"Ermənilər üçün rusiyalı sülhməramlılar himayədar qüvvədir" - deputat
"Nə qədər ki, Azərbaycan ərazisində 30 ildən artıq dövrdə, 1991-ci ilin sentyabr ayından yaradılmış tanınmamış cinayətkar, terrorçu-seperatçı rejim var, Vətən müharibəsindən bir il yarım keçib hələ də Ermənistan dövlətinə aid olan silahlı birləşmələrin tör-töküntüləri, qalıqları ərazilərimizdə mövcuddur, təxribatlar vaxtaşırı olacaq". Bunu 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd Seçki Dairəsindən deputat Elman Məmmədov deyib.
Deputat hesab edir ki, ermənilərin təxribatçı davranışları günü-gündən də daha təhlukəli hala gələcək:
"Bir tərəfdən də ermənilərin orada qalıb, təxribat yaratmasına şərait yaradan Rusiya dövlətinə aid hərbi kontingent də Qarabağdadır. Ermənilər üçün rusiyalı sülhməramlılar himayədar qüvvədir. Nə qədər ki, rusların orada mövcudluğu var, təxribatlar qaçılmazdır. Azərbaycan tərəfi olaraq beynəlxalq hüquqa əsasən də o səlahiyyətə, haqqa malikik ki, öz ərazilərimizdən cinayətkarları çıxaraq, nəsə tədbir görək.
Hesab edirəm ki, bu tədbir görüləcək. Çünki 10 noyabr 2020-ci ildə 3 dövlət başçısının imzaladığı sənədə əsasən, Rusiya hərbi kontingenti ərazimizə daxil olduğu gündən bu tədbiri görməli idi. Bu, Rusiyanın öhdəliyi idi. Ancaq nəsə etmir, əksinə, Rusiya erməniləri himayə edir, bizim qanunlarımızı pozmasına şərait yaradır".
Milli Məclisin üzvü deyir ki belə olan təqdirdə, Azərbaycan hərbi gücündən istifadə edərək, müharibə deyil, ərazisini terrorçulardan, separatçılardan təmizləmək üçün antiterror əməliyyatına başlayacaq:
"Prezidentimiz müharibə dövründən əvvəl də, gedişatda da, sonra da ermənilərlə azərbaycanlıların Qarabağda birgəyaşayış məsələsinə aydınlıq gətirib. Bildirilib ki, əgər 1988-ci ilədək Qarabağ ərazisində yaşayan ermənilər orada varsa, Azərbaycan qanunlarını pozmayıb, bizə qarşı cinayət etməyiblərsə, həmçinin, qanunlarımızı qəbul edib adam kimi yaşamaq istəsələr, bu mümkündür. Bu, kənardan gələn cinayətkarlara aid deyil. Mən bir Azərbaycan vətəndaşı kimi sual edirəm ki, bu gün Ermənistan dövlətində bir azərbaycanlı yaşayır? Xeyr! Bəs nə üçün mənim ərazimdə erməni yaşamalıdır?!
Elə bu təxribatların qarşısının alınması, bəladan birdəfəlik yaxa qurtarmaq və eyni zamanda, gələcək bəlaların baş verməməsi üçün ən salamat variant ərazilərimizi bizi sevməyən qüvvələrdən, düşmənlərdən təmamilə təmizləməkdir".
Mənbə:My Webpage