azia.az
azia.az

Lapşin yenə Qarabağda, yenə Azərbaycana qarşı - Bakı bu dəfə onu həbsə atsa...

25-02-2022, 11:47

Lapşin yenə Qarabağda, yenə Azərbaycana qarşı - Bakı bu dəfə onu həbsə atsa...
Azərbaycan Prezidenti tərəfindən əfv edildikdən 5 il sonra rusiyalı və israilli bloger Aleksandr Lapşin yenidən Qarabağa səfər edib.Bu haqda erməni mediası məlumat yayıb. Lapşin “Youtube” kanalında Qarabağı gəzməsi ilə bağlı videoreportaj yayıb. Reportajın əvvəlində Lapşin səfərə necə hazırlaşmasından danışıb.

O, xüsusilə qeyd edib ki, 44 günlük müharibədən sonra Azərbaycanın nəzarətinə keçən Qarabağ ərazilərinə səfər etməkdən ötrü Bakının tələb etdiyi kimi icazə almaq üçün guya Azərbaycan Xarici İşlər Nazirliyinə məktub yazıb. Amma ona heç bir cavab verilməyib. Təhlükəsizlik səbəbindən Ermənistandan Azərbaycana və Qarabağa daxil olan yolun bəzi yerlərini Lapşin maska və iri gün eynəkləri taxaraq keçib. Blogerin sözlərinə görə, azərbaycanlılar bu günə kimi Lapşini Qarabağa ilk səfərinə və verdiyi açıqlamalara görə bağışlamayıblar, ona görə də o, ehtiyat tədbiri olaraq üzünü mümkün qədər örtmək qərarına gəlib.

Lapşin Laçın rayon mərkəzində də avtomobildən düşərək sərbəst şəkildə çəkiliş aparıb. Halbuki Rusiya hərbçiləri Azərbaycanın nəinki jurnalistlərinə, heç hərbçilərinə də Laçın şəhərində avtomobili saxlayıb düşməyə icazə vermir. Hətta maşının içərisindən telefonla çəkiliş etmək də qadağan edilir. Bloger isə reportajında Qarabağın müxtəlif yaşayış məntəqələrini və görməli yerlərini göstərib. Şuşa və Xankəndi yaxınlığında şəkil çəkdirib. O qeyd edib ki, marşrutun bu hissələrində Azərbaycan sərhədçiləri dayanıb və onlar Qarabağa keçənləri diqqətlə izləyirlər. Lapşin Azərbaycan Respublikasının Xocavənd şəhərinə səfər edib, Amaras monastır kompleksi və Əsgəran qalasına da baş çəkib və oradan mənzərəni nümayiş etdirib. Rusiyalı bloger Kəlbəcər rayonunun Vəngli kəndini də göstərib, məşhur Gəncəsar monastrından danışıb. Səfərin sonunda Lapşin Xankəndində də olub, hoteldə gecələyib və bazara da baş çəkib. Son 5 ilə yaxın müddətdə A.Lapşin dəfələrlə Azərbaycana qarşı, o cümlədən guya Qarabağın ermənilərə məxsus olması haqda çıxışlar edib. Onu bu dəfə də həbsə ata bilərikmi? Lapşini Qarabağa kəşfiyyat üçün göndərənlər kimlərdir?

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, görünür, Lapşini azad etməkdə səhvə yol vermişik: “Bu şəxs kəşfiyyat missiyasını yerinə yetirir, blogerlik bir kamufulyajdır, əslində reportyor adı altında gizlənərək öz təxribatçı addımlarını davam etdirir. Hətta həbsdən azad edildikdən sonra məlumat vermişdi ki, bir daha belə addımlar atmayacaq, Azərbaycanın haqq işini müdafiə edir və ölkəmiz işğala məruz qalıb. İndi isə məlum olur ki, Lapşin riyakarlıq edib, onun müəyyən mərkəzlər tərəfindən yönləndirilməsi də istisna deyil”.

Q.Hüseynli Lapşinin erməni diasporundan maliyyələşməsini də mümkün sayır: “Onu Qarabağa göndərməklə rezonans doğurmağa çalışırlar. Bütün bunlar ürəkbulandırıcı faktlardır. Biz həmin bölgələrə nəzarəti çox uzaq olmayan vaxtda həyata keçirdikdən sonra belə tör-töküntülərin səfərlərinin qarşısı tamamilə alınacaq. Onun Azərbaycan Xarici İşlər Nazirliyinə guya müraciət etməsi də inandırıcı görünmür, yalan danışır. Hətta olubsa belə, Lapşinin gətirdiyi bəhanə etdiyi qanunsuz səfərə bəraət qazandırmır, əksinə, yenidən həbsi üçün zəmin yaradır. Çünki özü buna əsas verməkdədir”.

