Türkiyəli hərbi ekspert: “Yunanıstanın adaları silahlandırması Türkiyənin milli təhlükəsizlik problemidir”
“İstər tarixən, istərsə də hazırki geosiyasi vəziyyətdə Yunanıstan olduqca problemli və anlaşmalara əməl etməyən qonşu dövlətdir. Bunu Yunanıstanın beynəlxalq razılaşmalara və Türkiyənin dostluq cəhdlərinə verdiyi cavablar deməyə əsas verir”.
Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında türkiyəli hərbi ekspert, geosiyasi strategiyalar üzrə mütəxəssis Ahmet Zengin bildirib.
Ekspert qeyd edib ki, Yunanıstanın beynəlxalq konvensiyalara uyğun şəkildə “silahsızlaşdırılmış” adalarda razılaşmaların şərtlərini pozması yeni tendensiya deyil:
“Yaxın və uzaq tarixdə bunların bir çox örnəkləri mövcuddur. Hazırda ən vacib məsələ Yunanıstanın Türkiyəyə qarşı NATO daxilində fəaliyyət göstərməsidir. Alyans daxilində Fransa bəhs etdiyimiz yunan adalarının silanlandırılmasında Yunanıstanın ən böyük dəstəkçisidir. Ötən günlərdə Yunanıstan Çeşmə rayonunun yaxınlığındaki Sakız adasında hərbi təlimlər keçirdi. Daha sonra “Koyun adası”na ölkənin müdafiə naziri və yüksəkrütbəli hərbi qulluqçularının səfəri təşkil olundu”.
Ahmet Zengin bildirib ki, Paris və Lozanna sülh müqavilələrinin şərtlərinə baxmayaraq Yunanıstanın Egey dənizi ətrafındaki ada və yüksəklikləri durmadan silahlandırması və oraya canlı qüvvə, həmçinin texnika cəlb etməsi Avropa İttifaqına əminliyindən qaynaqlanır:
“Yunanıstanın təkcə 12 adanı BMT-in müvafiq qərarlarına, beynəlxalq razılaşmaların əksinə silahlandırması Türkiyənin milli təhlükəsizlik problemidir. Bu illər ərzində Türkiyənin müdafiə naziri, ölkə rəhbərliyi də bu problemin həlli üçün Yunanıstan tərəfinə, NATO-un digər üzvlərini də ortaq həll yolu tapmağa çağırıb, ancaq mümkün ortaq həll yolu tapılmayıb”.
Qeyd edək ki, ötən gün Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Yunanıstan rəhbərliyini adalarda silahsızlaşdırma ilə bağlı beynəlxalq hüququn qərarlarına hörmət etməyə çağırmış, Türkiyənin bu mövzuda güzəştə getməyəcəyini bildirmişdi.