Deputatlığa iddialılar imza vərəqələrini bu gündən DSK-ya təqdim edə bilər
Parlament seçkisində iştirak edən partiyaların sayı 15-ə çatdı
Dekabrın 21-dən Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK)təqdim edilməsi prosesi başlayır. Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini DSK-ya təqdim etməlidir.
Fevralın 9-a təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-u saat 18:00-dək olan dövrü əhatə edir.
2020-ci il fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkisinin Mərkəzi Seçki Komissiyası tərəfindən Seçki Məcəlləsinə uyğun olaraq müəyyənləşdirilən təqvim planını deputatlığa namizədlər və seçkidə iştirak edən partiyaların dəqiq bilməsi vacibdir. Əks halda seçki hazırlıqları ilə bağlı həyata keçirilməli olan prosedurları vaxtında icra edib çatdıra bilməmək təhlükəsi meydana gələ bilər.
Namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar sənədlər seçki komissiyasına təqdim ediləndən sonra 5 gün müddətində verilir.
İmza vərəqələrinin verilməsi namizədliyin irəli sürülməsini təsdiqləyən qərar qəbul edildiyi gündən start götürür.
Namizədin müdafiəsi üçün toplanan seçici imzalarının və təqdim edilən digər sənədlərin yoxlanması, qeydə alınıb-alınmama haqqında qərar sənədlər qəbul edildikdən sonra 7 gün müddətində rəsmiləşir. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Bu sənədlər 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.
Qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının ictimailəşdirilməsində son müddət 2020-ci il yanvarın 20-dir.
Seçkiqabağı təşviqat 2020-ci il yanvarın 17-də başlanır, fevralın 8-i səhər saat 8-də dayandırılır.
Seçki bülletenləri 2020-ci il yanvarın 30-dək hazır olur.
Səsvermənin nəticələri haqqında ilkin məlumat seçki günü verilir.
Seçki dairəsi üzrə nəticələrin müəyyən olunması, protokolun ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması 2020-ci il fevralın 12-dək bitir.
Mərkəzi Seçki Komissiyası 2020-ci il fevralın 29-dək Milli Məclisə seçkiyə yekun vurub sənədləri Konstitusiya Məhkəməsinə göndərir.
Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı isə 15-ə çatıb. Mərkəzi Seçki Komissiyasının 20 dekabrda keçirilən iclasında daha dörd partiyanın-Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının və Vəhdət Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.
Qeyd edək ki, bundan əvvəl 11 siyasi partiyanın-Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının, Vahid Azərbaycan Partiyasının və “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.
Etibar SEYİDAĞA,