azia.az
azia.az

"AXC-Müsavat rəhbərləri Sürət Hüseynova binamusluq etmişdi" - Araz Əlizadədən yeni QALMAQAL

4-10-2017, 10:53

"AXC-Müsavat rəhbərləri Sürət Hüseynova binamusluq etmişdi" - Araz Əlizadədən yeni QALMAQAL


"AXC-Müsavat rəhbərləri Sürət Hüseynova binamusluq etmişdi"
azia.az bildirir ki, bu fikirləri "Ölkə.Az"-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə 15 iyun milli qurtuluş günü ilə bağlı danışarkən bildirib.

A.Əlizadə deyib ki, bütün bunlar tarixin reallıqlarıdır və heç kəs onu dana, gizlədə və ya təhrif edə bilməz.

Deputat qeyd edib ki, Heydər Əliyev Azərbaycanı xilas etməklə yanaşı, eyni zamanda AXC-Müsavat hakimiyyətində olan gəda-güdanı da Sürət Hüseynovun əlindən xilas edib:

"Heydər Əliyevin bunlara bu qədər yaxşılığı dəyib. Bəs bunlar nədən narazıdırlar? Mən hələ də anlaya bilmirəm! Bunlar yaxşı bilirdilər ki, Sürət Hüseynov Bakıya qayıtsa, hakimiyyətdə olan AXC-Müsavat rəhbər şəxslərinin hamısını asacaq. Çünki AXC-Müsavat rəhbərləri Sürət Hüseynova qarşı çox böyük binamusluq və nakişilik etmişdilər. Bu əməliyyatlara isə İsa Qəmbər və Pənah Hüseyn rəhbərlik edirdi. Bilirsiniz, Sürət Hüseynov bunlardan biri deyildi. O, təsərrüfatçı idi. Sürət Hüseynovun xalq arasında hörmətinin artmasını görən AXC-Müsavat bəyləri təşvişə düşmüşdülər. Ona görə də qərar verdilər ki, gəlin Sürət Hüseynovun karyerasına son qoyaq. Bunun nəticəsində Gəncədə qətliam baş verdi. Çoxları bunu "Gəncə qiyamı" adlandırır. Ancaq bu qiyam deyildi, qətliam idi. Həmin vaxt Sülhəddin Əkbər, Fəhmin Hacıyev və digər şəxslər getmişdi. AXC-Müsavatın vaxtında quldurluq edib ulduz almış bütün gəda-güdalar Gəncəyə getmişdilər ki, Sürət Hüseynovun qoşunlarını tərki-silah etsinlər. Həmin vaxt Sürət Hüseynovun atası rəhmətə getmişdi, o hərbi hissədə deyildi. AXC-Müsavatın adamları da düşünürdülər ki, Sürət Hüseynov hərbi hissədə deyilsə, onun adamlarını bir az hədələyən kimi təslim olacaqlar. Həmin gün səhər açılmamış AXC-Müsavat qüvvələri tank və hərbi texnikalarla Sürət Hüseynovun başçılıq etdiyi korpusun ərazisinə daxil oldular, cavanları qırdılar. Ancaq yenə də məğlub oldular".

Deputat vurğulayıb ki, AXC-Müsavat cütlüyü qiyam, zorakılıq və əxlaqsızlıq yolu ilə hakimiyyətə gəlib:

"Atalarımızın gözəl misalı var ki, hayla gələn, huyla gedər. Hakimiyyətə gələn zaman onlar düşünürdülər ki, Azərbaycanda heç kəs onların qarşısında dayana bilməz. Mən Sürət Hüseynovu bir dəfə də olsun ağzını açıb danışan görməmişdim. Onun sifətini küçədə görsəydin deməzdin ki, bu adam deputatdır. AXC-Müsavat birdən-birə parlamenti buraxmışdı, əvəzində isə Milli Şura yaratmışdı. Həmin Milli Şura mütəmadi olaraq dəyişilməli idi, ancaq onlar Milli Şuranı da dəyişilməz etmişdi. AXC-Müsavat prezident seçkilərini də saxtakarlıqla keçirtmişdi. Bütün bunların nəticəsi olaraq onlar hakimiyyətdə çox qala bilməzdilər. Bir gün mən Moskvada olanda eşitdim ki, keçmiş zavod direktoruna Milli qəhrəman adı verərərək, onu hərbi hissə komandiri ediblər".

A.Əlizadə bildirib ki, bütün bu hadisələrdən sonra insanlar təşvişə düşmüşdülər:

"Parlament təcili toplandı. Parlamentdə çıxış edən AXC-Müsavat üzvləri yenə də deyirdilər ki, guya Gəncədə heç bir hadisə olmayıb. Həmin dövrdə mən bu hadisə barədə Moskvada olanda məlumat aldım və dərhal Bakıya gəlib parlamentdə çıxış etdim. Birinci çıxış üçün söz istədim, ancaq icazə verilmədi. Dedilər ki, əvvəlcə Milli Şura üzvləri çıxış edəcək. Milli Məclis iclasında çıxış edən AXC-Müsavat üzvləri yalandan deyirdilər ki, Gəncədə heç bir hadisə baş verməyib. Sonra İsa Qəmbər istehza ilə mənə dedi ki, Araz bəy, buyurun siz də çıxış edin. Mən isə iclasda iştirak edənlərə səslənərək dedim ki, zəhmət olmasa bir neçə dəfə "halva-halva" deyin. Yarısı dedi, yarısı isə demədi. Yerdən çıxış edib deyirdilər ki, Araz Əlizadə bizi dolayır. Sonra mən onlara dedim ki, gördünüzmü, istədiyiniz oldu, Gəncədə qardaş qanı axıdılıb, azərbaycanlılar azərbaycanlıları öldürüb. Sonra sual verdim ki, Gəncədə qardaş qanı axıdılıb, bəs niyə iclasda yalandan danışırsınız? Deyirsiniz ki, heçnə olmayıb və sairə. İclasda Əbülfəz Elçibəy çıxış edən zaman mən ona açıq şəkildə bildirdim ki, siz ölkəni idarə etməyi bacarmırsınız, ara yerə xalqı qırğına verməyin. Əbülfəz Elçibəy isə cavabında dedi ki, mən Gəncə hadisələrinə görə heç bir məsuliyyət daşımıram. Sual verdim ki, axı siz Azərbaycanın Ali Baş Komandanısınız. Necə yani məsuliyyət daşımırsınız? Əbülfəz Elçibəy isə mənə cavabında dedi ki, Ali Baş Komandan bütün işləri müdafiə nazirinə tapşırır, onlar da görürlər, daha mən məsuliyyət daşımıram. Mən də Elçibəyə dedim ki, indi məlum oldu, siz dövləti necə idarə edirsiniz".

Partiya sədri bildirdi ki, həmin günü AXC-Müsavat qoçuları tərəfindən Milli Məclisin deputatlarına hücum olub:

"Deputatları təhqir etmişdilər, mənimlə Zərdüşt Əlizadəni də öldürməyə çalışırdılar. Ancaq bunu bacarmadılar. Həmin gün bir daha İsa Qəmbərə dedim ki, siz Azərbaycanı idarə edə bilmirsiniz. Gəncəbasar, Naxçıvan, Lənkəran sizə tabe deyil. İsa Qəmbər isə bildirdi ki, bir-iki gün səbr edin, görəcəksiniz ki, biz nə edirik. Onlar çalışırdılar ki, mən ölüm, sabahı görməyim. Buna görə də mənə və qardaşıma qarşı hərbçilər tərəfindən hücum olundu. Sonra İsa Qəmbər çıxıb dedi ki, guya bunlardan xəbərsizdir və təxribatdır. Sonra yol gedən zaman bizə yenə də hücum olundu".

A.Əlizadə qeyd etdi ki, AXC-Müsavat bacarıqsızlığını dərk edəndən sonra Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət edib:

"Ona görə dəvət etmədi ki, Heydər Əliyev gəlib təkcə ölkəni xilas etsin. Ona görə dəvət etdi ki, Heydər Əliyev həm də bunları Sürət Hüseynovun əlindən xilas etsin. Təsəvvür edin ki, o vaxt xalq Heydər Əliyevə deyirdi ki, gəlin bizim canımızı AXC-Müsavat quldurlarından qurtarın. Bunlar isə Heydər Əliyevə yalvarırdı ki, gəl bizim canımızı Sürət Hüseynovun əlindən xilas et. AXC-Müsavat yaxşı bilirdi ki, Sürət Hüseynov hakimiyyətə gəlsə, bunların dərisinə saman səpəcək. Ona görə də Əbülfəz Elçibəy Heydər Əliyevi hakimiyyətə gəlməyə çağırmışdı. O dövrdə İsa Qəmbərə "istefa ver" deyəndə, cavab verirdi ki, yerimə kim gələcəksə, əvvəlcədən bilməliyəm, ondan sonra istefa verərəm və sairə. Ancaq quru inadkarlıq bir nəticə vermədi və İsa Qəmbər istefa verdi, onun yerinə isə Heydər Əliyev seçildi".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi