Şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi barədə yeni qanun-BU HALLAR NECƏ QİYMƏTLƏNDİRİLİR, DİQQƏT
Ali Məhkəmənin Plenumunun "Şəxsiyyət hüquqlarının müdafiəsi" haqqında 24 dekabr 2025-ci il tarixli qərarının qəbul olunması ilə əvvəllər məhkəmə mübahisələrinin tənzimlənməsində geniş tətbiq olunan "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" 1999-cu il 14 may tarixli plenum qərarı qüvvədən düşüb.
Bu barədə "Report"a məhkəmədən məlumat verilib.
Bildirilib ki, əvvəlki plenum qərarından fərqli olaraq yeni qərarla şərəf, ləyaqət, işgüzar nüfuz bir-birindən və şəxsi toxunulmazlıq hüququndan ayrılmaqla yeni anlayışlarla əhatə olunub:
"Ləyaqət fiziki şəxsin doğulduğu andan insan olması səbəbi ilə sahib olduğu mənəvi dəyərdir.
Şərəf fiziki şəxsin mənəvi keyfiyyətlərinə, ictimai və şəxsi davranışında əsas tutduğu mənəvi-əxlaqi prinsiplərinə görə cəmiyyətdə qazandığı dəyərdir.
İşgüzar nüfuz isə fiziki və ya hüquqi şəxsin sahibkarlıq və ya digər sahədə peşəkar fəaliyyətinə görə cəmiyyətdə barəsində formalaşmış rəydir.
İşgüzar nüfuzun subyekt dairəsi genişləndirilmiş, hüquqi şəxslər və fərdi sahibkarlardan başqa, publik şəxslər, vəkillər, notariuslar, auditorlar, qiymətləndiricilər, elm, tədris və sair peşəkar fəaliyyətlə məşğul olan digər şəxslər də bu kateqoriyaya aid edilib.
İşgüzar nüfuz fiziki şəxsin peşəkar fəaliyyətə başladığı, sahibkar statusunu əldə etdiyi və ya hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı andan deyil, yalnız müəyyən dövr ərzində həyata keçirdiyi fəaliyyətlə bağlı etimad qazanmasından sonra yaranır.
Fiziki şəxslər işgüzar nüfuzlarını ləkələyən məlumatların yayılmasına görə həm mənəvi, həm də maddi zərərin kompensasiyasını tələb edə bildikləri halda, hüquqi şəxslər mənəvi zərər tələb edə bilməz. Onların işgüzar nüfuzlarının pozulması yalnız maddi zərərlə nəticələnə bilər.
Şəxsin şərəfi və işgüzar nüfuzu məlumat, ifadə və ya hərəkətlərlə ləkələnə bilər. Şəxsin şərəf və ləyaqətini ləkələyən ifadələr və hərəkətlər şəxsin barəsində təhqiramiz sözlərin işlədilməsi və hərəkətlərin edilməsidir. Şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar həm şifahi, həm də yazılı (mətn, şəkil, karikatura, audio, video və s.) ola bilər.
Şəxsin şərəfinin və işgüzar nüfuzunun ləkələnməsi 3 halın birlikdə mövcudluğu ilə şərtləndirilir: birincisi, məlumat, təhqiramiz ifadə və ya hərəkət şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməli; ikincisi, belə məlumat, ifadə və ya hərəkət yayılmış olmalı; üçüncüsü, ləkələmə məlumatın yayılması ilə bağlıdırsa, həmin məlumat yalan olmalıdır".
İşgüzar nüfuzu ləkələyən məlumatlar həm də üçüncü şəxslərdə şəxsin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəyin yaradılmasına yönəlmiş olmalıdır.
Şərəf və işgüzar nüfuzdan fərqli olaraq, ləyaqətin alçaldılması yayılma olmadan da mümkündür. Yəni, yuxarıda göstərilən məlumat, ifadə və hərəkətlər heç kəsin iştirakı olmadan, təklikdə şəxsin özünə bildirdildikdə də ləyaqətin alçaldılması ilə nəticələnə və bu əsasla mülki iddia irəli sürülə bilər.
Şəxsin barəsində qanuni qüvvəsini almış məhkəmənin ittihamedici hökmü olmadan şəxsin təqsirliliyini bildirən məlumatların yayılması və ya şəxsə bildirilməsi qadağandır və bu hərəkətlər təqsirsizlik prezumpsiyasını pozur. Bu hüququn müdafiəsi və pozulmasından irəli gələn mənəvi zərərin kompensasiyası üzrə tələb hüququ pozuntu anından yaranır və şəxsin barəsində sonradan ittihamedici hökmün çıxarılması və qanuni qüvvəyə minməsi bu hüququn qarşısını almır.
