azia.az
azia.az

Bu şəxslər vaxtından əvvəl azad ediləcək

Bu gün, 13:47

Ali Məhkəmənin Plenumu məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz olunması, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsinə dair məhkəmə təcrübəsini əhatə edən qərar qəbul edib.

Lakin bu qərar bəzi suallar doğurub.


Maraqlıdır, şərti olaraq vaxtından əvvəl azad edilmə zamanı məhkəmələr hansı meyarları nəzərə ala bilərlər? Cəzanın daha yüngül cəza növü ilə əvəz olunması hansı hallarda mümkündür? Bir sözlə, yeni qayda kimlərə şamil oluna bilər?

Mövzu ilə bağlı hüquqşünas Turan Abdullazadə Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, bu qərar Cinayət Məcəlləsinin 76-78-ci maddələrinin bütün ölkə üzrə eyni cür tətbiq olunmasını təmin edən izahdır, yəni qərar müəyyən bir qrupa deyil, qanunun formal şərtlərinə cavab verən bütün məhkumlara aiddir:

Qərar qəbul edildi: Bu şəxslər vaxtından əvvəl azad ediləcək

“Dəyişən qanun deyil, məhkəmələrin bu ərizələrə baxış zamanı yanaşmasıdır. Bu mövzuda əvvəllər də qərar var idi. Konstitusiya Məhkəməsi Ali Məhkəmə Plenumunun eyni adlı 2010-cu il 8 oktyabr tarixli Qərarına istinad edir. Yeni qərar böyük ehtimalla 2017-ci il humanistləşdirmə islahatından və son illərin təcrübəsindən sonra həmin qərarı yeniləyir. Şərti olaraq vaxtından əvvəl azad etmə (CM, m. 76) isə bəzi meyarlarla yoxlanılır. Məhkəmə iki qrup şərti yoxlayır.a)Formal şərt: cəzanın müəyyən hissəsi faktiki çəkilməlidir. Məsələn, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə, ən azı yarısı. Digəri isə ağır cinayətə görədir. Təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsi. Növbəti isə, xüsusilə ağır cinayətə, residivə görə və ya əvvəlki şərti azadlığı ləğv edilmiş şəxslər üçündür”.
Hüquqşünas ömürlük məhkumlar üçün xüsusi qaydanın olduğunu açıqlayıb:
“Onların cəza çəkdiyi dövrün son beş ili ərzində cəzaçəkmə qaydalarına əməl etməsi nəzərə alınır. Yəni maddi şərt. İslah olunma qənaətidir. Bu, əsas meyardır. Müddətin çatması avtomatik azadlıq demək deyil. Plenumun əvvəlki qərarında da göstərilib ki, şərti vaxtından əvvəl azad etmə, cəzanın yüngül cəza ilə əvəzi və müəssisə növünün dəyişdirilməsi imperativ norma deyil. Məhkəmə məhkumun bütün cəza müddəti boyunca davranışını (təkcə son aylar deyil), intizam tənbehləri və həvəsləndirmələri, əməyə və təhsilə münasibətini, zərərçəkmişə vurulmuş ziyanın ödənilməsi üçün göstərdiyi səyi, yeni cinayət törətmə riskini qiymətləndirir.
Konstitusiya Məhkəməsinin 18 iyun 2025-ci il qərarında vacib bir tələb var ki, məhkəmələr təqdim edilən materiallarla və cəzaçəkmə müəssisəsinin mülahizəsi ilə kifayətlənməməli, məhkumun davranışını düzgün qiymətləndirmək və riski müəyyənləşdirmək üçün bütün prosessual imkanlardan istifadə etməlidirlər. Yəni xasiyyətnamə əsasında formal qərar vermək olmaz. Bu, yəqin ki, yeni Plenum qərarının da əsas istiqamətlərindən biri olacaq. Şərti azad edilən şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Ona vəzifələr qoyula bilər, o cümlədən elektron nəzarət vasitəsi gəzdirmək. Cəzanın qalan hissəsində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törədərsə, məhkəmə şərti azad etməni ləğv edir və 67-ci maddə üzrə cəza təyin edir”.

T.Abdullazadə cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəzinin də mümkün olduğunu vurğulayıb:

“Bu institutun dairəsi şərti azad etmədən daha dardır. Belə ki, yalnız böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası çəkən şəxslərə tətbiq olunur. Ağır və xüsusilə ağır cinayətlərə görə məhkumlar 77-ci maddədən istifadə edə bilməz. Onlar üçün yeganə yol 76-cı maddədir. Bu əvəzetmə cəza müddətinin ən azı üçdə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər. Əvəzetmə zamanı məhkəmə 42-ci maddədə nəzərdə tutulmuş istənilən daha yüngül cəza növünü, hər növ üçün müəyyən edilmiş həddə seçə bilər. Bura cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması daxildir. Yetkinlik yaşına çatmayanlar üçün daha güzəştli qayda var: cəza müddətinin ən azı dörddə biri çəkildikdən sonra əvəz mümkündür (m. 90-1). Burada da meyar məhkumun cəzaçəkmə dövründəki davranışıdır, və bu da məhkəmənin hüququdur, borcu deyil. Konstitusiya Məhkəməsi müəssisə növünün dəyişdirilməsini şərti azad etmə və cəzanın yüngül cəza ilə əvəzi kimi məhkumların islah olunmasını təşviq edən həvəsləndirici tədbir adlandırıb. Ömürlük məhkumlar istisna olmaqla, davranışa və əməyə münasibətə görə məhkum bir müəssisə növündən digərinə keçirilə bilər. Cəzanı çəkməyə mane olan ağır xəstəliyə düçar olmuş məhkum cəzadan azad edilə bilər. Məhkəmə həmçinin onkoloji xəstəliyin terminal mərhələsində olan şəxslər istisna olmaqla, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər. Terminal mərhələdə olan xəstələr üçün isə yanaşma birbaşa azad etməyə yönəlib. Bu institutun meyarı davranış deyil, tibbi rəydir. Ona görə 77-ci maddədəki cinayət kateqoriyası məhdudiyyəti burada yoxdur.

Plenum qərarı yeni hüquq yaratmır, qanunun eyni cür tətbiqini təmin edir. Ona görə də qanunda nəzərdə tutulmuş müddəti çəkmiş və islah olunduğunu davranışı ilə göstərmiş hər bir məhkuma şamil olunur. Qərarın əsas məqsədi məhkəmə təcrübəsində formal yanaşmanın qarşısını almaq və fərqli məhkəmələrin eyni vəziyyətdə fərqli qərar verməsinə son qoymaqdır. Bir daha qeyd edirəm ki, qərarın tam mətninin hələ dərc olunmayıb. Mətn supremecourt.gov.az saytında dərc edildikdən sonra konkret bəndlərə istinad etmək olar. Hazırda qeyd olunan fikirlər mənim peşəkar vəkil kimi subyektiv mülahizələrimdir”.

Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi