradılmasını görürük. Əgər hər bir partiya rəhbərləri özünün sıravi üzvlərinin fikir və azadlıqlarının, fikir və sözlərinə hörmətlə yanaşmaq istəmirlərsə, təbii ki, bu partiyalarda hər hansı bir uğurun şahidi ola bilmərik. Nəticədə şəxsiyyətə pərəstiş formalaşacaq və partiya sıraları yavaş-yavaş seyrəkləşəcək və partiyaların özləri özlərinə problemə çevriləcək. Bu baxımdan partiyalarda baş verənlər mənə elə gəlir ki, onlar üçün ürəkaçan deyil, sağlam müxalifət üçün də ürəkaçan deyil. Bilirsiniz, biz həmişə rüşvətə, korrupsiyaya qarşı hədəflərimizi hakimiyyətdə təmsil olunan məmurlara yönəltmişik. Amma son baş verən hadisələr onu göstərir ki, artıq bizim hədəflərimiz dəyişməlidir, onun yönü dəyişməlidir. Biz həm də müxalifət partiyalarında nə baş verdiyini araşdırıb, cəmiyyətə çatdırılmasının zamanının çatdığını qeyd edirik. Çünki bu partiyalar da cəmiyyətin bir hissəsidir. Bu partiyalarda nə baş verdiyini araşdırıb, cəmiyyətə çatdırmaq mənə elə gəlir ki, hər birimizin borcudur və bu, əslində partiyaların saflaşmasına, həm cəmiyyətdə bu partiyalara olan münasibətlərin normal formalaşmasına gətirib çıxara bilər. Biz cəmiyyətimizdə sağlam müxalifətin olmasının tərəfdarıyıq, amma iqtidarın uğurlarına sağol demədən, bu uğurların içərisində qara axtarmaq, onu sevməmək təbii ki, yolverilməzdir. Bunu isə pisləyirik və qətiyyətlə rədd edirik.

- Radikal müxalifət deyilən bu təşkilatların, partiyaların iqtidara bu cür münasibətinin kökləri nədir, səbəbləri nədir? Bunun daxilində nə var ki, onlar bu uğurları qəbul edə bilmirlər?

Bilirsiniz, müxalifət partiyaları hakimiyyətə doğru can atırlar və müxtəlif vasitələrlə onlar hakimiyyətdə təmsil olunmaq, hakimiyyətə gəlmək istəyirlər. Ona görə də, siyasi rəqiblərini hər bir imkan düşdükdə gözdən salmağa çalışırlar. Əgər qüsurları varsa, hakimiyyətdə bunu qabardırlarsa, bu, təbii ki, düzgündür və etik formada və qanundan kənar olmadan bu məsələləri ictimailləşməsi, cəmiyyətə çatdırılması, bu partiyalara təbii ki, uğur gətirə bilər. Amma, siyasi rəqibinin uğurlarına sevinməmək, onu qısqanmaq ondan irəli gəlir ki, bu uğurlara imza atmış rəqibin reytinqi qalxdıqca, onlar bundan narahat olurlar. 44 günlük müharibədən sonra, eyni zamanda müharibə dövründə Cənab Prezidentin xarici kütkəvi informasiya vasitələrinə vermiç olduğu 30-dan çox müsahibələrdən sonra yəqin ki, bu partiyalar kiminlə rəqib olduqlarını bir daha düşünüblər və aralarındakı fərqləri də kifayət qədər böyük olduğunu görüblər. Bu baxımdan Cənab Prezidentin belə bir möhtəşəm uğurunu həzm edə bilmirlər. Çünki Cənab Prezidentin artan retinqi 44 günlük müharibədən sonra daha da kəskin sürətdə artmış və mənə elə gəlir ki, güclü bir liderə çevrilmişdir. Bax bunu həzm edə bilmirlər ki, bizim siyasi rəqibimiz niyə Qarabağı azad etdi? Niyə onun reytinqi artdı? Niyə dünya dövlətləri Azərbaycanı və onun liderini dəstəkləməyə başladılar. Niyə Azərbaycan indiki liderin dövründə söz sahibinə çevrildi? Həm Cənubi Qafqazda, həm dünyada hörmət edilən dövlətlərdən və onun liderlərindən birinə çevrildi. Onu həzm edə bilmirlər. Ona görə də, hətta milli maraqlarımızın üstündə köklənmiş bu qələbələri dövlətimizin maraqlarına üstündə köklənmiş bu qələbələri həzm edə bilmirlər. Siyasi rəqibimizin reytinqi niyə qalxır, qalxacaq? Bu uğurlardan sonra qalxdığını gördükdən sonra daha da qısqanclıqla bu məsələlərə yanaşırlar. Bu, yolverilməzdir. Hesab edirəm ki, milli maraqlarımız, dövlət maraqlarımız olan yerdə hər hansı bir siyasi rıqibdən söhbət gedə bilməz. Hamı birlikdə olmalıdır. Necə ki, İkinci Qarabağ savaşında bu birliyi əldə edə bildik, xalqla ordunun birliyi, siyasi partiyalarla Ali Baş Komandanın və Cənab Prezidentin ətrafında toplaşmaq və formalaşmaq birliyinə nail olduq. Biz bu qələbəni əldə edə bildik! Azərbaycan Ordusu arxayın idi ki, arxada xalqla dövlət arasında sıx bir birlik var. Bundan qürurlanaraq, bəhrələnərək düşmən üzərinə getdilər və qələbə qazandılar. Bu baxımdan hansısa bir müxalifət partiyası əgər milli və dövlət maraqlarında birlikdə ola bilmirlərsə, hesab edirəm ki, onlar siyasi fəaliyyətlərini donduraraq, bu vəzifələrindən getməlidirlər. Çünki xalq onları heç cür bu cür yanaşma ilə qəbul etməyəcəkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi