Azərbaycan 4 il sonra ƏN BÖYÜK ZƏFƏRİNİ qazana bilər - Növbəti HƏDƏFimiz
Xilasını xarici dairələrdə axtaran rəsmi İrəvan Soçi görüşündən sonra ümidini Qərbə bağlamışdı və düşünürdü ki, Bakının mövqeyində hər hansı bir dəyişikliyə nail olmaq mümkündür. Amma anlamırdı ki, Bakının mövqeyi qətidir, birmənalıdır və heç bir korrektəyə ehtiyacı yoxdur.
Bakı Brüsseldə nə qazandı?
Azərbaycan Avropa İttifaqının paytaxtında Qarabağla bağlı məsələdə Ermənistandan uzaqlaşmağı bacardı. Səsləndirilən bəyanatlar deməyə əsas verdi ki, Qarabağdakı ermənilər Azərbaycanın daxili işidir və "status"la bağlı bəyanatlar artıq elə Brüsseldəcə son vidasını etdi. Eyni zamanda Azərbaycan bununla Qarabağa ərazi iddiası olan Ermənistanı Xankəndi mövzusundan kənarlaşdırmağa nail oldu. Artıq Qarabağdakı ermənilər Azərbaycan və Ermənistan arasında yox, Bakı və Moskva arasında mövzuya çevriləcək ki, bu da Rusiyanın Qarabağa heç bir tarixi və hüquqi bağlılığının olmamasını nəzərə alsaq bir müddət sonra lazım gələn vaxtda sülhməramlıların çıxarılması (10 noyabr 2020-ci il üçtərəfli birgə bəyanatına əsasən 2025-ci ildə tərəflərdən biri etiraz edəcəyi təqdirdə bölgəni tərk edə bilər) ilə bağlı istəyimiz zamanı mövqelərimiz güclənəcək, bu istəyimizə də çatacağıq. Beləcə, Xankəndi tamamilə rəsmi Bakının yuridiksiyasına keçəcək.
Ermənistan ümid edirdi ki, Qərbi və Qərbdəki erməni lobbisinin gücünü arxasına alaraq Azərbaycana təzyiq edərək müəyyən məsələləri öz xeyirinə dəyişə bilər, xüsusilə yenidən xəyal etdikləri "status" məsələsini, ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasını gündəmə gətirə bilər və dəhlizlərin açılması ilə bağlı özünə əlverişli mövqe təmin edə bilər. Ancaq bunların heç biri rəsmi İrəvanın planlaşdırdığı kimi getmədi. Paşinyan burada da böyük səhv buraxdı. O, anlamadı ki, Azərbaycan hazırda əvvəlki illərlə müqayisədə Qərblə daha yaxşı münasibətlərə malikdir. Azərbaycanın enerji təchizatı sahəsində etibarlı tərəfdaş olduğu, alternativ mənbə və alternativ xətt üzrə Avropanın enerji təhlükəsizliyinə töhfəsini verməsi bu münasibətlərin daha da böyük perspektiv vəd etdiyindən xəbər verir.
Prezidentin Brüssel səfəri zamanı NATO-nun Baş katibi Yens Stoltenberq və Avropa İttifaqının prezidenti Şarl Mişel ilə görüşlərində səsləndirilən yekun bəyanatlar da rəsmi Bakının Avropadakı mövqeyinin üst səviyyəyə çatdığını, istəklərinin nəzərə alındığının şahidi olduq.
Aİ Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Eyni sözü NATO-ya da şamil etmək olar. Belə ki, NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir. Həmçinin Alyansın 4 ölkəsi, o cümlədən Türkiyə Azərbaycandan təbii qaz idxal edir ki, gələcəkdə bu coğrafiyanın genişləndirilməsi imkanlarının olduğunu da nəzərə alsaq, gələcəkdə bunun tərəfdaşlığın ötəsinə çıxacağı istisna edilmir.
Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi tarixi zəfər Brüssel səfərində rəsmi Bakının lehinə işləyən əsas hadisə idi. Yəni Kollektiv Qərb İkinci Qarabağ müharibəsinə kimi Azərbaycanın ərazi bütövlüyünü qəbul edirdi və Azərbaycan da bunu təmin edibdir. Yəni bu dəfə Prezident İlham Əliyev ölkəsinin ərazisi təmin edilmiş bir lider kimi Avropa İttifaqının paytaxtı Brüsselə səfər etdi. Bu yeni reallığa regional aktorların, bəzi qonşularımızın etirazı var idi, qəbul etmək istəmirdilər, hətta kommunikasiyaların açılmasına razı deyildilər. Amma nəticədə Azərbaycanın hərbi-diplomatik gücü, beynəlxalq nüfuzu region ölkələrini də rəsmi Bakının gündəliyini qəbul etdirdi. Göründü ki, region ölkələri ilə yanaşı artıq Qərb də Azərbaycan-Ermənistan məsələsinə öz mövqeyini dəqiqləşdirdi və dünyanın gözü qarşısında bunu elan etdi.
Yekun olaraq demək olar ki, Şərq Tərəfdaşlığı Sammitinin Yekun Bəyannaməsində üzv ölkələrin ərazi bütövlüyünün dəstəkləndiyi ifadə olundu ki, bəyannaməni imzalayan Ermənistan bununla eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etmiş oldu. Rəsmi İrəvan bundan əvvəlki illərdə də qəbul edilən və ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin əks olunduğu bəyannamələri imzalayıb. Lakin nəzərə almaq lazımdır ki, bu, Azərbaycanın 44 günlük müharibə ilə yeni reallıq yaratmasından sonra Qərbdə imzlanan ilk belə sənəddir.
Belə demək mümkünsə, İlham Əliyevin son illər seçdiyi hücum diplomatiyası özünü postkonflikt dövründə doğrultmaqda davam edir, bunun da faydasını biz Brüssel səfərində gördük.
Milli.Az