Elman Məmmədov: “İşğalçı Azərbaycan əsgərinin gücünü görməlidir, lazımi zərbəni almalıdır”
“Bütün dünya erməniləri Qarabağ məsələsində həmfikirdir”
Bazar günü təmas xəttinin Tərtər istiqamətində düşmən ordusu tərəfindən Azərbaycan hərbçisi qətlə yetirilib. 2000-ci ildə anadan olan çağırışçı əsgər, Gədəbəy rayonunun Köhnəqışlaq kənd sakini Xəlilov Elşən Vüqar oğlu Ermənistan silahlı qüvvələrinin atəşkəs razılaşmasını pozması nəticəsində şəhid olub. Bundan əvvəl isə təmas xəttinin Ağdam istiqamətində düşmən snayperi Azərbaycan ordusunun mayor rütbəli tabor komandiri Aqil Omarovu vurmuşdu.
Mayorun vurulmasından sonra düşmən tərəf açıqladı ki, iyunun 1-də təmas xəttinin Xocavənd istiqamətində əsgər Sipan Melkonyan Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə vurulub. Və Ermənistan Müdafiə Nazirliyi bu hadisəyə görə “qisas alınacağını” açıqlamışdı. Ermənistanın müdafiə naziri David Tonoyan isə təmas xəttinin Tərtər istiqamətində Azərbaycan əsgərinin vurulması üçün şəxsən əmr verdiyini təsdiqləyib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Tonoyan “Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəşlə vurulmuş hərbi qulluqçu Sipan Melkonyanın ölümünə görə cəza tədbirlərini həyata keçirən” hərbçilərə yüksək mükafatlar təqdim edib.
Qeyd edək ki, son günlər Qarabağ klanı ilə Ermənistan rəhbərliyi arasında gərginliyin yarandığı barədə davamlı məlumatlar yayılırdı. İndi də bəzi ekspertlər hesab edir ki, cəbhədə və təmas xəttində gərginliyin artması məhz İrəvanla Xankəndi arasındakı toqquşmalarla əlaqədardır. Hətta vəziyyət o həddə çatdı ki, Bako Saakyanla Nikol Paşinyan bir-birini açıq şəkildə ittiham etdilər. Güman olunur ki, təmas xəttində tətiyin basılması tərəflərdən birinin digərini yerində oturtmaq üçün həyata keçirdiyi qəsddir.
Deputat Elman Məmmədov “Yeni Müsavat”a açıqlamasında “birdəfəlik bilmək lazımdır, Qarabağ klanı və Qarabağdakı cinayətkar qurumla Ermənistan rəhbərliyi arasında istənilən məsələlərlə bağlı nə qədər gərginlik olursa-olsun, bir məsələdə bunların hamısı eyni fikirdədir” - deyə qeyd etdi: “Torpaqlarımızın işğalına bəraət qazandırırlar və deyirlər ki, bu torpaqlar bizimkidir, o ərazilərin bir qarışını da azad etmək fikrində deyilik. Onlar nəinki Qarabağı azad etmək fikrində deyillər, hətta ərazilərimizi Ermənistana ”birləşdirəndən" sonra digər dövlətlərə - Gürcüstan, Türkiyə və İrana qarşı da torpaq iddiasını qaldırıb “Böyük Ermənistan” yaratmaq iddiasındadırlar. Yəni bütün dünya ermənilərinin istər siyasətçiləri, istər politoloqları, istər alimləri, yaxud kəndçisi, fəhləsi, keşişi, donuzotaranı, “alkaş”ı, diaspora üzvü, hamısı Qarabağ məsələsində həmfikirdir".
E.Məmmədov dedi ki, hazırda yeganə çıxış yolunu güc tətbiq etməkdə görür: “İşğalçı Ermənistan güc görməsə, torpaq azad etmək fikrində deyil. Onlar bizim torpaqlarımızı iclasla, qərarla, qətnamə ilə işğal etməyiblər ki. Torpaqlarımız müharibə yolu ilə işğal olunub. Soyqırımlar törədiblər, qan töküblər. Elə o yolla da torpaqlarımızı işğaldan azad etməliyik. İşğalçı Azərbaycan əsgərinin gücünü görməlidir, lazımi zərbəni almalıdır və bu güc qarşısında acizliyini dərk edərək geri çəkilmək məcburiyyətində qalmalıdır, mən başqa yol görmürəm”.
N.Paşinyanın son görüşlərindən, açıqlamalarından bəhs edərkən E.Məmmədov qeyd etdi ki, bunlar hamısı baş qatmaqdır, vaxt udmaqdır: “Biz bir həqiqəti dərk etməliyik ki, tarixin heç bir dövründə Rusiya - istər Çar Rusiyası, istər sovetlər, istərsə də indi - heç vaxt erməniləri azərbaycanlılardan aşağıda tutmayıb, əksinə, yuxarıda tutub, hər zaman qoruyub, müdafiə edib. 250 il müddətində də torpaqlarımız az-az, çox-çox işğal olunub, orada ermənilər yerləşdirilib, Qarabağ da sonuncu işğaldır. Təbii ki, bu işğal şimal qonşumuzun iştirakı olmadan mümkün deyildi. Biz Rusiya ilə qonşuyuq, Rusiya böyük dövlətdir, bizim çox yaxşı münasibətlərimiz var, əməkdaşlıq, tərəfdaşlıq edirik və büün sahələrdə bu əməkdaşlıq inkişaf edir. Mən də bunun tərəfdarıyam və alqışlayıram. Ancaq Rusiya heç vaxt erməninin yanını yerə verməyəcək. Çünki Gürcüstan birmənalı olaraq Rusiyanın nəzarətindən çıxıb. Azərbaycan müstəqil dövlət olaraq özünün müstəqil siyasətini yeridir. Üstəlik, nə Azərbaycan, nə də Gürcüstan ərazisində Rusiyanın hərbi bazası yoxdur. Cənubi Qafqazda Rusiyanın yeganə dayaq nöqtəsi qalıb - Ermənistanın qismində. Ordusu da, müasir texnikası da oradadır. Rusiya orada oturub tək Cənubi Qafqaza yox, bütün regiona nəzarət edir. Ona görə də Rusiya heç vaxt Ermənistanı əldən verməyəcək”.
E.PAŞASOY,