azia.az
azia.az

Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

Bu gün, 22:42

Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb


Türkiyə ilə Azərbaycan arasındakı tarixi qardaşlıq münasibətləri yalnız ortaq keçmişə, milli-mənəvi dəyərlərə və mədəni bağlara deyil, həm də müasir dövlətçilik, inkişaf və gələcək hədəflərinə əsaslanır. Bu münasibətlərin möhkəmlənməsinə töhfə verən ictimai xadimlər və vətəndaş cəmiyyəti nümayəndələri iki ölkə arasında dostluq və həmrəyliyin inkişafında mühüm rol oynayırlar.


Ankaradan olan ictimai xadim, Ankara-Bakı Tanıtma və Həmrəylik Dərnəyinin sədri, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Settar Kaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda Azərbaycanın müasir inkişaf yolunu, dövlət idarəçiliyini, milli kimliyini qorumaqla çağdaşlaşma siyasətini və ölkənin beynəlxalq mövqeyinin gücləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib.


Məktubda Azərbaycanın yalnız Türkiyənin qardaş ölkəsi deyil, həm də Türk dünyasının mədəni zənginliyi, müasir düşüncə ənənələri və çağdaşlaşma təcrübəsi baxımından xüsusi əhəmiyyətə malik dövlət olduğu vurğulanıb.


Settar Kaya Azərbaycanın tarixən incəsənətə, ədəbiyyata, musiqiyə, elmə və azad düşüncəyə verdiyi önəmi ölkənin milli-mədəni kimliyinin mühüm xüsusiyyəti kimi dəyərləndirib. O, milli kimliyin qorunması ilə müasir dünyanın tələblərinə uyğun inkişafın bir-birinə zidd olmadığını, əksinə, bu dəyərlərin uzlaşdırılmasının güclü dövlət və sağlam cəmiyyət quruculuğu üçün vacib olduğunu qeyd edib.


Məktubda Prezident İlham Əliyevin təhsil mühitində nizam-intizam, bərabərlik və müasirlik prinsiplərinə əsaslanan qərarlarına da münasibət bildirilib. Müəllif bu yanaşmanın uşaqların inkişafını və müasir təhsil anlayışını ön plana çıxardığını ifadə edib.


Settar Kaya, həmçinin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq mövqeyinin gücləndirilməsi və Cənubi Qafqazdakı mürəkkəb geosiyasi şəraitdə milli maraqlarının qorunması istiqamətində həyata keçirilən siyasəti təqdir etdiyini bildirib.


Məktubun diqqətçəkən məqamlarından biri də Mustafa Kamal Atatürk və Heydər Əliyevin dövlətçilik irsi arasında aparılan müqayisədir. Müəllif hər iki böyük dövlət xadiminin müstəqillik, milli birlik, müasirlik və milli kimliyə bağlılıq ideallarının Türkiyə-Azərbaycan münasibətlərinin mənəvi və ideoloji əsaslarını təşkil etdiyini vurğulayıb.


Məktubun sonunda Settar Kaya Azərbaycan xalqına firavanlıq, ölkəyə sülh və inkişaf, Türkiyə-Azərbaycan qardaşlığına isə daha da möhkəmlənən gələcək arzulayıb.


Aşağıda Settar Kayanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubun tam mətni təqdim olunur.

Məktubu tərcümə ilə və orqinalını pdf-lə təqdim edirik:



Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə

Mövzu: Azərbaycanın çağdaşlaşma iradəsinə və dövlət idarəçiliyinizə görə təqdir və təşəkkürlərim

Hörmətli cənab Prezident!

Türkiyədən olan bir qardaşınız, Azərbaycanın tarixinə, mədəniyyətinə və gələcəyinə maraq göstərən, bu ölkəyə xidmət edən bir insan kimi Sizə duyduğum təqdir və hörməti ifadə etmək məqsədilə bu məktubu qələmə alıram.

Azərbaycan mənim nəzərimdə yalnız Türkiyənin qardaş ölkəsi deyil, eyni zamanda Türk dünyasının çağdaşlaşma təcrübəsi, mədəni zənginliyi və müasir düşüncə ənənəsi baxımından xüsusi yerə malik mühüm dövlətdir.

Azərbaycanın tarix boyu incəsənətə, ədəbiyyata, musiqiyə, elmə və azad düşüncəyə göstərdiyi diqqət bu ölkənin ictimai kimliyinin ən qiymətli xüsusiyyətləri sırasındadır. İslam dünyasının bir parçası olan Azərbaycanın öz tarixi və mədəni dəyərlərini qoruyaraq müasir dünyanın tələblərinə uyğun şəkildə inkişaf etmək iradəsinə böyük əhəmiyyət verirəm. Mənim fikrimcə, müasirləşmə ilə milli kimlik, inanc ilə ağıl, ənənə ilə çağdaşlıq bir-birinin əksi olmaq məcburiyyətində deyil.

