azia.az
azia.az

“Yeni əraziləri işğal edək, sonra masaya oturaq” niyyəti - Azərbaycan buna imkan vermədi

19-11-2021, 09:21

“Yeni əraziləri işğal edək, sonra masaya oturaq” niyyəti - Azərbaycan buna imkan vermədi
Ermənistan uduzmuş tərəf kimi itirdikləri mövqeləri danışıqlar masasına oturmazdan əvvəl bir az düzəltmək üçün sərhəd təxribatına əl atdı, amma “qaş düzəltmək istəyərkən...”

Azərbaycan torpaqlarında acınacaqlı məğlubiyyətdən, darmadağından nəticə çıxarmayan Ermənistan indi də sərhədlərin delimitasiya və demarkasiya prosesində üstün mövqeyə sahiblənmək üçün davamlı təxribatlara əl atır, sərhəd bölgəsində vaxtilə işğal nəticəsində yaratdığı reallıqları qismən də olsa, bərpa etməyə çalışır. Rəsmi İrəvanın bu məqsədlə noyabrın 16-da gerçəkləşdirmək istədiyi növbəti təxribat Azərbaycan Ordusunun sərt tədbirləri nəticəsində iflasa uğradı, düşmən çoxsaylı itkilər verərək geri çəkilmək məcburiyyətində qaldı. Ermənistan uduzmuş tərəf kimi itirdikləri mövqeləri danışıqlar masasına oturmazdan əvvəl bir az düzəltmək üçün sərhəd təxribatına əl atdı, amma “qaş düzəltmək istəyərkən, gözü çıxmaq” aqibəti ilə üzləşdi. Azərbaycan Ordusu bu təxribat planını tam iflasa uğratdı, ərazi itkimiz olmadı, bütün strateji yüksəkliklər və məntəqələr əvvəlki tək nəzarətimizdədir. Azərbaycan bununla həm də regional təhlükəsizliyin öz ordusunun gücü ilə təmin edən ölkə olduğunu göstərdi.

Aydın Mirzəzadə iradlara cavab verdi: “Onlara quru “sağ ol” deyim?”



Deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın təxribatlarının bir neçə səbəbi var. Bir səbəb sərhədlərin demarkasiyası ilə bağlı danışıqlar ərəfəsində Ermənistanın müəyyən yeni mövqelər əldə edərək sonra onu danışıqlar predmetinə çevirmək istəyidir: “İkinci səbəb odur ki, baş nazir Paşinyan Ermənistan cəmiyyətinin radikal hissəsinə özünün güc və onların istəyini yerinə yetirərək revanşist hərəkətlər etmək bacarığına malik olduğunu göstərməyə çalışdı. Ancaq bu da iflasa uğradı. Heç də təsadüfi deyil ki, məhz bu iflasdan dərhal sonra Paşinyan ilk dəfə olaraq Azərbaycanla sülh müqaviləsi bağlamaq istədiyini bildirdi. Düzdür, orada çox qəribə şərtlər irəli sürür, amma məğlub olan tərəfin, eyni zamanda ərazi bütövlüyü məsələsində şərtlər irəli sürməsi çox qəribə görünür. Həmçinin məsələnin ümumi nəticələrinə baxsaq, birmənalı şəkildə görünür ki, Ermənistanın Azərbaycanın 1 santimetr belə, torpağını işğal altında saxlamasının qeyri-mümkünlüyü artıq gün kimi aydındır. 16 noyabr hadisələri də bunu bir daha sübuta yetirmiş oldu. Azərbaycan Ermənistandan bütün sahələrdə güclüdür, əsgərimiz öz torpağını ən yüksək səviyyədə müdafiə edir və bu gücdə olduğunu nümayiş etdirir. Azərbaycan ordusu öz ərazilərinin təhlükəsizliyini qorumaqda qərarlıdır və buna qadir olduğu hamı üçün aydındır”.

Polkovnik Rövşən Məhərrəmov: "Ali Baş Komandanın bir əmri kifayətdir ki..."



Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov isə bildirdi ki, Ermənistanın təxribatlara əl atacağı gözlənilirdi və gözlənilən baş verdi: “Lakin Ermənistanda bu təxribatı təşkil edənlər bu cür təxribatın onlara ağır başa gələcəyini hesablaya bilməyiblər. Onlar bir addım önə keçmək istəyərkən, iki addım geri düşdülər. Rusiya görəndə ki, plan iflasa uğradı və ermənilər mövqelərini qoyub qaçmağa başlayıblar atəşkəsə nail olmaq üçün hərəkətə keçdi. Əgər ermənilərin hücumu uğurlu alınsaydı və irəliləyə bilsəydilər, Rusiya atəşkəs təşəbbüsü qaldırmayacaqdır. Azərbaycan ordusunun istənilən güclü lokal toqquşmalara da hazır olduğu, regionun təhlükəsizliyini təmin etmək gücündə olduğu göründü. Ermənistan və havadarları da bunu yaxşı gördülər və nəticə çıxarmalıdırlar”.

Polkovnik qeyd etdi ki, Ermənistan və onun arxasında dayananlar müharibədən bir il keçdikdən sonra Azərbaycan ordusunun gücünü, sərhədlərimizi necə qoruduğunu sınağa çəkirdi: “Hərbi qüvvələrimiz düşməni qısa müddətdə yerində oturtdu və pərən-pərən saldı və bu sınaqdan məharətlə çıxdı: ”Bir daha göründü ki, ordumuz qarşı tərəfin istənilən təxribatlarının qarşısını almağa və sərhədlərimizin təhlükəsizliyini təmin etməyə qadirdir. Ermənistanın və havadarlarının planını ordumuz alt-üst etdi və nəticədə Paşinyan sərhədlərin delimitasiyası və demarkasiyasına hazır olduğunu bəyan etməli oldu. Paşinyanı buna 16 noyabrda Azərbaycan ordusunun onlara vurduğu cavab zərbəsi məcbur etdi. Ordumuz sübut etdi ki, ərazimizə hər hansı kənar müdaxiləni əzmək və düşməni çökdürmək qüdrətindədir".

Etibar SEYİDAĞA,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi