Prezident İlham Əliyevin TASS-a açıqlamalarındakı mesajlar - İNCƏLƏMƏ...
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 23-də Moskvada TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı maraqlı açıqlamalar verib və ünvanlanan sualları cavablandırıb. Prezident Azərbaycan-Rusiya münasibətləri, yeni imzalanan müttəfiqlik bəyanatı və KTMT mövzusunda da danışıb.
İlham Əliyev bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin xarakteri uzun illər boyu müttəfiqlərin münasibətlərinin bütün parametrlərinə cavab verirdi. Rusiya ilə Azərbaycan arasında 200-dən artıq sənəd imzalanıb. Dövlətlərarası münasibətlərin qurulmasından 30 il keçdikdən sonra onlar müttəfiqlik səviyyəsinə çatıb. Uzun illər boyu Rusiya ilə Azərbaycan arasında olan münasibətlər strateji tərəfdaşların münasibətləri kimi xarakterizə olunub. Münasibətlərin indiki formatı ali formatdır. Yəni, bundan yüksək format praktiki olaraq yoxdur. Azərbaycanın dövlət başçısı qeyd edib ki, imzalanmış Bəyannamə uzun illər boyu aparılmış çox ciddi işin nəticəsidir. Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrup sənədin üzərində bir ildən artıq müddətdə birgə çalışıb. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər-ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir.
Prezident onu da deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aparıcı rol Rusiyaya məxsusdur. Bu fakt Qazaxıstan hadisələrindən əvvəl də hamıya aydın idi. Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri, habelə Bəyannamənin 6-cı və 16-cı bəndləri zəruri hallarda hərbi yardım göstərilməsi ilə bağlı məsələlərə birbaşa dəlalət edir. Rusiya ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması istiqamətində bir addım artıq atılıb. Ermənistan istisna olmaqla KTMT-nin digər üzvləri ilə Azərbaycanın etimadlı, yaxın, dostluq münasibətləri var. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlər də normallaşacaq. Azərbaycan Ermənistan ilə sülh müqaviləsi bağlamaq arzusundadır. DİA.AZ-ın məlumatına görə, politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycanla Rusiya arasında yaxınlaşma tendensiyası uzun illərdən bəri müşahidə olunurdu: “Əməkdaşlıq demək olar əksər sahələrdə yüksələn xətt götürmüşdü. Yəni müttəfiqlik haqqında bəyannamənin imzalanması qəfil ortaya çıxan məsələ deyildi, qeyd oluna tendensiya buna aparırdı və məntiqi nəticəsinə gəlib çıxdı. Diqqət edirsinizsə, Prezident İlham Əliyev açıq şəkildə bəyan edib ki, Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrup bəyannamə layihəsinin üzərində bir ildən artıq müddətdə birgə çalışıb. Eyni zamanda hakimiyyət deputatlarının da açıqlamalarından məlum olur ki, belə bir sənədin imzalanmasına rəsmi hazırlıq işləri 2021-ci ilin birinci yarısından başlanıbmış. Deməli, Prezident İlham Əliyevin 31 Dekabr-Dünya Azəraycanlılarının Həmrəylik Günü ilə bağlı xalqa təbrik müraciətində Azərbaycanın xarici siyasəti ilə bağlı mövqeyini ifadə edərkən Rusiya-Azərbaycan münasibətlərinə toxunması, ”bizim Rusiya ilə münasibətlərimizin bundan sonrakı inkişafına xidmət göstərəcək yeni əməkdaşlıq mühitinin formalaşdırılması ilə bağlı addımlar atılacaq" fikirləri təsadüfi deyilmiş. Yəni bunun anonsunu cənab Prezident vermişdi.
İndiki halda isə Azərbaycanla Rusiyanın münasibətlərinin müttəfiqlik səviyyəsinə qalxması o deməkdir ki, bütün sferalar üzrə əməkdaşlıq yeni mərhələyə qalxır və artıq yeni imzalanan sənəd Azərbaycan-Rusiya münasibətlərinin bundan sonrakı inkişafının yol xəritəsi də hesab oluna bilər. Bütün sahələrdə əməkdaşlığın bundan sonrakı inkişafı öz əksini tapıb. Hər iki tərəfin bu münasibətlərin daha da yüksəyə qaldırılmasında maraqlı olduğu öz ifadəsini tapır. Bu sənəddə həm də 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatı, 2021-ci ilin 26 noyabr sənədlərindəki məsələlərin tam həyata keçirilməsi də əksini tapır.
Prezident bildirib ki, Türkiyə ilə münasibətlər ən yüksək səviyyədədir. Bu da bir daha onu göstərir ki, Azərbaycan qardaş ölkə ilə müttəfiqlik münasibətlərini bütün digər ölkələrə münasibətlərdən daha üstün bilir. Azərbaycanın qarşısında dayanan mühüm vəzifələrdən biri təhlükələrdən özünü sığortalamaqdır, həm Türkiyə ilə, həm də Rusiya ilə imzalananan müttəfiqlik bəyannamələri məhz bunun üçündür".
Politoloq qeyd etdi ki, KTMT-nin qurucusu da, əsas sütunu da Rusiyadır: “Əslində KTMT Rusiyanın yaratdığı hərbi alət də sayıla bilər. Ermənistan 44 günlük Vətən müharibəsində bütün gücü ilə çalışdı ki, bu aləti Azərbaycana qarşı istifadə etsin, lakin nail ola bilmədi. Əvvəla, Rusiyanın və şəxsən Prezident Vladimir Putinin konkret mövqeyi bu məsələdə ermənilərin əleyhinə olduğu üçün İrəvan istəyinə nail ola bilmədi. İkincisi, Ermənistan istisna olmaqla KTMT-dəki ölkələrin hamısı Azərbaycanla yaxın dostluq münasibətlərinə, çox ciddi əlaqələrə malikdir. Məhz bu amil də Ermənistanın KTMT ümidlərini puç etdi. Ermənistanın rəhbəri dəfələrlə KTMT-yə rəsmi müraciətlər etdi, dəfələrlə şifahi çağırışlar etdi. Ancaq Azərbaycanın başda Rusiya olmaqla KTMT ölkələri ilə qurduğu yaxın münasibətlər öz sözünü dedi, Ermənistan KTMT-dən heç bir dəstək ala bilmədi. Müharibədən sonrakı müddətdə şəxsən Nikol Paşinyan və digər erməni siyasətçilərin dilindən ”Ermənistanın KTMT-dəki müttəfiqləri Ermənistandan çox Azərbaycanla müttəfiqdirlər" bəyanatları səslənib.
Azərbaycan artıq ən yüksək səviyyədə bəyan edib ki, Ermənistanla sülh sazişi imzalamağa hazırdır və bu sülh sazişi hər iki ölkə üçün vacibdir. Hesab edirəm ki, sülh sazişi imzalansa Azərbaycan-Ermənistan münasibətləri get-gedə düzələr və KTMT-nin üzvü olan Ermənistanın da digər müttəfiqləri kimi Azərbaycanla əməkdaşlıq münasibətləri qurulmağa başlayar. Əks təqdirdə Ermənistan elə indiki ağır vəziyyətdə qalacaq".
Mənbə:My Webpage