Şagirdlərin geyim və məktəb qaydalarına dair qəbul etdiyiniz qərarları da bu çərçivədə dəyərləndirirəm. Təhsil mühitində nizam-intizamın, bərabərliyin, müasirliyin və uşaqların inkişafını əsas götürən yanaşmanın mühüm olduğuna inanıram. Düşünürəm ki, bu cür qərarlar dünyəvi və müasir təhsil anlayışının ictimai həyatda mövqeyini gücləndirə bilər.

Hörmətli cənab Prezident!

Dövlət idarəçiliyinin yalnız bugünkü problemləri həll etməkdən ibarət olmadığına, eyni zamanda ölkənin gələcəyini formalaşdırmaq, milli maraqları qorumaq və beynəlxalq münasibətlərdə tarazlı mövqe yaratmaq məsuliyyətini də daşıdığına inanıram.

Sizin Azərbaycanın müstəqilliyini, beynəlxalq mövqeyini və regional əlaqələrini gücləndirməyə yönəlmiş fəaliyyətinizi məhz bu məsuliyyət çərçivəsində qiymətləndirirəm. Cənubi Qafqazın həssas tarazlıqları şəraitində Azərbaycanın maraqlarını qorumaq və ölkənizin beynəlxalq əlaqələrini inkişaf etdirmək istiqamətində səylərinizi təqdirlə izləyirəm.

Əlbəttə, hər bir dövlətin siyasəti və hər bir liderin qərarları müxtəlif qiymətləndirmələrə səbəb ola bilər. Demokratik və açıq cəmiyyətlərdə tənqid təbii hüquqdur. Bununla belə, tənqidin qarşılıqlı hörmət, ədalətlilik və konkret qiymətləndirmələr əsasında aparılmalı olduğuna inanıram. Türkiyədə Sizə qarşı kiçik və düşüncəsiz bir qrupun məqsədli şəkildə səsləndirdiyi bəzi açıqlamaları bu meyarlar baxımından qeyri-məqbul hesab etdiyimi xüsusilə bildirmək istəyirəm. Bununla yanaşı, milyonlarla Türkiyə vətəndaşının qəlbində və vicdanında xüsusi yeriniz olduğunu da bilməyinizi istərdim.

Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün müasir sivilizasiya səviyyəsinə çatmaq, Türkiyəni ağılın, elmin və dünyəviliyin rəhbərliyi ilə gələcəyə aparmaq idealı ilə Azərbaycanın qurucusu və milli lideri Heydər Əliyevin müstəqil, güclü, müasir və öz milli kimliyinə sahib çıxan Azərbaycan məfkurəsi arasında dərin düşüncə yaxınlığının olduğuna inanıram.

Hər iki dövlət xadiminin öz ölkələrinin müstəqilliyini, milli birliyini və gələcəyini əsas götürən irsi Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın yalnız ortaq tariximizə deyil, həm də ortaq gələcək idealımıza söykəndiyini göstərir. Bu iki böyük dövlət xadiminin ortaya qoyduğu dəyərlərin bu gün də hər iki ölkənin çağdaşlaşma yoluna və Türk dünyasının gələcəyinə işıq salmasını arzulayıram.

Hörmətli cənab Prezident!

Bu məktubu yazmaqda məqsədim Sizə olan təqdirimi və təşəkkürümü səmimi şəkildə ifadə etməkdir. Azərbaycanın müasir, mədəni baxımdan zəngin, öz kimliyinə güvənən və beynəlxalq aləmdə güclü dövlət kimi inkişafını önəmsəyirəm. Ölkəniz və xalqınız üçün göstərdiyiniz səylərin Azərbaycanın gələcəyinə və Türkiyə-Azərbaycan qardaşlığına töhfə verməsini arzulayıram.

Azərbaycan xalqına rifah, əmin-amanlıq və xoşbəxtlik, ölkənizə sülh və inkişaf, Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlığın isə uzun illər ərzində daha da möhkəmlənərək davam etməsini diləyirəm.

Sizə və Azərbaycan xalqına ən səmimi hörmət və salamlarımı çatdırıram.


Hörmətlə,

30 oktyabr 2026-cı il

SETTAR KAYA

* Ankara-Bakı Tanıtma və Həmrəylik Dərnəyinin sədri

* Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini – Ankara

E-poçt: settarkaya06@gmail.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi