Maksim Şevçenko: Ermənistan Zəngəzuru da itirə bilər...
Müharibə başlayacağı təqdirdə Ermənistan Zəngəzuru da itirə bilər. Bunu Trend-ə rusiyalı politoloq, teleaparıcı və ictimai xadim Maksim Şevçenko Ermənistanın Azərbaycanla sərhəddə təxribatçı addımlarını şərh edərkən deyib.
"Bu qarşıdurmalar 2020-ci il müharibəsindən sonrakı siyasi prosesin başa çatmamasının nəticəsidir. Mən əminəm ki, erməni cəmiyyətinin daxilində revanş arzusu, məğlubiyyət acısı və gəlib onları xilas edəcək xarici müttəfiq arzusu var. Nasist Almaniyası məğlub olmağa başlayanda, artıq 1943-cü ildə onların müqəddəratı həll olunmuşdu. Amma yenə də onlar sonadək ümid edirdi ki, Stalinlə Ruzveltin arası dəyəcək, hansısa möcüzə silah peyda olacaq. Təxribatçılara müqavimət göstəmək lazımdır, amma eyni zamanda sülh prosesi yolu ilə addımlamaq, o cümlədən erməni cəmiyyətinə bu yolu getməkdə kömək etmək də lazımdır", - deyə Şevçenko bildirib.
O hesab edir ki, Ermənistan müharibə başlayacağı təqdirdə çox şey itirə bilər.
"Azərbaycan bu iki gündə açıq şəkildə göstərdi ki, erməni tərəfinin "hay-küyü" Ermənistanın Zəngəzuru itirə biləcəyinə də gətirib çıxara bilər. Ermənistan hesab edir ki, Rusiya Azərbaycanın üzərinə gedəcək. Bu, sadəlövh hesabdır. Bu, həm də cinayətkar hesabdır, belə ki, Rusiyanı regiondakı maraqların daxilinə cəlb edir. Rusiya müdaxilə etməyəcək, Ermənistana görə döyüşməyəcək", - politoloq vurğulayıb.