Putin Bakının Qarabağla bağlı PLANINI ÖYRƏNDİ - Bakıya gecəylə kritik səfər
Rusiya-Ukrayna müharibəsi Ermənistanı xeyli dərəcədə qorxuya saldı. Götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün Azərbaycanın hərbi müdaxiləsinin baş vermək ehtimalının artdığını İrəvanda hiss edən siyasi dairələr anlayırlar ki, belə bir məqamda yenə də Rusiyanın dəstəyini arxalarına almasalar, növbəti dəfə onlar üçün vəziyyət çıxılmaz ola bilər. Ən çox da Ukraynaya müharibəyə kimi sözdə açıq dəstək nümayiş etdirib, Rusiyanın qarşısına çıxaran, Qərbin, ABŞ-ın Kiyevi meydanda tək qoyması görünür Ermənistandakı bəzi qüvvələri də ciddi narahat etməyə başlayıb.
Bu amil Ermənistanın bir qədər Qərbə olan inamına da zərbə vurduğunu deyə bilərik. Əsas məsələ isə Ermənistan anlamağa başlayır ki, Rusiyanın boyunduruğundan imtina edib, himayəsindən çıxıb Qərbə üz tutarsa Ukraynanın aqibətini yaşaya bilər.
Elə bu səbəbdən də müharibənin başlamasından 10 gündən çox vaxt keçməsinə baxmayaraq Ermənistan son 2-3 gün ərzində artıq Rusiyaya açıq dəstək nümayiş etdirməyə, bəyanatlar səsləndirməyə başlayıb. Görünür, İrəvan Ukraynada cərəyan edən prosesləri, beynəlaxalq güclərin bu hadisələrə nə dərəcə müdaxilə etmək imkanlarını, istəklərini izlədikdən sonra əks seçimin Ermənistan üçün faciə ilə bitəcəyini dərk etdi. Amma Ermənistan bir məsələni görünür hesaba daxil etməyib: Artıq Azərbaycan da ən azı onun qədər Rusiyanın müttəfiqidir, bunu 23 fevralda imzalanan 43 bəndlik Moskva Bəyannaməsi də təsdiq edir.
Rusiya üçün müharibədən cəmi bir gün əvvəl Azərbaycanla belə bir sənəd imzalaması, ölüm-qalım, həyati əhəmiyyət kəsb edən belə bir proseslərin içərisinə daxil olduğu vaxtda bu Bəyannamənin əhəmiyyətinin Moskva üçün çox vacib olduğu anlamına gəlir. Bu o deməkdir ki, Rusiya başı Şərqi Avropada və Balkanlardakı proseslərə qarışdığı bir vaxtda Cənubi Qafqazdakı vəziyyəti kontrolda saxlamaq adına ən güvəndiyi dövlət də məhz Azərbaycandır. Təbii ki, Rusiyanın bu qərarına Azərbaycanın gündən-günə dünyada artan nüfuzu, sərgilədiyi mövqe və verdiyi qərarlar da böyük rol oynadı. Onu da nəzərə alsaq ki, Moskva Bəyannaməsi Azərbaycan Prezidentinin dediyi kimi 1-2 ilin işi deyil, uzun zamandır bu sənədin hazırlanması istiqamətində hər iki tərəf ciddi şəkildə çalışıb, o zaman müharibədən bir gün qabaq Rusiyanın bu səsəni imzalanması ilə bağlı qərarı, Bakının növbəti diplomatik uğuru kimi xarakterizə edilə bilər.
Lakin, görünür Ermənistan tərəfi Azərbaycana olan bu etimaddan ciddi narahatlıq keçirir. Xüsusilə Nikol Paşinyanın da parlamentdəki son çıxışı zamanı Azərbaycanla sülh müqaviləsi imzalamaqla bağlı razılığını ifadə etdikdən sonra sanki Ermənistan müxalifəti və revanşist qüvvələr buna mane olmaq üçün yenidən fəallaşıblar.
Ermənistanda Prezident seçkilərindən bir gün əvvəl Tovuz istiqamətində erməni silahlı birləşmələrinin növbəti dəfə təxribat cəhdi, bunun ardınca Xocalıda səngər qazan (Bir müddət öncə, Azərbaycan Ordusu Xocalının Pirlər kəndində yaşayan ermənilərə səsgücləndiricilər vasitəsi ilə qanunsuz səngər qazmamaları barədə xəbərdarlıq etmişdi. Lakin ermənilər yenidən öz işlərinə davam etdiyi üçün, Azərbaycan əsgərləri yenidən kəndə müraciət edib və xəbərdarlıq edib. Bu barədə ermənilər Rus sülhməramlılarına şikayət bildirib. Lakin kəndə gələn Rus sülhməramlıları, kənd sakinlərinin səngər qazmalarına mane olub, avadanlıqlarını yıgışdırtdırıb və Azərbaycan Ordusunun əmrlərinə tabe olmağı bildirib - red) ermənilərə Azərbaycan hərbiçilərinin xəbərdarlığına məhəl qoyulmadan heçnə olmamış kimi işlərini yenidən davam etmələri bu özbaşınalığın qarşısını almaq üçün Azərbaycan Ordusunun ciddi tədbirlər görülməsini yenidən zərurətə çevirir.
Belə görünür ki, erməni lobbisi artıq işin-işdən keçdiyini anlayır, "Qarabağ klanı"nın vasitəsi və digər müxalif, revanşist qüvvələrin səyi nəticəsində son çırpıntılarını edirlər. Ötən gün Xankəndində qondarma rejimin başçısı qondarma rəhbəri Arayik Arutyunyan və ombudsman Qeqam Stepanyan, Ermənistanın yeni təyin olunmuş ombudsmanı Kristina Qriqoryan ilə görüşməsi faktı bunu deməyə əsas verir. Azərbaycan tərəfinin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq Ermənistan rəsmilərinin Qarabağa qanunsuz səfəri davam edir. Şübhəsiz ki, bu səfərlər də ancaq bir yolla təşkil edilə bilər - Laçın dəhlizi. Nəzərə alsaq ki, Laçın dəhlizindən Xankəndinə də hazırda sülhməramlı kontingentinin qurduğu postlarla keçmək mümkündür, demək ki, burada bilavasitə Rusiya da məsuliyyət daşıyır.
Bütün bunlar azmış kimi bu gün yenidən 00:40-dan 00:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin Goranboy rayonunun Gülüstan yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutması rəsmi Bakını yeni müttəfiq sənədinə tam uyğun olaraq davranmaq, Azərbaycanı artıq adekvat addım atmaq məcburiyyətində qoyur. Moskva Bəyannaməsinin 11-ci bəndində (11. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar - red) qeyd edildiyi kimi Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı artıq birmənalı şəkildə təxribatlar hiss olunacaq dərəcədə artdığı üçün rəsmi Bakı yeni hərbi əməliyyatlara başlayaraq yarımçıq qalan missiyanı tamamlaya bilər. Bütün təxribatlar Azərbaycanı məhz bu cür davranmağa məcbur qoyur.
Artıq Ermənistan höküməti bir yolla rus sülhməramlıların müvəqqəti nəzarət zonasında və sərhəddə Azərbaycana qarşı təxribarlatın qarşısını almaq istiqamətində ciddi düşünməlidirlər. Yoxsa Ermənistan bu yolla Azərbaycanı təxribata çəkərək yenə də Rusiyaya arxayındır?! Bəlkə bizim bilmədiyimiz KTMT Ermənistanı bu dəfə Azərbaycanın əlindən alacaq?! Bütün bu məsələlər artıq keçmişdə qaldı. Ermənistanın əvvəlki arxa-dayaq hesab etdiyi dairələr indi Bakı ilə maksimum yaxınlaşmaq üçün onun diqtə etdiyi məsələlərlə razılaşmağa hazırdırlar.
Baş verən son qlobal və regional proseslərə nəzər saldıqda Bakının əhəmiyyətinin istər Qərb, istərsə də Rusiya üçün nə qədər artdığını görmək mümkündür. Belə bir vəziyyətdə Ermənistanın Azərbaycanı təxribata çəkmək cəhdi öz ayağına sıxmaqdan başqa bir şey deyil. Onsuz da 44 günlük müharibə ilə Ermənistan ən böyük zərbəni almışdı. Bu ağır məğlubiyyətdən özünə gəlməmiş, yenidən düşmən tərəfinin təxribatyönlü addımlarla Azərbaycanı növbəti hərbi əməliyyatlara başlamaq məcburiyyətində qoyması bu dəfə İrəvan üçün daha betər, daha arzuolunmaz, faciəvi sonluqla yekunlaşa bilər. Bunu Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə qurduğu yeni hərbi obyektlər, infrastruktur, texnika və şəxsi heyyətlə bağlı göstəricilər də təsdiq edir.
Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun dünən Bakıya gəlməsi, Prezident İlham Əliyevlə görüşmək planı da sıradan bir hadisəyə bənzəmir. Rusiyanın Ukraynaya elan etdiyi müharibə fonunda strateji müttəfiqlər arasında müzakirələr və məsləhətləşmələr aparmaq zərurətinin yarandığı, yenidən qlobal və bölgəsəl məsələləri gözdən keçirmək ehtiyacının meydana çıxdığı görünür. Şuşa Bəyannaməsindəki bir bəndi xatırlasaq deyilənlərin reallıq dərəcəsini də anlamaq çətin olmaz: Bəyannaməsinin II bəndində qeyd edilir ki, "Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq".
Onu da əlavə edim ki, Şuşa Bəyannaməsindən irəli gələrək Türkiyənin də istənilən an Qarabağdakı proseslərə həm siyasi, həm də hərbi müdaxiləsi mümkündür. NATO Xarici İşlər Nazirlərinin Brüsseldə Ukrayna üzrə fövqəladə iclasından dərhal sonra qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlunun gecəylə Bakıya gəlməsi də adi səfər kimi təqdim edilməməlidir. Bunu elə M. Çavuşoğlunun özü də hava limanında təsdiq edib: "Əlaqələrimizi və regional hadisələri müzakirə etmək üçün Azərbaycandayıq".
Son hadisələr fonunda Ermənistanın artan təxribatlarına cavab olaraq rəsmi Bakının təmkinlik nümayişi deməyə əsas verir ki, Azərbaycan Rusiya-Ukrayna müharibənin nəticəsinin daha dəqiq bilinməsinə qədər hələlik gözləmə mövqeyini seçib. Lakin bu o demək deyil ki, Azərbaycan Qarabağda olan prosesləri diqqətdən kənar qoyur. Əksinə, rəsmi Bakı növbəti adekvat addımlar üçün zəmin hazırlayır, uyğun şəraitin yarandığı ilk fürsətdəcə bu məsələni bitirəcək, lazımı işlər görüləcək. Azərbaycan çox ehtiyyatlı və balanslaşdırılmış siyasət yeridir. Biz bunun faydasını 44 günlük müharibə zamanı da gördük. Hər hansı bir
Azərbaycan 44 günlük müharibəyə nə zaman başladı?! Biləndə ki, bütün məsələlər aydındır - 100 faizli təminat var ki, başqa dövlətlər ona müdaxilə etməyəcəklər və onun Qarabağdakı əməliyyatına mane olmayacaqlar, ondan sonra haqq savaşına başladı. Düşünürəm ki, Azərbaycan yenə də 100 faizli təminat əldə etdikdən sonra Qarabağın dağlıq hissəsində, sülhməramlı kontingentin nəzarəti altındakı qanunsuz erməni silahlı dəstələrinin tərki-silah edilməsi və digər önəmli məsələləri yoluna qoymaq istiqamətində növbəti adekvat addımlar atacaq.
Azərbaycanı heç bir siyasi avantüralara cəlb etmək mümkün deyil. Bütün qərarlar dərin siyasi təhlilə əsaslanır, dövrün reallıqları nəzərə alınır, gələcək üçün real proqnozlar müəyyən edilir, istənilən qərar milli maraqlara əsaslanır. Odur ki, Bakının təmkin nümayişi heç də onun Ermənistanın təxribatlarına göz yumacağı, yenə daha neçə illər İrəvbanın ipə-sapa yatacağını gözləyəcəyi anlamına gəlmir. Bu gün Azərbaycan həm Türkiyə ilə, həm Rusiya ilə müttəfiqlik münasibətləri qurmaqla ən çətin dövrdə özünün təhlükəsizliyinə zəmanət alıb. Postsovet məkanında ikinci belə ölkə yoxdur. Rəsmi Bakı bunun verdiyi avantajı çox yaxşı anlayır və bu tarixi imkandan mütləq yararlanacaq.