Partiyalar nə istəyir? - SORĞU
Dövlət qeydiyyatına alınmış 30-a yaxın partiya “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim edib. Təkliflər seçkidə iştirak, dövlət qeydiyyatına alınma, maliyyələşmə ilə bağlı yenilikləri nəzərdə tutur. Yeni layihə ilə bağlı cəmiyyətdə və parlamentdə açıq müzakirələr gözlənilir.
Azərbaycanda dövlət qeydiyyatına alınmış 30-a yaxın siyasi partiya “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim edib. Milli Məclisdən verilən məlumata görə, siyasi partiya nümayəndələri yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb. Hazırda spiker Sahibə Qafarovanın müvafiq tapşırığına əsasən, böyük ictimai əhəmiyyət kəsb edən bu yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir. Maraqlıdır, parlamentdə təmsil olunan və olunmayan partiyaların imza atdığı müraciətdə, yeni qanun layihəsində hansı təkliflər öz əksini tapıb? Siyasi partiyalar nə istəyirlər? Yeni qanun layihəsini zəruri edən səbəb nədir?
Partiya üzvlərinin sayı ən azı 7 min olmalıdır
Müraciətdə adı qeyd olunan Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa yeni qanun layihəsi barədə “Kaspi” qəzetinə bildirib ki, təkliflərdə partiyaların üzvlərinin sayı, seçkilərdə iştirak etməsi, hüquqlarının genişləndirilməsi, fraksiyaların yaradılması və sair məsələlər öz əksini tapıb: “Bizim təklifimizdə partiyaların üzvlərinin sayı məsələsi qaldırılıb. Üzv sayının daha çox olması təşəbbüsünü dəstəkləyirik. Seçkilərdə iştirakla bağlı partiyaların mövqeyinin müəyyən olunması da bizim partiyanın təşəbbüsləri sırasındadır. İki seçkidən artıq seçkidə iştirak etməyən partiyaların məhkəmə qaydasında məsələsinə baxılması nəzərdə tutulub. Bunlardan başqa, partiyaların tərifi, anlayışı dəqiqləşdirilməli, hüquqları genişləndirilməlidir. Parlamentdə fraksiyanın yaradılması məsələsi də əksini tapıb təşəbbüslərdə. Təklif etmişik ki, partiyaların üzvlərinin sayı ən azı 7 min olmalıdır”.
Bütün təkliflər müzakirə ediləcək
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı qeyd edib ki, təşəbbüs ümumi xarakter daşıyır. Onun sözlərinə görə, hər bir siyasi partiya öz təkliflərini yazılı şəkildə təqdim edib: “Təkliflərdə partiyaların qeydiyyatının mərkəzi icra hakimiyyəti orqanı tərəfindən dəqiq aparılması, adı olub özü olmayan, yaxud bir qovluqdan və bir sədrdən ibarət olan partiyaların məsələsi yer alıb. Adı olub özü olmayan, bir qovluqdan və bir sədrdən ibarət olan, real fəaliyyəti olmayan partiyalar kimə və nəyə lazımdır? Say çoxaltmaqla nəyə nail olunur? Təkliflər var ki, qanun yenidən işlənəndən, ona əlavə və düzəlişlər ediləndən sonra partiyaların qeydiyyat məsələsinə yenidən baxılsın. Bütün təkliflər müzakirə ediləcək. Onlardan hansı milli maraqlara, Azərbaycanın imicinə, tutduğumuz yola, demokratikləşmə prosesinə ziyan vurmursa, çox güman ki, qəbul olunacaq”.
Cəmiyyətdə və parlamentdə açıq müzakirələr olacaq
Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev söyləyib ki, “Siyasi partiyalar haqqında” qanun 90-cı illərin əvvəlində qəbul olunub və kifayət qədər köhnəlib. Deputatın fikrincə, yeni çağırışlar meydana gəlib, texnoloji əsaslar, imkanlar yaranıb ki, bu da qanuna dəyişikliyi zəruri edib: “Parlamentdə təmsil olunan partiyalar məhz bu zərurətdən irəli gələrək təkliflərini Milli Məclisə təqdim edib. Hələ də bu proses davam edir. Digər siyasi partiyalar da öz təkliflərini təqdim edə bilərlər. Bununla bağlı cəmiyyətdə və parlamentdə açıq müzakirələr olacaq. Hər kəs fikrini dilə gətirə biləcək, təkliflərə münasibətini ortaya qoyacaq. İstənilən halda, “Siyasi partiyalar haqqında” qanun partiyaları sıxmaq üçün deyil. Yeni qanun partiyaların daha da inkişafına, təmərküzləşməsinə, inteqrasiyasına gətirib çıxarmalıdır”.
Qanunvericiliyin təkmilləşdirilməsi zərurətə çevrilir
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli də bildirib ki, hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub. Onun fikrincə, sözügedən qanun o dövr üçün mütərəqqi hesab olunsa da, siyasi partiyaların yaranması, qeydiyyatı, cəmiyyətin siyasi həyatına inteqrasiyasına xeyli kömək etsə də, zaman keçdikcə siyasi münasibətlərdə, siyasi sistemdə müəyyən dəyişikliklər baş verir və bu amil qanunvericiliyin təkmilləşdirilməsini zərurətə çevirir: “Hazırkı qanunda bir neçə müddəanın dəyişdirilməsini zəruri sayıram. Bunlardan birincisi siyasi partiyaların maliyyələşməsi ilə bağlı olan məsələdir. Mövcud qanuna görə yalnız parlamentdə təmsil olunan partiyalar dövlət maliyyələşməsində iştirak edə bilərlər. Parlamentdə təmsil olunmayan, lakin seçkilərdə iştirak edən, lazımi miqdarda səs toplaya bilməyən partiyalar bu maliyyələşmədən kənarda qalır. Qanunda 3 faizlik səs baryeri müəyyənləşdirilib. Fikrimcə, bu baryer və müvafiq bənd aradan qaldırılmalıdır. Qanuna partiya nə qədər səs toplayırsa, buna uyğun proporsional şəkildə maliyyələşmənin tətbiqi barədə bənd əlavə edilməlidir”.
Dövlətin siyasi partiyaların işinə müdaxiləsi
Q.Əlibəyli deyib ki, siyasi partiyalarla dövlət münasibətlərində dövlətin siyasi partiyaların işinə müdaxilə etməməsi prinsipi qanunda birmənalı şəkildə təsbit olunmalıdır: “Düzdür, siyasi partiya qanunvericiliyin, öz nizamnaməsinin tələbini pozanda dövlət orqanlarının bu və ya digər şəkildə müdaxilə imkanı olmalıdır. Amma bu müdaxilə imkanı daimi xarakter daşımalı deyil. Siyasi partiyanın orqanları arasındakı münasibətlər, əslində, nizamnamə ilə tənzimlənir. Bu münasibətlərin ümumi prinsiplərindən bəziləri qanunda öz əksini tapmalıdır. Misal üçün, nəzarət orqanı ilə siyasi partiyanın digər orqanları arasında olan münasibətlər və sair. Siyasi partiyaların ümumiyyətlə cəmiyyətin siyasi həyatında iştirak etmək hüququ ilə bağlı olan hansı təkliflər verə bilməsi, nələri edə bilməsi də mövcud qanunvericilikdə ətraflı işlənilməyib. Ya köhnə qanunu saxlamaq və əlavələr, dəyişikliklər etməklə, ya da tamamilə yeni qanun qəbul etməklə qeyd edilən məsələləri həll etmək olar. Bu yeni qanunda hansı müddəaları necə verməyi də açıq müzakirəyə çıxarmaq olar”.
Rufik İSMAYILOV