Elçibəyin köməkçisi onun ölümü ilə bağlı yeni sensasion faktlar açıqladı
Əli Mürsəloğlu: “Xəstəlik aşkarlanan vaxt 40 min avro tapa bilmədiyimiz üçün Almaniyaya gedə bilmədik”
Avqustun 22-də milli azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin vəfatının 19 ili tamam oldu. Hər il olduğu kimi bu il də onun ölümünə səbəb olan sağalmaz xərçəng xəstəliyi, eləcə də səhhəti ilə bağlı yeni-yeni faktlar üzə çıxır.
Ə.Elçibəyin həyatının son günlərində onun yanında olan köməkçisi Əli Mürsəloğlu 19 ildən sonra “Cümhuriyyət” qəzetinə ilginc faktlar açıqlayıb. O, xəstəlik aşkarlanan vaxt imkansızlıq ucbatından Almaniyaya gedə bilmədiklərini söyləyib. Ə.Mürsəloğlu lazım olan 40 min avronu tapa bilmədiklərini də qeyd edib. Eyni zamanda o, mərhum prezidentin ölümünə əsl səbəb kimi müalicənin gecikdirilməsini, pulsuzluğu göstərib. Gecikmənin günahının onlarda olmadığını açıqlayan Ə.Mürsəloğlu Elçibəyin ən çox sevdiyi və ən çox sevildiyi qardaş Türkiyənin 20 il öncəki siyasi hakimiyyətinin ünvanına bəzi ittihamlar, iradlar səsləndirib. Hətta milli azadlıq hərəkatının liderinin zamanında qardaş ölkəyə dəvət olunmadığını, ilk dəfə müalicə üçün isə ora gedəndə onun Gülhanə xəstəxanasına buraxılmadığını, ikinci dəfə iş-işdən keçəndən sonra onun xəstəxanaya buraxıldığını deyir.
Ə.Elçibəyin zamanında azərbaycan xalq cəbhəsi partiyası ali məclisinin sədri olan, hazırda aydınlar partiyasına rəhbərik edən qulamüseyn əlibəyli “yeni müsavat”a səslənən yeni faktlarla bağlı bunları dedi: “Bu deyilənlər tamamilə yenidir. Mən, ümumiyyətlə, partiyada maliyyə məsələləri ilə məşğul olmamışam. Çünki bu bacardığım iş deyil. Amma bildiyim bu idi ki, doğrudan da müalicə gecikmişdi. Lakin nəyə görə müalicənin gecikdiyindən dəqiq məlumatım yox idi. Ola bilsin ki, Əli bəyin dedikləri olub. Amma hər halda, bu, partiya strukturları səviyyəsində müzakirə edilmirdi. Yəqin ki, Elçibəyin daim yanında olan adamlarla belə söhbətlər olub. Xəstəlik dövründə cəmi bir dəfə Elçibəylə görüşmüşük. Onda da partiya ilə bağlı müəyyən məsələləri müzakirə etmişik.
Təbii ki, müalicənin gedişi ilə bağlı bəzi şeyləri soruşduq, bununla bağlı müəyyən söhbətlər apardıq. İstənilən halda düşünürəm ki, müalicənin gecikməsi təkcə maliyyə ilə bağlı olmazdı. Çünki Türkiyədən Milliyyətçi Hərəkat Partiyası tərəfindən yardım olunurdu. Onlar Bəyi Almaniyaya da apara bilərdilər. Amma ola bilər ki, ilkin dövrlərdə Əli bəyin dediyi söz-söhbətlər olub. Elçibəyin xəstəliyi məlum olan vaxt maliyyə məsələsi qabardılmamışdı. Müalicənin maliyyə hissəsi ilə bağlı ilk dəfədir ki, bu cür fikirlərə rast gəlirəm. Bildiyim qədəri ilə Elçibəyi Azərbaycandan aparmaq üçün Türkiyədən xüsusi təyyarə gəlmişdi.
“İlk dəfə müalicə üçün Türkiyəyə gedəndə onu Gülhanə xəstəxanasına buraxmadılar”
Düzdür, bu, dövlət strukturları tərəfindən göndərilməmişdi. Şəxsi insanlar, yəni Elçibəyin dostları tərəfindən göndərilmişdi. Bəyin Gülhanə xəstəxanasına birinci dəfə buraxılmamasını da ilk dəfədir eşidirəm. Lakin onu deyə bilərəm ki, son dövrlərdə müalicənin müəyyən bir mərhələsini Elçibəy o xəstəxanada keçirmişdi. Ola bilsin ki, ilkin dövrdə xəstəxanaya hansısa səbəblərdən qəbul olunmayıb. Bunların hamısı bir daha deyirəm ki, mənim üçün yeni məsələlərdir. Bu səbəbdən cavab verməkdə müəyyən çətinliklər çəkirəm. Həmin dövrdə Əli bəyin dediyi məsələlər nə partiya daxilində, nə də insanlar arasında müzakirə obyekti deyildi. O dövrdə partiyamız Türkiyənin hakimiyyətdə olan siyasi dairələri ilə xüsusi bir əlaqə qurmamışdı. Orada yaxın olduğumuz siyasi qüvvə Milliyyətçi Hərəkat Partiyası idi. O dövrdə hakimiyyətdə təmsil olunan şəxslərlə ola bilsin ki, münasibətlər şəxsi çərçivədə qurulmuşdu”.
Ə.Elçibəyin həyatının son günlərində yanında olan KXCP sədri Mirmahmud Mirəlioğlu Ə.Mürsəloğlunun dediklərinə bir cümlə ilə cavab verdi: “Əli bəyin dediklərinə heç bir əlavə etmirəm”.
Cavanşir ABBASLI,