Kontr-admiral, hərbi ekspert Cihat Yaycı Türkiyədə Azərbaycana qarşı kampaniyalara etiraz edib
Türkiyəli kontr-admiral, hərbi ekspert Cihat Yaycı Türkiyədə Azərbaycana qarşı aparılan kampaniyalara etiraz edib.
"Azia.az" globalinfo.az-a istinadən xəbər verir ki, o, GZT-nin efirində çıxışı zamanı İsraillə münasibətlərinə görə tənqid edilməsini ikili standart kimi qiymətləndirib.
C.Yaycı bildirib ki, əgər Azərbaycanın İsraillə, Prezident İlham Əliyevin isə İsrailin baş naziri Benyamin Netanyahu və bu ölkənin prezidenti ilə münasibətlərinə görə tənqid olunması normal hesab edilirsə, onda ABŞ və Donald Trampa qarşı da eyni mövqedən çıxış edilməlidir.
“İsrailin ən böyük dəstəkçisi kimdir? Amerika Birləşmiş Ştatları. Bəs Netanyahunun ən böyük dəstəkçisi kimdir? Tramp. Niyə Türkiyədə Trampa qarşı belə bir kampaniya başladılmır? Niyə Tramp hədəfə alınmır, amma Əliyev hədəfə alınır?” – deyə o bildirib.
C.Yaycı Türkiyədə hicab məsələsi ətrafında aparılan müzakirələrlə Yunanıstanın Qərbi Frakiyadakı türk icmasına münasibətini də müqayisə edib.
O qeyd edib ki, Qərbi Frakiyada məscidlərin bağlanması, seçilmiş müftilərin və onlara dəstək verən şəxslərin həbs olunması məsələsində Yunanıstana və Baş nazir Kiriakos Mitsotakisə qarşı eyni etiraz nümayiş etdirilmir.
“Bəs niyə Yunanıstanla münasibətləri kəsmək çağırışları səsləndirilmir? Deyirlər ki, o bizim qonşumuzdur. Azərbaycana qardaş deməkdən çəkinənlər, Yunanıstana qonşu deməyi bacarırlar”, – deyə ekspert vurğulayıb.
C.Yaycı Türkiyənin bu periodda Azərbaycanı itirməsinin yanlış siyasət olacağın bildirib.
