azia.az
azia.az

Ramiz Mehdiyev Nəbatat bağını ələ keçirmək istəyir — Akademik Çovdarovun adamına tapşırıq verdi

9-10-2021, 12:20

Ramiz Mehdiyev Nəbatat bağını ələ keçirmək istəyir — Akademik Çovdarovun adamına tapşırıq verdi
MTN generalı Akif Çovdarovun "Zeytunluq olayı”nı hər kəs xatırlayır. Bu hadisə Azərbaycana böyük zərbə vurdu. Həm foto çəkən jurnalistin döyülməsi faktına görə Avropa institutları Azərbaycan iqtidarına qarşı müxtəlif ittihamlar irəli sürdülər, bu gün belə hücum etmək lazım olanda həmin məsələni yenidən qaldırırlar, Çovdarovun döydüyü jurnalistə təzminat ödənildi, həm də zeytunların kəsilməsi nəticəsində paytaxtın "ağciyərlər"i sıradan çıxdı.

Həmin fotoda Çovdarovun yanında bir nəfər də var idi. Əslində Çovdarovun göstərişi ilə jurnalisti döydürən də Natiq Allahverdiyev adlı həmin şəxs idi. Natiq Allahverdiyev keçmiş MTN generalı Akif Çovdarovla ortaq biznesə malik olub. Paytaxtın "Zeytunluq" adlanan yaşıllıqlarının məhv edilməsi də ortaq biznes bir hissəsi idi və məqsəd həmin ərazidə yüksəkmərtəbəli binaların tikilməsi idi. Yaşıllığın məhv edilməsi planını müzakirə edərkən, elə zeytunluqda Çovdarovla Allahverdiyevin fotosu çəkilmişdi. Həmin foto mediada yayıldıqdan sonra Allahverdiyev Çovdarovun göstərişi ilə jurnalisti döydürdü. Nəticədə qeyd etdiyimiz kimi, Azərbaycan dövləti beynəlxalq arenada çətin vəziyyətə düşdü. Natiq Allahverdiyev 2008-ci ildə cinayət məsuliyyətinə cəlb edilib, lakin bu gün yenə öz fəaliyyətini davam etdirir.

Bu hadisəni niyə xatırlayırıq?

Bakıda ikinci "Zeytunluq olayı” yaşana bilər, hətta buna hazırlıq da gedir. Çünki vaxtilə beynəlxalq ictimaiyyətin gündəminə belə çıxan hadisəni törədənlərdən Natiq Allahverdiyev indi AMEA-nın prezidenti Ramiz Mehdiyev tərəfindən "taclandırılır”.

Əslində məsələyə Ramiz Mehdiyev N.Allahverdiyevi AMEA-da özünün iqtisadi məsələlər üzrə müşaviri təyin etməsi fonunda baxmalıyıq. Mehdiyev Çovdarovun ortağı olan, haqqında cinayət işi açılmış və keçmişi qaranlıq bu şəxsi özünə müşavir təyin etməkdə panı nə idi?

Cavab bəllidir, Mehdiyev AMEA-nın prezidenti kimi Azərbaycan elminin inkişafı istiqamətində çalışmaq əvəzinə, köhnə peşəsindən əl çəkmir, müxtəlif yollarla sərvət toplayır. Allahverdiyev kimi şəxsin onun məhz iqtisadi məsələlər üzrə müşaviri olması da bundan xəbər verir.

Lakin Ramiz Mehdiyev Allahverdiyevin vəzifəsini qaldırmaq qərarına gəlib və bu addımın arxasında ikinci "Zeytunluq olayı”nın baş verə biləcəyi təhlükəsi yatır.

Mehdiyev AMEA-ya gəldikdən sonra Nəbatat bağı ilə Botanika bağını birləşdirdirdi. Bu addım onsuz da bərbad olan elm sahəsində ciddi problemlərə yol açacaq. Digər tərəfdən, bu gün Mərkəzi Nəbatat bağına yolunuz düşərsə, orada maşın dayanacağından tutmuş, infrastrukturun bərbad hala düşməsinə qədər müxtəlif mənzərələrlə qarşılaşa bilərsiniz. Ramiz Mehdiyev bu problemləri aradan qaldırmaq əvəzinə, Nəbatat bağı ilə bağlı biznes planları qurur.

İqtisadi məsələlər üzrə müşavirini, Çovdarovun ortağı olan və paytaxtın yaşıllığını binalar tikmək üçün məhv edən birini – Natiq Allahverdiyevin namizədliyini AMEA-nın Mərkəzi Nəbatat bağının baş direktoru vəzifəsinə irəli sürüb. Necə deyərlər, "quzunu qurda tapşırır”. Zeytunluğu məhv edən bu adam Mərkəzi Nəbatat bağında nə edəcək? N.Allahverdiyevin qaranlıq keçmişi ilə namizəd olduğu vəzifə arasında böyük paradoks var.

Ramiz Mehdiyev Nəbatat bağını ələ keçirmək istəyir — Akademik Çovdarovun adamına tapşırıq verdi
Amma bu ziddiyət Ramiz Mehdiyev üçün o qədər də əhəmiyyətli deyil, çünki məqsəd Nəbatat bağının qorunması, inkişafı etdirilməsi yox, biznes məqsədilə istifadə edilməsidir.

Yoxsa bu sahəyə heç bir aidiyyatı olmayan, ABU-nun beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmiş və zeytunluğu məhv etməsi ilə məşhur olan birindən - Natiq Allahverdiyevdən niyə bioloq düzəltsin?!

Hər şey ortadadır. Ramiz Mehdiyev paytaxtımızın "ağciyəri” hesab olunan Nəbatat bağını ələ keçirmək və orada göydələnlər inşa etdirmək istəyir. Yaşıllığı məhv etsələr, göydələnlər üçün geniş ərazi əldə edə bilərlər.

Natiq Allahverdiyevin Mərkəzi Nəbatat bağının direktor vəzifəsinə namizədliyinin irəli sürülməsinin əsas hədəfi də məhz budur.

Nəbatat bağının məhv edilməsi Bakını ekoloji fəlakətlə üz-üzə qoya bilər.

Nəbatat bağı Azərbaycan florasının genefondunun qorunması baxımından olduqca əhəmiyyətlidir. Bağda dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən Azərbaycan florasından olan 2000-dən artıq ağac, kol, çiçək və ot bitkilərinin kolleksiyası toplanıb. Bununla yanaşı, bağda Qafqaz florasından olan 125 növ nadir və nəsli kəsilməkdə olan və adları "Qırmızı Kitab”a düşmüş bitki kolleksiyası var. Bağda hətta Avropada belə olmayan nadir bitkilər mövcuddur. Hər il bu bağdan respublikanın müxtəlif yerlərində yaşıllıqların salınması məqsədilə ağac kolları, tinglər götürülür. Bu o deməkdir ki, bağın məhv edilməsi təkcə paytaxt Bakının yox, respublikanın digər bölgələrinin də florasına ciddi zərbə vura bilər.

Ramiz Mehdiyev belə bir zərbəni vurmağa hazırlaşır. Natiq Allahverdiyev kimi birinin Mərkəzi Nəbatat bağının direktor vəzifəsinə namizədliyinin irəli sürülməsi əslində təhlükə zənginin çalınmasıdır. Mehdiyev Azərbaycan elmini bərbad vəziyyətə qoyduğu kimi, Bakının "ağciyərlərini” də məhv etməyə hazırlaşır.

Məsələ ilə bağlı AMEA-nın mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərimizə cavab verilməyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi