"Media haqqında" QANUNDA NƏLƏR DƏYİŞDİ?-MƏSULİYYƏT....
Plenum qərarında yayılmanın audio-video yazı və yaxud canlı yayım vasitəsi ilə baş verməsindən asılı olaraq media subyektlərinin məsuliyyəti də fərqləndirilmişdir: yayılma audio-videoyazı yolu ilə edilmişsə, birmənalı olaraq media subyekti məsuliyyət daşıyır.
"Media haqqında" Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinə əsasən yayılma canlı efirdə baş verdikdə media subyektinin məsuliyyəti istisna edilir. Bu normada canlı efir dedikdə əvvəlcədən planlaşdırılmayan və proqnozlaşdırılmayan, yalnız bir canlı yayımda efirə getmiş çıxış başa düşülməlidir.
Əgər çıxışlar mütəmadi canlı şəkildə efirə gedən proqramlar və silsilə şəklində davam edən müxtəlif buraxılışlarında yayımlanırsa, artıq bu norma tətbiq olunmayacaq və bu halda media orqanı məsuliyyət daşıyacaq. Proqramın məzmunu şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə riski daşıdığı zaman media subyekti yalnız o halda məsuliyyət daşımayacaq ki, canlı efirə çıxacaq şəxsləri səsləndirəcəkləri ifadə və məlumatlara, habelə yol verəcəkləri hərəkətlərə görə müvafiq qaydada məsuliyyət daşımaları barədə əvvəlcədən anlaşılan formada xəbərdar etsin.
Şərəf və ləyaqəti, işgüzar nüfuzu alçalan şəxs pozuntunun təsbit edilməsi, pozuntunun qarşısının alınması (məlumatın yayılmasının qarşısının alınması, qadağan edilməsi), pozuntunun aradan qaldırılması (yayılmış məlumatların təkzib edilməsi, silinməsi, onlara düzəliş edilməsi və ya cavabın verilməsi, üzr istənilməsi, hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi və s.) və digər üsulların tətbiq edilməsi məqsədilə məhkəmədə iddia qaldıra bilər.
Təkzib ən azı iki nəfərin yanında yayılmış şəxsin şəxsiyyət hüquqlarını pozan məlumatların həqiqətə uyğun olmadığı barədə bəyanatdır. Təkzibin mətni və verilmə üsulu iddia tələbinin məzmunundan asılı olmayaraq, məhkəmə tərəfindən müəyyənləşdiriləcək.
Məlumatın silinməsi və düzəlişi isə yalnız rəqəmsal platformalarda mümkündür, bu səbəbdən də bu üsulun çap mediasında dərc olunmuş məlumatlara tətbiq edilməyəcək.
Hər bir şəxsin onun barəsində yayılmış həqiqətə uyğun olmayan məlumatlara cavab vermək, yəni, özünün münasibətini ifadə etmək hüququ vardır və bu imkan yaradılmadığı halda şəxsin tələbi əsasında müdafiə üsulu kimi tətbiq edilə bilər.
Fiziki şəxslərin məcburi üzr istəməsi şərəf və ləyaqətin müdafiəsi üsulu kimi uzun müddət mübahisə mövzusu olmuş, həm hüquq ictimaiyyəti, həm də məhkəmələr arasında bu məsələ ilə fikir ayrılığı mövcud olmuşdur. Belə ki, bir qism hüquqşünaslar üzr istənilmənin bəzi hallarda ən effektiv müdafiə üsulu olduğunu əsas gətirsələr də, əks fikir daşıyıcıları fiziki şəxsin üzr istəməyə məcbur edilməsinin özünü elə həmin şəxsə münasibətdə şərəf və ləyaqəti alçaldan davranış hesab edib.
Yeni qəbul edilmiş plenum qərarı ilə üzr istəmə ilə bağlı vahid mövqe sərgilənmiş və yekun olaraq qeyd edilib ki, Konstitusiyanın 24 və 46-cı maddələrində şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunması bəyan edilərək, şəxsin insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qalması qadağan edilib. Bu səbəbdən də üzr istənilmənin qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki və hüquqi şəxslərə münasibətdə tətbiqi yolverilməzdir.
Xüsusi olaraq qeyd edilməlidir ki, fiziki şəxs edilmiş hər hansı əmələ görə (mülki, inzibati, inzibati xəta, cinayət və digər) öz iradəsinə zidd şəkildə heç bir fiziki, hüquqi şəxs və ya dövlət orqanı tərəfindən üzr istənilməyə məcbur edilə bilməz. Belə məcburetmə insan ləyaqətini alçaldan rəftar hesab olunmaqla, şəxsə mənəvi zərərin vurulmasına səbəb ola bilər. Bu əsasla iddia irəli sürülərsə, məcburetmənin mövcudluğunun müəyyən edilməsi zamanı şəxsin üzr ifadə edərkən bunu könüllü etməsinə dair bildirdikləri kifayət olmayacaq, üzrün icra edilməsi yeri, şəraiti, həmin vaxt şəxsin emosional-psixoloji vəziyyəti, habelə işin digər halları nəzərə alınacaq.
Digər tərəfdən, üzr istəmənin könüllü və ya məcburi olmasından asılı olmayaraq, üçüncü şəxslər və ya orqanlar tərəfindən media subyektlərində, sosial şəbəkələrdə və ya digər vasitələrlə yayımlanması hüquqazidd olmaqla, kütləvilik baxımından həmin şəxsə daha böyük həcmdə mənəvi zərərin vurulması ilə nəticələnə bilər.
Qanunla nəzərdə tutulmuş istisna halları isə "Media haqqında" və "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" qanunlar təşkil edir.
Belə ki, "Media haqqında" Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş hallarda media subyektlərinin üzərinə üzr istəmək vəzifəsi qoyula bilər. Bu zaman nəzərə alınmalıdır ki, bu halda iddiaya cavab verməli olan şəxs kimi audiovizual (televiziya, radio yayımı və s.), çap (qəzet, jurnal və s.), onlayn (veb-sayt və s.) media redaksiyaları deyil, media subyektinin özü çıxış edir. Belə iddialar üzrə məhkəmə tərəfindən üzr istəmək vəzifəsi media subyekti olan fiziki və ya hüquqi şəxsin üzərinə qoyulsa da, üzr subyektin özünün deyil, həmin məlumatın yayıldığı müvafiq media redaksiyasının adından verilməlidir.