azia.az
azia.az

Elçibəyin köməkçisi Etibar Məmmədovun cavabını verdi: “O, Surət Hüseynovu...”

14-06-2022, 12:30

Elçibəyin köməkçisi  Etibar Məmmədovun cavabını verdi:  “O, Surət Hüseynovu...”
4 iyun Gəncə qiyamından 29 il keçib.

Amma hələ də həmin dövrdə Surət Hüseynovun törətdiyi hərbi çevrilişlə bağlı müxtəlif iddialar səslənir. 4 iyul hadisələrini iştirakçısı və şahidlərindən olan AMİP lideri Etibar Məmmədov da Gəncə qiyamı ilə bağlı müxtəlif fikirlər səsləndirib və konkret olaraq bütün məsuliyyəti AXC hakimiyyətinin, konkret olaraq sabir prezident Əbülfəz Elçibəyin üzərinə qoyub.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Elçibəy İnstitutunun sədri, sabiq prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov deyib ki, iyul hadisələrində bu və ya digər şəkildə iştirak etmiş və üzərində məsuliyyət olan adamların bu şəkildə açıqlamalarını təəccüblə qarşılamır:

“AXC hakimiyyətinin də özünün bu məsələdə səhvi var, çünki o hakimiyyətin olduğu dövrdə Gəncədə qiyam oldu və bu prosesin arxasında olan qüvvələr də bəllidir. Gəncə qiyamının təşkilatçısı Rusiya, dəstəkçisi isə İrandır. Bu gün biz 44 günlük savaşdan sonra bölgədə gedən proseslərə baxdıqda, Cənubi Qafqazda, xüsusilə də Azərbaycan-Ermənistan arasında gedən normallaşma prosesində Rusiyanın mövqeyi ilə 1993-cü ilə güzgü tutmaq mümkündür. Etibar Məmmədovun bu hadisələrdən əvvəl Dövlət Müdafiə Komitəsində müzakirə olunan məsələlərə istinad etməsi və məsuliyyəti AXC hakimiyyəti üzərinə atmaq cəhdləri yanlışdır. Məsələ ondadır ki, AXC hakimiyyəti o dövr baş verən hadisələrə cavabdehdir və bundan da heç kim qaçmır. Bununla bağlı mərhum Əbülfəz Elçibəyin də, hakimiyyətdə təmsil olunan digər şəxslərin də xeyli açıqlamaları var. Əbülfəz Elçibəyin bu məsələlərə həsr olunan “Müstəqillik, ikinci cəhd” adlı bir böyük yazısı var. Orada da bu məsələnin başlama səbəbləri və nəticələri ilə bağlı mövqeyi var. Eyni zamanda, Əbülfəz Elçibəy 1999-cu ildə ANS-də bu məsələyə münasibət bildirib”.

O.Qasımov əlavə edib ki, Etibar Məmmədov sanki Surət Hüseynovu məsuliyyətdən azad etməyə çalışır, ona görə də daha çox AXC hakimiyyətini ittiham edir:

“4 iyun hadisələrinə bu gün diqqət azalıb. Bunu səbəblərindən biri 4 iyun qiyamından sonra işğal olunan torpaqların əhəmiyyətli hissəsinin azad olunmasıdır. Bu da müəyyən qədər 4 iyun hadisələrini kölgədə buraxır. 4 iyun hadisələri bu gün bizim obyektiv tariximiz üçün lazımdır. Eyni zamanda, bu hadisələrə obyektiv hüquqi qiymətin verilməsi vacibdir. Etibar Məmmədovun açıqlaması onu göstərir ki, 4 iyun hadisələrində iştirakını kənara qoymağa çalışır. Onlar hesab edir ki, Surət Hüseynovun törətdiyi hərbi qiyam öz hüquqi qiymətini alarsa, ona siyasi dəstək vermiş AMİP və onun lideri Etibar Məmmədovun da siyasi məsuliyyəti var. Bu məsuliyyətdən isə heç kim yayına bilməz. Sadəcə bizim istədiyimiz bu hadisələrə obyektiv qiymət verilməsidir ki, gələcəkdə bu cür kənardan idarə olunan hərbi çevrilişlərə imkan olmasın”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi