azia.az
azia.az

Ermənilərin “Lapşinin aqibəti” qorxusu

26-01-2017, 12:37

Ermənilərin “Lapşinin aqibəti” qorxusu
Onlar Belarus məhkəməsinin qərarının özləri üçün təhlükəli presedent yaradacağını düşünürlər

Xəbər verdiymiz kimi, Belarus Baş Prokurorluğu blogger Aleksandr Lapşinin Azərbaycana verilməsi barədə rəsmi Bakının verdiyi sorğunu artıq təmin edib.

Aleksandr Lapşin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən Dağqlı Qarabağ ərazisinə qeyri-qanuni yollarla keçməkdə ittiham olunur.

Lapşinin ekstradisiyası barədə rəsmi sorğu Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən verilib. Məhkəmə qərarında Aleksandr Lapşinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunduğu göstərilib.

Məlum olduğu kimi, Lapşin Rusiya, İsrail və Ukraynanın vətəndaşıdır. Hazırda onun Azərbaycana ekstradisiyasına yalnız Rusiya və İsrail aktiv surətdə qarşı çıxır. Ukrayna isə Krım məsələsinə görə bu məsələdə nisbi susqunluq nümayiş etdirir. Çünki əks halda bu rəsmi Kiyevin Krımın Rusiya tərəfindən işğalının de-fakto olaraq tanınması demək olacaq.
Lapşinin Azəraycana ekstradisiya edilməsi məsələsinin hüquqi presedent baxımından da əhəmiyyəti burada önə çıxır.

Elə erməniləri də qorxudan məhz bu məsələdir. Mövzu ilə bağlı Ermənistanın “Məlumatlı vətəndaşlar birliyi” təşkilatının eksperti Anna Pambıqçıyan Ermənistan mətbuatına göndərdiyi yazıda bu xüsussata diqqət çəkir.

“Belarus hakimiyyətinin blogger Aleksandr Lapşinin Bakıya ekstradisiya edilməsi haqqında qərarı rəsmi Minskin Azərbaycanla əməkdaşlığa ölkədə xarici vətəndaşların hüquqlarının qorunmasından daha çox önəm verdiyini göstərir.
Faktiki olaraq bu o deməkdir ki, əgər Belarus Rusiya, İsrail və Ukrayna vətəndaşlığına malik bir adamı Bakıya təslim etsə bunu Dağlıq Qarabağı ziyarət edən istənilən hər kəsə edə bilər”, - Anna Pambıqçıyan yazır.

“Belə olan halda eyni situasiya ilə Qarabağa səfər edən Ermənistan vətəndaşları da üzləşə bilərlər. Dağlıq Qarabağa gedən Rusiya və İsrail vətəndaşı olan bir bloggerin nə vaxtsa bölgədə olan digər insanlardan nə fərqi ola bilər ki...
Onların hamısı Bakıya görə Azərbaycan-Ermənistan sərhədini qeyri-qanuni olaraq keçən şəxslər siyahısına düşəcəklər.

Daha doğrusu, indən belə “Dağlıq Qarabağ Respublikası”na (qondarma-red.) baş çəkən şəxs Belarusda olan zaman hər an Azərbaycana ekstradisiya olunmaq təhlükəsi ilə üzləşə bilər. Bu səbəbdən Ermənistan XİN Azərbaycanın “qara siyahısı”nda olan və ya nə vaxtsa Dağlıq Qarabağda olmuş hər kəsi Belarusa etdikləri səfərin onlar üçün təhlükəsiz olmadığını izah etməlidir, - yazıda qeyd olunur.

Məqalə müəllifi Belarus Respublikasının həm Avrasiya İqtisadi İttifaqı, həm də Kollektiv Müqavilə Təhlükəsizlik Təşkilatı çərçivəsində Ermənistanın rəsmi müttəfiqi sayıldığına diqqət çəkərək, bu cəhəti mövcud situasiyada ən mühüm məsələ hesab etdiyini bildirir. Pambıqçıyan Ermənistan qarşısındakı müttəfiqlik öhdəliklərinə rəğmən Belarusun həmişə anti-Ermənistan xətt yürütdüyünü və Azərbaycanın yanında olduğunu vurğulayıb.

“Lapşinin ekstradisiyası, heç şübhəsiz, Belarus və Azərbaycan arasında sıx münasibətlərlə şərtlənən siyasi arqumentləşdirmədən ibarətdir. İstasna olunmur ki, Minsk örnəyi Azərbaycanla sıx əlaqələrə malik digər ölkələr üçün də keçərli olacaq.

Belə olan halda biz Türkiyə, Pakistan və Qazaxıstanın da Bakıdan gələn məhkəmə sorğuları ilə Azərbaycan sərhədlərini qeyri-qanuni olaraq keçməkdə ittiham olunan şəxsləri Bakıya təslim edəcəklərini ehtimal edə bilərik”, - Anna Pambıqçıyan narahatlığını dilə gətirib.(musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi