azia.az
azia.az

"Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" QANUNDA DƏYİŞİKLİK

Bu gün, 10:32

"Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" QANUNDA DƏYİŞİKLİK EDİLİB. 

Bu barədə məhkəmədən məlumat verilib.

Bildirilib ki, əvvəlki plenum qərarından fərqli olaraq yeni qərarla şərəf, ləyaqət, işgüzar nüfuz bir-birindən və şəxsi toxunulmazlıq hüququndan ayrılmaqla yeni anlayışlarla əhatə olunub:

"Ləyaqət fiziki şəxsin doğulduğu andan insan olması səbəbi ilə sahib olduğu mənəvi dəyərdir.

Şərəf fiziki şəxsin mənəvi keyfiyyətlərinə, ictimai və şəxsi davranışında əsas tutduğu mənəvi-əxlaqi prinsiplərinə görə cəmiyyətdə qazandığı dəyərdir.

İşgüzar nüfuz isə fiziki və ya hüquqi şəxsin sahibkarlıq və ya digər sahədə peşəkar fəaliyyətinə görə cəmiyyətdə barəsində formalaşmış rəydir.

İşgüzar nüfuzun subyekt dairəsi genişləndirilmiş, hüquqi şəxslər və fərdi sahibkarlardan başqa, publik şəxslər, vəkillər, notariuslar, auditorlar, qiymətləndiricilər, elm, tədris və sair peşəkar fəaliyyətlə məşğul olan digər şəxslər də bu kateqoriyaya aid edilib.

İşgüzar nüfuz fiziki şəxsin peşəkar fəaliyyətə başladığı, sahibkar statusunu əldə etdiyi və ya hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı andan deyil, yalnız müəyyən dövr ərzində həyata keçirdiyi fəaliyyətlə bağlı etimad qazanmasından sonra yaranır.

Fiziki şəxslər işgüzar nüfuzlarını ləkələyən məlumatların yayılmasına görə həm mənəvi, həm də maddi zərərin kompensasiyasını tələb edə bildikləri halda, hüquqi şəxslər mənəvi zərər tələb edə bilməz. Onların işgüzar nüfuzlarının pozulması yalnız maddi zərərlə nəticələnə bilər.

Şəxsin şərəfi və işgüzar nüfuzu məlumat, ifadə və ya hərəkətlərlə ləkələnə bilər. Şəxsin şərəf və ləyaqətini ləkələyən ifadələr və hərəkətlər şəxsin barəsində təhqiramiz sözlərin işlədilməsi və hərəkətlərin edilməsidir. Şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar həm şifahi, həm də yazılı (mətn, şəkil, karikatura, audio, video və s.) ola bilər.

Şəxsin şərəfinin və işgüzar nüfuzunun ləkələnməsi 3 halın birlikdə mövcudluğu ilə şərtləndirilir: birincisi, məlumat, təhqiramiz ifadə və ya hərəkət şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməli; ikincisi, belə məlumat, ifadə və ya hərəkət yayılmış olmalı; üçüncüsü, ləkələmə məlumatın yayılması ilə bağlıdırsa, həmin məlumat yalan olmalıdır".

İşgüzar nüfuzu ləkələyən məlumatlar həm də üçüncü şəxslərdə şəxsin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəyin yaradılmasına yönəlmiş olmalıdır.

Şərəf və işgüzar nüfuzdan fərqli olaraq, ləyaqətin alçaldılması yayılma olmadan da mümkündür. Yəni, yuxarıda göstərilən məlumat, ifadə və hərəkətlər heç kəsin iştirakı olmadan, təklikdə şəxsin özünə bildirdildikdə də ləyaqətin alçaldılması ilə nəticələnə və bu əsasla mülki iddia irəli sürülə bilər.

Şəxsin barəsində qanuni qüvvəsini almış məhkəmənin ittihamedici hökmü olmadan şəxsin təqsirliliyini bildirən məlumatların yayılması və ya şəxsə bildirilməsi qadağandır və bu hərəkətlər təqsirsizlik prezumpsiyasını pozur. Bu hüququn müdafiəsi və pozulmasından irəli gələn mənəvi zərərin kompensasiyası üzrə tələb hüququ pozuntu anından yaranır və şəxsin barəsində sonradan ittihamedici hökmün çıxarılması və qanuni qüvvəyə minməsi bu hüququn qarşısını almır.

"Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Qanunla isə bu orqanların səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istənilə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi