Aqil Abbası tənqid etdi: Özü hədəfə çevrildi
Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir.
Xəbər verilir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabında münasibət bildirib.
Salmanova Milli Məclisin sədri Sahibə Qafarovanın Aqil Abbasın çıxışına iradını əsaslı hesab edib. O, deputatların parlament tribunasından məsuliyyətlə istifadə etməli olduqlarını vurğulayıb.
Deputat əlavə edib ki, fərdi mülkiyyət hüququ ilə “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən mənzil təminatı mexanizmlərini eyniləşdirmək olmaz.
“Hesab edirəm ki, parlament tribunasından istifadə şəxsi məsələlərin gündəmə gətirilməsi ilə məhdudlaşmamalı, hər bir çıxışın arxasında ictimai məsuliyyət və qanunvericilik fəaliyyətinə töhfə vermək niyyəti dayanmalıdır”, – deyə Səbinə Salmanova qeyd edib.
Maraqlıdır ki, deputatın bu mövqeyi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və tənqidlərə səbəb olub. Tanınmış jurnalistlər Xoşqədəm Hidayətqızı və Naibə Qurbanova da deputatın fikirlərinə münasibət bildirərək onu linç ediblər.
Sumqayıtdan deputat seçilən Salmanovaya təmsil etdiyi ərazidə keçmiş məcburi köçkünlərlə yerli sakinlər arasında mənzillərlə bağlı yaranan mübahisələri xatırladaraq, bu məsələləri də Milli Məclisin gündəliyinə gətirməyi tövsiyə ediblər.
Rəylərdə S.Salmanovaya ünvanlanan replikalar da diqqət çəkib. Xoşqədəm Hidayətqızı deputata “Sizi tanımağıma çox şad oldum” deməklə eyham vurub.
Qeyd edək ki, Səbinə Salmanova 2024-cü ilin sentyabrında keçirilmiş növbədənkənar parlament seçkilərində 45 saylı Sumqayıt seçki dairəsindən Milli Məclisin deputatı seçilib.