Bir şəxsin qarşı tərəfin ünvanına etdiyi tənqid, bildirdiyi qiymətləndirici fikir və mülahizə xarakterli məlumatlar pozuntu hesab edilmir. Bu zaman məlumat müəllifin subyektiv qiymətləndirməsini özündə əks etdirməlidir və hansısa faktı təsvir etməməlidir. (məsələn, bir şəxsin əyləncə mərkəzlərinin birində aldığı qidanın satış qiymətinin ona görə baha olduğunu bildirməsi tənqid və mülahizə hesab edilməklə işgüzar nüfuzu alçaltmır. Lakin şəxsin əyləncə mərkəzində əslində ucuz satış qiyməti olan qidaların turistlərə dəfələrlə baha qiymətə satıldığını, vergini isə ucuz satış qiymətinindən ödədiyini, bununla da vergidən yayındığı barədə həqiqətə uyğun olmayan faktları bildirməsi işgüzar nüfuzu alçaldan məlumat hesab edilir). O da qeyd edilməlidir ki, məlumatda faktlar təsvir edilməsə belə, şərəf və ləyaqəti alçaldan tərzdə, yəni istehzalı, təhqiredici formada ifadə edilərsə, qəsdən, pis niyyətlə (şəxsin cəmiyyətdə və ya kollektivdə nüfuzdan salınması və s.) və ya qarşı tərəfə zərər yetirmək məqsədi ilə işlədilərsə şərəf, ləyaqət, işgüzar nüfuzun ləkələnməsinə səbəb ola bilər.
Bundan başqa, hər kəsin özünün pozulmuş hüquqlarının bərpası məqsədilə digər şəxsin qanunsuz, o cümlədən cinayət əməlləri barədə ittiham xarakterli şikayət və ya digər məzmunlu müraciətləri səlahiyyətli aidiyyəti orqana ünvanlamaq hüququ var. Belə müraciətlər də şərəf və ləyaqəti alçaltmır və işgüzar nüfuzu ləkələmir. Lakin belə müraciətlərin məzmunu aşkar surətdə şəxsin şərəf və ləyaqətini alçaldan tərzdə, yəni təhqiredici formada ifadə edilməməlidir və müraciətlər onların ünvanlandığı orqanın səlahiyyətlərinə aid olan məsələlərin dairəsindən kənara çıxmamalıdır. Məsələn, şəxs öz hüquqlarının müdafiəsi məqsədilə qonşusunun barəsində hüquq mühafizə orqanlarına şikayət edərək, onun qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi və bu əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmiş, bununla yanaşı, müraciətinə onun nikahdan kənar münasibətləri barədə yalan məlumatlar da daxil etmişdir. Müraciətin birinci hissəsi ilə bağlı şəxsin məsuliyyəti istisna olunsa da, ikinci hissəsi qarşı tərəfin şərəf və ləyaqətinə hüquqazidd müdaxilə hesab olunacaq.
Plenum qərarında ilə ilk dəfə olaraq publik şəxslər digər fiziki şəxslərdən fərqləndirilmişdir. Publik şəxslərin fəaliyyəti ilə bağlı tənqidi və bəzən çox sərt, istehzalı və ilk baxışdan şərəf, ləyaqət və işgüzar nüfuza toxuna biləcək fikirlərə qarşı daha çox dözümlülük nümayiş etdirməli olması bəyan edilmiş, bununla yanaşı onların tərəf olduğu mübahisələr üzrə işlərə baxılarkən diqqətə alınmalı məqamlara aydınlıq gətirilib.
Yuxarı qurumlara və ya aidiyyəti orqanlara publik şəxslərdən edilmiş şikayət xarakterli müraciətlər, habelə media subyektlərində və ya sosial şəbəkələrdə yayılmış tənqidi fikirlər (fəaliyyətləri ilə bağlı tənqidi və bəzən çox sərt, istehzalı və ilk baxışdan şərəf, ləyaqət və işgüzar nüfuza toxuna biləcək formada görünməsi mümkündür) də mülki hüquq pozuntusu hesab edilmir. Lakin belə müraciət və fikirlər də aşkar surətdə şərəf və ləyaqəti alçaldan tərzdə, yəni təhqiredici formada ifadə edilməməli, aşkar surətdə şərəf və ləyaqəti alçaldan məlumatlar və ya təhqiredici ifadələr, habelə, şəxsin publik səlahiyyətləri ilə bağlı olmayan yalan, ittihamedici məlumat və ifadələr olmamalıdır.
Əvvəlki plenum qərarından fərqli olaraq, yeni qərarda yayılma halına yeni anlayış verilmiş və ilk dəfə olaraq yayılma zamanı media subyektlərinin roluna, onların məsuliyyətinə də aydınlıq gətirilib.
Yayılma məlumatların və ya ifadələrin üçüncü şəxsə, yaxud qeyri-müəyyən şəxslər dairəsinə onların eşidə və qavraya biləcəkləri şəkildə bəyan edilməsi, habelə hərəkətlərin həmin şəxslərin görə və qavraya biləcəyi şəkildə edilməsidir.