“Ermənistanın gələcəyi Türkiyə ilə mehriban qonşuluq münasibətlərindən asılıdır” - Asatryan
“Şəxsən mən Ermənistan-Türkiyə münasibətlərinin qurulacağına inanıram. Baxmayaraq ki, keçən il baş verən hadisələr bizi bu imkanlardan uzaqlaşdırdı”.
Azia.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Caliber.az saytına müsahibəsində Ermənistan Mərkəzi Bankının keçmiş sədri Baqrat Asatryan deyib:
“Ermənistanın gələcəyi mehriban qonşuluq münasibətlərinin qurulmasından keçir. Biz buna məhkumuq. Ümid edirik ki, ölkə rəsmiləri və siyasi elita bunu nəinki başa düşəcək, həm də bu istiqamətdə fəal addımlar atacaq. Təbii ki, çox məsələ bölgənin ən təsiredici gücə malik olan ölkəsi Türkiyədən asılıdır”.
Baqrat Asatryan bildirib ki, Azərbaycanla münasibətlərin yaxşılaşdırılması məsələnin açarıdır: “Bunun ardınca Ermənistan üçün iqtisadi fayda da ola bilər. Şəxsən mən Türkiyənin dinamik inkişaf edən iqtisadiyyatının bütün bölgənin inkişafına əhəmiyyətli təsir göstərəcəyinə inanıram”.
Azərbaycanla münasibətlərə gəlincə isə Asatryan deyib ki, qonşuluq münasibətlərini ləğv etmək mümkün deyil: “Mehriban qonşuluğu bərpa etmək üçün inamsızlıq sindromu aradan qaldırılmalıdır. Bunun üçün də, müxtəlif səviyyələrdə birbaşa danışıqlar aparılmalı, diplomatik əlaqələr qurulmalıdır”.