Ermənistanın “Qarabağda gərginlikdir” xəbərləri yaymaqda məqsədi... - polkovnik açıqladı
Separatçı rejim vasitəsilə vəziyyəti gərginləşdirmək sifarişləri gəlməkdədir; Ramaldanov: “Dünyada ara qarışan kimi atəşkəsi pozurlar, Ermənistanda isə yaylıq tutub...”
Erməni separatçıları son iki gündür atəşkəs rejimini pozaraq, Azərbaycan Ordusuna qarşı təxribatlar törədir. “Yeni Müsavat” xəbər verir ki, Ağdam, Xocalı, Goranboy, Tərtər istiqamətində atəşkəsi pozan düşmən daha sonra Ağdam və Ordubaddakı mövqelərimizi də atəşə tutub. Erməni ordusu adekvat cavab tədbirləri ilə susdurulub, hazırda əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarəti altındadır. Çox maraqlıdır ki, ermənilərin bu addımları Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Azərbaycan Müdafiə Nazirliyindən də bildirilib ki, Ermənistanın Qarabağda guya gərginliyin olması barədə xəbərləri təxribatdır.
Ermənistanın Ukraynada baş verən proseslərin fonunda bu təxribatları, vəziyyətin guya nəzarətdən çıxacaq həddə gərginləşdiyi rəyi yaratmaqda məqsədləri nədir? Bu, Azərbaycana tamamilə əsas verir ki, antiterror əməliyyatlarını konkretləşdirsin. Artıq separatçı dəstələr hər gün sülhməramlıların arxasında gizlənərək, onlardan qalxan kimi istifadə edərək provokativ addımlar atır, atəşkəsi pozurlar. Onları təmizləmədən bu problemə son qoymaq mümkün olmayacaq. Erməni tərəfi isə atəşkəsin pozulması ilə gərginlik mənzərəsi yaratmağa can atır.
Polkovnik Şair Ramaldanov: Sosial şəbəkələrdə bilən də, bilməyən də
Şair Ramaldanov
Qarabağda yaranmış son vəziyyətlə bağlı polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, təəccüblü heç nə yoxdur: “Üçtərəfli sazişdə qeyd olunub ki, ərazilərimizdə qanunsuz silah daşıyan varsa, həmişə təhlükə mənbəyidir. İndi biz onun nəticələrini görməkdəyik. Sadəcə, vaxtaşırı atəşkəsin pozulması intensivləşir. Bir ara sakitlik var idi, hazırkı geosiyasi vəziyyəti nəzərə alsaq, Ukrayna hadisələrini götürsək, görünür, bölgədə separatçı rejim vasitəsilə vəziyyəti gərginləşdirmək sifarişləri gəlməkdədir. Ermənistanda revanşist qüvvələr var, onlar maliyyələşdirilir, diaspor adı altında regionda sülhə mane olan dairələr fəaliyyətdədir, hətta böyük dövlətlər də bunun içindədir. Amma məsələ budur ki, Azərbaycan ərazisində kimsə qanunsuz şəkildə silah daşıya bilməz”.
Polkovnikin sözlərinə görə, sülhməramlıların bölgəyə yerləşməsi Rusiya və Azərbaycan ərazisində tənzimlənib: “Orada qalan erməni separatçıları isə tərk-silah edilməyib, bu da narahatlıq doğururdu, biz bunun təsirlərini görməkdəyik. Yəni dünyada bir az ara qarışan kimi fəallaşırlar, atəşkəsi pozurlar. Təbii ki, Ordumuz dərhal cavabını verir. Fərqi yoxdur sərhəddə, yaxud sülhməramlı yerləşdiyi ərazidə olsun, kim təxribat yaratsa, cavabını alacaq. Ermənistanda isə yaylıq tutub dünyanın diqqətini cəlb etməyə çalışır, guya münaqişənin həll olunmadığı rəyi yaratmağa çalışırlar. Sülhməramlılar iyuna qədər separatçıları tərk-silah edəcəyi vədlərini vermişdi. Ermənistan silahlı qüvvələrini darmadağın etmiş ordumuz üçün hansısa separatçı silahlılara cavab vermək böyük güc tələb etmir. Ona görə bu məsələlər praktik olaraq həllini tapmaqdadır”.
Ermənistanda ehtiyatda olan hərbçilər təlim-məşq toplanışına çağırılıblar. "Report" “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi yayıb.
Təlimlər aprelin 15-dən iyunun 15-dək davam edəcək.
Tədbirin keçirilməsində məqsəd döyüş peşə hazırlığının səviyyəsinin yüksəldilməsi, silahlı qüvvələrin sıralarının ehtiyatda olan hərbi qulluqçularla komplekləşdirilməsidir.
Təlim zamanı ehtiyatda olan hərbçilər də döyüş növbətçiliyinə cəlb olunacaq, texnikanın gücləndirilməsi üçün istifadə olunacaq.
Əslində Ermənistan Müdafiə Nazirliyi bu addımı çarəsizlikdən atıb. Çünki İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edib, işğalçıları məğlubiyyətə uğradaraq diz çökdürüb. Nəticədə ermənilər xeyli itki verib.
Bundan başqa, istər müharibə, istərsə də atəşkəsdən sonrakı dövrdə Ermənistan ordusunda fərarilik halları geniş yayılıb. Erməni gənclər məğlub orduda xidmət etmək istəmirlər. Amma bu yalnız məğlubiyyətlə bağlı deyil, Ermənistan ordusunda rüşvət, korrupsiya, özbaşınalıq halları geniş yayılıb, maddi-texniki təminat sıfır vəziyyətindədir, şəxsi heyət arasında tez-tez silahlı insidentlər qeydə alınır, komandirlər tabeliyində olan əsgərlərə işgəncə verirlər.
İndi Ermənistan Müdafiə Nazirliyi ağır durumdan çıxış yolu axtarır. Amma ehtiyatda olan hərbçiləri təlimə çağırmaqla vəziyyət dəyişməyəcək. Çünki təlimlər Ermənistan ordusundakı acınacaqlı durumu bir daha nümayiş etdirəcək. Belə olanda isə heç kim həmin orduda xidmət etmək istəməz.
Emil SALAMOĞLU,