“Ola bilsin heç Putinin özü də hazırda bunu bilmir…”
Rusiyanın Qərbə təqdim etdiyi ultimatuma, yaxud “təhlükəsizlik təminatı sənədi” adlanan və NATO-nun nəinki keçmiş sovet respublikalarında hər hansı fəaliyyətini istisna edən, eləcə də Şərqi Avropa ölkələrindən çəkilməsini nəzərdə tutan tələblərə ABŞ-ın yazılı cavabı artıq Moskvaya təqdim edilib. Xəbər verildiyi kimi, cavabı yanvarın 26-da axşam Birləşmiş Ştatların Moskvadakı səfiri Con Sallivan Rusiya XİN-ə çatdırıb. Ertəsi gün Kreml açıqlayıb ki, cavabı şəxsən Vladimir Putin oxuyub və Rusiya tərəfinin ona reaksiyası yaxın günlərdə açıqlanacaq. ABŞ tərəfi cavabın ictimaiyyətə açıqlanmamasını xahiş edib, amma Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə bildirib ki, onlar buna təminat verə bilməz. Çünki cavab ABŞ-ın müttəfiqləri ilə, o cümlədən Ukrayna ilə razılaşdırılıb və nəticədə mətn birdən çox ölkədə var. Və həmin mətnin sızması qaçılmaz olacaq və yaxın günlərdə ABŞ-ın cavabı açıqlanacaq.
Yanvarın 27-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın cavab məktubu barədə danışarkən demişdi ki, bu sənəddə dialoqun davam etdirilməsinin mümkünlüyünü göstərən məqamlar var, lakin Moskva özünün əsas tələblərinə qənaətbəxş cavab almayıb.
Cavabın məzmunu bəlli olmasa da bir məsələ dəqiqdir ki, ABŞ NATO-nun genişlənməyəcəyinə dair təminat verməkdən, yəni Ukrayna və Gürcüstan üçün alyansın qapılarının bağlanmasından imtina edib. Bunu həm ABŞ, həm Rusiya rəsmiləri təsdiq edirlər. Beləliklə, hesab etmək olar ki, ABŞ Rusiyanın ultimatumunun əsas bəndinə rədd cavabı verib və indi Moskvanın bunu bəhanə kimi istifadə edərək Ukraynaya hücum üçün “legitim əsaslar” əldə etdiyini irəli sürəcəyi istisna deyil.
Ötən gün yanvarın 27-də AzadlıqRadiosu-nun Vaşinqton redaksiyasına müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Vaşinqton Rusiyanın Ukrayna və Avropada təhlükəsizlik nizamı ilə bağlı tələblərinə ABŞ-ın verdiyi cavaba münasibətini hələ də bilmir. O bildirib ki, Rusiya bundan sonra da “təcavüz yolunu” seçərsə, onu bunun “çox böyük nəticələri” gözləyir.
Entoni Blinken bununla bağlı suala cavab verərkən deyib ki, Vaşinqtonu indiki vəziyyətdə yalnız bir adamın fikri maraqlandırır: “Mən onlara təqdim etdiyimiz sənədə və NATO-nun onlara təqdim etdiyi sənədə Rusiyada müxtəlif adamların çoxsaylı reaksiyası barədə eşitmişəm. Lakin diqqətəlayiq olanı prezident Putinin cavabıdır. Rusiya tərəfi bildirir ki, sənəd artıq onun masasının üstündədir və biz cavab gözləyirik. Mən əminəm ki, bu cavab yaxın gələcəkdə xarici işlər naziri Lavrov və ya bir başqaları vasitəsilə bizə çatdırılacaq. Ən böyük əhəmiyyəti olan budur”.
Blinken deyib ki, cavab məktubunda ABŞ onun və onun müttəfiqlərinin Rusiyanın etdiyi və hazırda davam etdirdiyi hərəkətlərlə bağlı narahatlığını ifadə edib.
ABŞ dövlət katibi deyib ki, bu hərəkətlər bütöv şimali Atlantika regionunun təhlükəsizliyinə hədə yaradır: “Ona görə də hazırda məsələ bundan ibarətdir ki, prezident Putin hansı yolu seçəcək. O kollektiv təhlükəsizliyin möhkəmləndirilməsinə çalışılmasıüçün konstruktiv diplomatiyanın inkişaf etdirilməsi məqsədilə qarşılıqlı anlaşmanımı seçəcək? Yoxsa Rusiyanın Ukraynaya qarşı təcavüzünü davam etdirəcək? Biz hər iki varianta hazırıq”.
Putinin hansı yolu seçə biləcəyinə dair ehtimalları barədə sualın cavabında Blinken deyib: “Mən çox istərdim ki, bunu bilim. Mən təkrar edirəm ki, sizə Kremlin nəyə nail olmaq istədiyinə dair suala yeganə bir adam cavab verə bilər. Bu, prezident Putindir. Düşünmürəm ki, kimsə başqa birisi bunu bilir. Ola bilsin ki, heç Putinin özü də hazırda bunu bilmir. Çünki onun keçmişdə yanaşması belə olub. Bu indi də onun problemə yanaşmasını müəyyənləşdirir: O gələcək hərəkətlər üçün çox sayda variantlar yaradır. Bu, hərəkətlərin bütöv bir palitrasıdır. Siz bu spektrin yalnız bir hissəsini göstərə bilərsiniz”.
Blinken deyib ki, Rusiya hazırda Ukrayna sərhədlərində nəhəng hərbi qüvvə və texnika cəmləşdirib. Dövlət katibinin sözlərinə görə bu, Rusiyaya Ukraynaya şimaldan, cənubdan və şərqdən, hətta qərbdən də hücum etmək imkanı verir.
Blinken bildirib ki, bundan başqa Rusiyanın Ukraynada çevrilişə təhrik etmək üçün aldadıcı hərəkətlər, Moskvanın etdiyinə haqq qazandırmaq üçün təxribatı nəzərdə tutan hibrid hücum metodları da var: “Odurki, bizəslində Rusiyanın nə edəcəyini bilmirik. Biz bilmirik ki, o mənim sadaladıqlarımdan hansınasa əl atacaqmı? Biz yalnız onu edə bilərik ki, tarixən şahidi olduğumuz faktlara əsaslanaq. 2008-ci ildə Rusiya Gürcüstana soxulub. 2014-cü ildə o Krımı qəsb edib və Donbasa girib. Bu təhlükələr bugün də qalır. İndi isə Rusiya Ukrayna ilə sərhəddə çox böyük qüvvə cəmləşdirib. Bu bizim nəzərə almalı olduğumuz faktlardır. Amma artıq qeyd etdiyim kimi, Rusiya hansı yolu seçsə də, istər bizim üstünlük verdiyimiz diplomatik əməkdaşlıq, dialoq olsun, istərsə də yeni təcavüz aktları, biz bütün hallara hazırıq”.
Siyasət şöbəsi