“Artıq məcburuq ki, Ermənistanın paytaxtına gedib çıxaq, bayrağımız İrəvanda qaldırılsın” - deputat
“Azərbaycan Kəlbəcər daxil olmaqla, erməni təxribatı törədilən sərhəd istiqamətlərində lazımi addımları atır. Ermənilər tərəfindən təxribatlar həmişə olub və Ermənistanda siyasi sabitlik yaranana, öz məğlubiyyətini tamamilə boynuna alıb bununla barışana qədər davam edəcək. Orada mövcud olan müəyyən qüvvələr yeni müharibə vədləri ilə erməni xalqının başını qatır, küçələrə çıxarırlar. Ermənistanda hazırkı iqtidar da hələ ki bunların öhdəsindən gələ bilmir. Keçmiş cinayətkarların, “Qarabağ klanı”nın, Köçəryan-Sarkisyan cütlüyünün hələ də təsir gücləri mövcuddur. Bu səbəbdən təxribatlar həmişə olacaq. Bunlar sərhədlərin müəyyənləşməsi ilə barışmaq istəmirlər. Elə bilirlər ki, 30 il ərzində işğal altında saxladıqları ərazilərimiz bunların imiş. Yenidən qaytaracaqlarına ümid edirlər, xam xəyallarla yaşayırlar”. Azia.az xəbər verir ki, bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Elman Məmmədov Kəlbəcər istiqamətində atəşkəsin intensiv pozulması barədə danışarkən deyib.
Deputat qeyd edib ki, Ermənistanda Paşinyan tərəfdarları və revanşist hərəkətlərə, düşmənçilik mövqeyinə inanmayanlar da çoxdur, təəssüf ki, hələ bu proses davam edir: “Azərbaycan hər bir təxribata yüksək səviyyədə cavab verir. Belə bir real fakt mövcuddur ki, Azərbaycan bununla barışmır və tezliklə tədbir görəcək. Vətən Müharibəsinin bitməsindən 1 il yarımdan çox vaxt keçməsinə baxmayaraq, Azərbaycan ərazisində işğalçı Ermənistan dövlətinə aid silahlı birləşmələr mövcuddur. Hələ də 1991-ci ilin sentyabrından ermənilər tərəfindən yaradılmış qeyri-qanuni separatçı, terrorçu qurum olan “Artsax” dövləti Azərbaycan ərazisində fəaliyyət göstərir. Bu, dözülməz haldır”.
E.Məmmədov deyib ki, Azərbaycan bu cinayətkar rejimi də, ermənilərə məxsus hərbi birləşmələri də ya tamam məhv etməli, ya da ərazisindən tamamilə təmizləməlidir: “Tezliklə bu, baş verməlidir. Nə qədər onlar ərazilərimizdə mövcud olacaq, ermənilər də onları müdafiə etmək üçün tədbir görəcək. Ermənistan 2022-ci ilin dövlət büdcəsindən həmin qondarma separatçı quruma maliyyə ayırıb. 2020-ci ildə Azərbaycan ərazisində hərbi xidmətə gələn Ermənistan vətəndaşlarını hər dəfə yeni qruplaşmalar əvəz edir. Bəs indi bunların qarşısını kim almalıdır? Özünü sülhməramlı adlandıran, sülhməramlılıqla əlaqəsi olmayan, özlərini işğalçı kimi aparan Rusiya hərbi kontingenti bunun qarşısını almalıdır, ancaq almır. Onların gəlib-getməsinə, təlimlərinə, Azərbaycan ərazisində möhkəmlənmələrinə şərait yaradır. Rusiya bizimlə imzaladığı müttəfiqlik haqqındakı bütün sənədlərə Ermənilərdən betər xəyanət edir, öhdəsinə götürdüyü işlərin heç birini görmür. Əksinə, Azrəbaycanın ərazi bütövlüyünün, qanunlarının pozulması üçün şərait yaradır. Qarabağda rus icması yaradır, rus kilsəsi tikir”.
Deputat bildirib ki, bütün bunlar Rusiyanın Azərbaycana qarşı düşmənçilik mövqeyidir: “Biz deyirik ki, Rusiya ilə dostuq, əməkdaşıq. Ancaq Rusiyadan bunların heç birini görmürük. Erməniləri qudurdan Rusiyanın bu mövqeyi, ikili oyunlarıdır. “Dəmir yumruq” qüvvədədir, müharibə tam qurtarıb başa çatmayıb. Rusiyanın vasitəçiliyi ilə atəşkəs elan olunub. Buna da ermənilər əməl etmir. Belə olan halda “Dəmir yumruq” işə düşəcək, bu dəfə ermənilərin təpəsinə İrəvanın mərkəzi meydanında dəyəcək. Artıq məcburuq ki, bu dövlətin paytaxtına gedib çıxaq, Azərbaycan əsgəri öz bayrağını Ermənistanın paytaxtında qaldırsın. “Dəmir yumruq” orada təpələrinə dəysin ki, ağılları başlarına gəlsin. Kimə güvənirlərsə, onun Ukraynada bu gün düşdüyü vəziyyət hər kəsə məlumdur. Bütün dünya onların mundar siyasətinə qarşı çıxır. Yaxın vaxtlarda onların da sonu gələcək”.