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, Lapşin qanunvericiliyi pozub, cinayət məsuliyyəti daşıyır: “Bu cür qanunsuz səfərlər edən hər kəs, o cümlədən Lapşin haqqında Baş Prokurorluq cinayət işi açmalı, barəsində axtarış elan etməlidir. Ardınca həmin şəxslərin həbsinə nail olunmalıdır. Çünki nəticə çıxarmırlar, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərirlər, qanunu pozurlar və bu hallara da göz yummaq olmaz”.

Q.Əlibəyli qeyd etdi ki, Lapşinin bu səfərlərlə hansısa tapşırıq yerinə yetirib-yetirmədiyini istintaq müddətində müəyyənləşdirmək olar: “O, azad edilib gedəndən sonra danışmışdı ki, guya ona işgəncə verilib. Görünür ki, hansısa mərkəzlərin təsiri altındadır və indi də müharibədən sonra Qarabağa yenə gizli şəkildə qanunsuz səfər edir. Sülhməramlıların da burada məsuliyyəti var və biz Laçın dəhlizinə nəzarəti konkretləşdirməliyik”.

Siyasi şərhçi Ramiyə Məmmədovanın fikrincə, Lapşin artıq anti-Azərbaycan mövqedə dayanan, bizi özünə düşmən kimi görən bir reportyor olduğunu təsdiqlədi: “Onun Peqov kimi bir yaramaz olduğu göz qabağındadır. Lapşinin bizə qərəzi var və onu da hiss etdirir. Əslində bu addımı ilə guya acıq verdiyini nümayiş etdirməyə çalışıb, amma Azərbaycan tərəfi də hüquqi müstəvidə növbəti addım atmalıdır. Çünki dərs götürməyib və Vətən müharibəsindən sonra da qanunsuz səfər etməklə demək istəyir ki, mən erməni tərəfindən çıxış edirəm. Burada sülhməramlıların məsuliyyətsizliyi tənqid olunmalıdır. Onlar Lapşini buraxmamalıydılar. Amma bunu kimə deyirsən? Fransalı siyasətçini buraxıblarsa, Lapşinə də göz yumacaqdılar”.

Ekspert hesab edir ki, onun əraziləri gəzməsi yalnız bizim icazə ilə baş verə bilərdi: “Amma Ermənistandan gələrək Qarabağa daxil olanlar belə fikir yaradırlar ki, qondarma rejimin mövcud olduğu ərazilər ermənilərə aiddir. Biz buna son qoymalıyıq və dünya suveren ərazilərimizdə təxribatçı hərəkətlərlə bağlı sərt hərəkətlərimizi görməlidir. Əgər bir-iki dəfə Laçın koridorunda real addımlar atsaq, o zaman qanunsuz səfər cəhdlərinin sayı xeyli dərəcədə azalacaq. Ən azından anlayacaqlar ki, bu yer heç də təhlükəsiz deyil, əl-qolunu sallayıb rahat Xankəndinə gəlmək olmaz, Azərbaycan orqanları tədbir görə bilərlər. Bu qorxu qanunsuz səfərlərdən onları çəkindirəcək”.
Lapşin yenə Qarabağda, yenə Azərbaycana qarşı - Bakı bu dəfə onu həbsə atsa...
Yada salaq ki, Rusiya, İsrail və deyilənə görə, Ukrayna vətəndaşlığı olan bloger Aleksandr Lapşin Azərbaycan hakimiyyətinin tələbi ilə 2016-cı il dekabrın 15-də Minskdə saxlanılıb və 7 fevral 2017-ci ildə Azərbaycan hakimiyyətindən icazə almadan Qarabağa (2011-2012-ci illərdə) səfər etdiyi üçün Bakıya ekstradisiya edilib. Məhkəmə onu 3 il müddətinə azadlıqdan məhrum edib. 11 sentyabr 2017 -ci il tarixində Prezident İlham Əliyev onunla bağlı əfv sərəncamı imzalayıb.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi