80 minlik rus qoşunu sərhəddə hazır gözləyir
ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələri Rusiyanın Ukrayna sərhədlərində hələ də 80 mindən çox hərbi qulluqçudan və minlərlə döyüş texnikasından ibarət qoşun qruplaşması saxladığını deyiblər. Virtualaz.org xəbər verir ki, bu haqda “The New York Times” yazır. Bundan əvvəl Rusiyanın Ukrayna sərhədlərinə 120 minlik qruplaşma cəmləşdirdiyi məlum idi. ABŞ və Rusiya prezidentləri arasında telefon danışığının ardınca müdafiə naziri Sergey Şoyqu “döyüş yoxlaması üçün” Ukrayna sərhədlərinə yeridilən hərbi qüvvələrin daimi dislokasiya yerlərinə çəkilməsi barədə əmr verib. Bundan sonra qoşunların geri çəkilməsi prosesi həqiqətən başlayıb, lakin qəzetə danışan mənbələr deyiblər ki, Rusiya əslində çox az miqdarda qüvvələri geri çəkib.
“Onlar regionda kifayət qədər ölümcül qüvvələr saxlayıblar və təkcə bəzi qüvvələri geri çəkiblər”,-ABŞ-ın Avropadakı xüsusi əməliyyatlar komandanlığının keçmiş rəhbəri, hazırda NATO-nun Ukrayna üzrə xüsusi əməliyyatlar müşaviri olan general Maykl Repass bildirib.
ABŞ dövlət katibi Entoni Blinken isə ötən gün mayın 6-da Kiyevə səfəri zamanı Ukraynaya qarşı Rusiya hərbi təhdidinin hələ də yüksək səviyyədə olduğunu deyib. O,Vaşinqtonun Rusiyanın “düşüncəsiz və aqessiv” hərəkətlərinə cavab olaraq Ukraynaya təhlükəsizlik sahəsində yardımları artıra biləcəyini vurğulayıb.
“Rusiya bəzi texnikaları geri çəkib, amma əhəmiyyətli ölçülərdə hərbi qüvvə hələ də Ukrayna sərhədlərində qalır. Nəticədə əgər Rusiya istəsə kifayət qədər qısa zaman ərzində aqressiv hərəkətlərə başlaya bilər”,-dövlət katibi bildirib.
O, əmin edib ki, ABŞ situasiyanı diqqətlə izləyir. Blinken Ukraynanın Rusiyanın təcavüzkar addımları qarşısında nümayiş etdirdiyi “təmkinli mövqeni” yüksək qiymətləndirdiyini deyib.