azia.az
azia.az

Heyvanlar niyə kütləvi tələf olur?

Dünən, 23:00

Ölkədə heyvandarlıq sahəsində yaşanan problemlər, məhsuldarlığın kəskin azalması və qiymətlərin bahalaşması ciddi müzakirələrə səbəb olub. Təsərrüfat nümayəndələrinin açıqlamaları mövcud böhranın arxasında dayanan əsas səbəbləri, xüsusilə də baytarlıq sahəsindəki sistemsizlikləri üzə çıxarıb.

NOCOMMENT.az xəbər verir ki, cari ildə heyvanlar arasında xəstəliklərin iki dəfə yayılması məhsuldarlığın aşağı düşməsinə və qiymətlərin bahalaşmasına birbaşa təsir edib. Lakin əsas sual məhz bu xəstəliklərin niyə belə kütləvi xarakter almasıdır. Mütəxəssislərin və təsərrüfat nümayəndələrinin gəldiyi qənaətə görə, əsas problem vaksinasiya prosesinin vaxtında və düzgün təşkil olunmamasındadır.

Məlum olub ki, xəstəliklərə qarşı aparılan peyvəndlərin təsir gücü lazım olan səviyyədə olmur. Xüsusilə dabaq xəstəliyi ilə bağlı peyvəndləmə zamanı "soyuq zəncir" rejiminin qorunması həyati əhəmiyyət daşıyır. Yəni peyvənd son istehlaka – yəni birbaşa heyvana vurulana qədər soyuducudan çıxarılmamalıdır. Lakin reallıqda vəziyyət tam fərqlidir. Regionlara göndərilən peyvəndlər bazalardan paylandıqdan sonra baytarlara verilir, baytarların isə həmin preparatları standartlara uyğun şəkildə çatdırmaq və saxlamaq üçün texniki imkanları, o cümlədən lazımi soyuducu sistemləri yoxdur. Nəticədə soyuq rejimi pozulan dərmanlar öz keyfiyyətini və təsir gücünü itirərək sıradan çıxır.

Eyni zamanda, ölkədə baytar kifayət qədər olmadığından peyvəndləmə prosesi lazımi səviyyədə təşkil edilə bilmir. Dövlət tərəfindən mərkəzləşdirilmiş qaydada keyfiyyətli dərmanlar alınıb gətirilsə də, onların yerlərdə paylanması və tətbiqi prosesinə nəzarət mexanizmi zəif işləyir.

Qeyd olunur ki, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu prosesə nəzarət etməli olsa da, qurumların fiziki imkanlarının çatmaması səbəbindən nəzarət zəifləyir. Vaksinlərin effekti olmadıqda isə xəstəliklərin yayılma arealı genişlənir, təsərrüfatlarda kütləvi qırılmalar və heyvan sayının azalması baş verir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu problem köklü şəkildə həll olunmasa, gələcəkdə daha ağır risklərlə üz-üzə qalacağıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi